Ötən il Bakıda nümayiş olunan sərgi Gəncə Müasir İncəsənət Muzeyində təqdim ediləcək
Fevralın 20-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə məşhur Nikolya Şokolad Muzeyinin eksponatlarından ibarət sərginin açılışı olacaq.
Gəncə Müasir İncəsənət Muzeyində təşkil ediləcək sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək əl işi - şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş etdiriləcək. Sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır.
Qeyd edək ki, dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirilən sərgini bu günədək izləyənlərin ümumi sayı 500 min nəfəri keçib. Sərgi 2015-ci ilin may-iyun aylarında Bakıda Muzey Mərkəzində təqdim olunub.
Kütləsi 65 kiloqram olan “Qız qalası”, 512 hissədən ibarət, hündürlüyü 210 santimetr, çəkisi 45 kiloqram olan “Eyfel qülləsi” heykəlləri sərginin əsas eksponatları sırasındadır. Ekspozisiyada həmçinin məxsusi olaraq Gəncə şəhərinə həsr olunmuş əsərlər - Nizami Gəncəvinin portreti və Gəncə şəhərinin gerbi təqdim ediləcək.
Nikolay Popov sərgi çərçivəsində şokoladdan incəsənət əsərləri yaratmağı öyrənmək istəyənlər üçün ustad dərsləri də keçəcək. Sərgi martın 26-dək davam edəcək.