Bilirsiniz, həyatla teatrın oxşar cəhəti nədir? Yəqin ki, Şekspirin sözü ilə cavab verəcəksiniz ki, həyat bir teatrdır, insanlar da aktyor. Olsun! Bilmirəm, Şekspir bu kəlamı söyləyəndə səhnədə çıxış edən aktyorları hər tamaşaçının fərqli görüb qiymətləndirdiyi barədə nəsə düşünübmü, başqa nəyisə nəzərdə tutubmu?.. Amma hər birimiz hər kəsi, o cümlədən öz sevimli yazıçımızı, bəstəkarımızı, müğənnimizi öz baxışları ilə, öz düşüncəsi ilə duyur və sevir. Kiminsə, eynilə mənim kimi bəxti gətirir ki, sevdiyi sənətkar barədə ürəyindən keçənləri paylaşsın, öz düşündüklərini yazsın. Xalq yazıçısı, professor, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev barədə demək istədiklərim var. Üstəlik, yaşanan gün də bu fürsəti verir...
* * *
Onu əvvəlcə yazıçı kimi tanıdım. Dəqiq yadımda deyil, əvvəlcə «Ulduz» jurnalında «Toyuğun diri qalması» povestini oxudum, yoxsa üz qabığında axşam səmasının tünd fonunda qadın və kişi siluetinin şəkli olan «Birinci görüşün tarixçəsi» kitabını. Amma o dəqiq yadımdadır ki, uşaq ağlımla çox mətləbini düzgün anlamadığım bu əsərlər yaddaşımda güclü iz buraxmışdı. Niyəsini sonradan anlayacaqdım. Anlayacaqdım ki, mənə maraqlı gələn, məni maqnit kimi özünə çəkən bu əsərlər o dövrdə gen-bol təbliğ edilən cansıxıcı «sovet gənci» obrazının qəlibinə sığmadığı üçün maraqlıdır. Ona da diqqət yetirəcəkdim ki, bu yazıçının ayrı-ayrı əsərlərindəki insanlar bir-birini tanıyırlar, bu hekayədəki baş qəhrəman o biri povestdə bir-iki dəfə baş qəhrəmana rast gəlir, hansısa epizodda adı çəkilir... İnsan taleyinin bu ardıcıllıqla izlənməsi bir oxucu kimi mənə xoş gəlir, həmin qəhrəmanları mənə doğmalaşdırırdı.
* * *
Onu yazıçılıqdan sonra ssenarist kimi tanıdım. Xronologiyaya nəzər salsaq, əslində ssenarist kimi tanımaq elə yazıçı ilə tanışlıq zamanına təsadüf edib. «Baladadaşın ilk məhəbbəti», «Arxadan vurulan zərbə», «Gümüşü furqon», «Bağ mövsümü» və digər filmlərə azmı baxmışıq? Sadəcə, adi tamaşaçı film titrlərində aktyorların adına daha çox diqqət yetirib yadda saxlayar, nəinki rejissor ilə ssenaristin kimliyi ilə maraqlanar. Bu filmlərdə də insana fərqli yanaşma, adi həyatda biganə qaldığımız, saymadığımız, hətta daxili aləminin olduğuna şübhə ilə yanaşdığımız insanların içindəki təlatümlərin təzahürü, qeyri-standart əməlləri diqqətimi çəkdi.
* * *
Onu ssenaristlikdən sonra tənqidçi-tədqiqatçı kimi tanıdım. Mirzə Fətəli Axundzadənin 160 illik yubileyinə həsr olunmuş yığıncaq televiziya ilə translyasiya olunurdu. O zaman respublika səviyyəsində qeyd olunan belə təntənəli tədbirlərdə həmişə partiya funksionerləri məruzə edərdi deyə, bənd olub dinləməzdim: bilirdim ki, özü yazmayıb. Amma artıq yazıçı, ssenarist kimi kifayət qədər tanınmış bir şəxsin məruzəyə başladığını görüncə, diqqət kəsildim. Çünki əmindim ki, bu məruzəni o özü yazıb. Həmin məruzə yaddaşıma necə həkk oldusa, illər sonra məruzəçi ilə söhbətləşmək şərəfinə nail olarkən həmin məruzədəki cümlələri ona xatırlatdım. Sonradan biləcəkdim ki, «Azərbaycan bədii nəsri ədəbi tənqiddə» mövzusunda namizədlik, «Ədəbiyyatda tarix və müasirlik problemi» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
* * *
Onu tənqidçi-tədqiqatçılıqdan sonra dramaturq kimi tanıdım. Dövrün nəbzini tutan maraqlı komediyaları, yenə də insan qəlbinin dilə gətirilməyən istəklərini açıb göstərən dramları bir tamaşaçı kimi sinirlərimi qıcıqlandırdı, onun qəhrəmanlarına həyatda rast gələrkən bir qədər fərqli yanaşmağı öyrətdi. Əslində onu dramaturgiyaya teatr rejissorları gətirdi. Əvvəlcə, «Mahmud və Məryəm», sonra «Ağ dəvə» və «Ölüm hökmü» romanlarını səhnələşdirdilər, romanlardakı dramatizmi səhnəyə çıxardılar. Sonra da özü pyeslər yazdı. Bəlkə də əvvəldən yazmışdı, sadəcə, üzə çıxarmamışdı. Sənət adamlarının da öz qəribəlikləri var axı... Hə, əvvəlcə «Ah, Paris, Paris», sonra «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir», «Salam, mən sizin dayınızam», «Poçt şöbəsində xəyal», «Qatil», “Teleskop”, “Şekspir” pyesləri tamaşaya qoyuldu. Özü də bir teatrda yox, bir neçəsində. Müəllif kimi pyes yazmağa bir qədər ara verəndə isə teatr rejissorları yenə «dinc durmadılar»: «Buzovna kəndinin əhvalatları», «Baladadaşın toy hamamı» əsərləri səhnə həllini tapdı.
* * *
Onu yüksək vəzifəli dövlət xadimi kimi də tanıyırıq. Bu dəfə niyə tək halda yox, cəm halda yazıram? Ona görə ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevi hər kəs eyni cür tanıyır. Məncə, əslində belə də olmalıdır: hər kəs yazıçını, dramaturqu onun yaradıcılığındakı hansısa fikrinə, üsyankarlığına, qəlibləri sındırıb dağıtdığına, yeni bir cığır açdığına görə sevməlidir. Amma məmurun gördüyü işin, vəzifəsini necə yerinə yetirməyin yalnız iki qütbü var: yaxşı, ya da pis. Əgər yazıçı-dramaturq-tənqidçi Elçinə yaradıcılığından dolayı münasibət fərqlidirsə, məmur Elçin Əfəndiyevin vəzifəsini necə icra etdiyinə görə münasibət yaxşı mənada birmənalıdır.
* * *
Bir dəfə televiziya ilə görkəmli ədibimiz İlyas Əfəndiyev haqqında veriliş gedirdi. Elçin müəllim çıxışında yazıçı xisləti ilə bağlı maraqlı bir xatirə danışdı. Dedi ki, atamın çox zəngin kitabxanası var idi. Hərdən dünya klassiklərinin cild-cild düzülmüş kitablarına baxıb deyərdi ki, eh, bunlardan sonra yazmağa dəyərmi? Düzü, nə İlyas Əfəndiyevin öz sualına nə cavab verdiyi yadımda qalıb, nə də Elçinin atasının bu sualına necə münasibət bildirməsi. Əgər bu sualı diqqətli, duyğusal oxucuya versəydilər, yəqin cavab belə olardı: Dəyər, əziz yazıçım, dəyər. Əgər deməyə sözün, bildirməyə münasibətin varsa, yazmağa dəyər.
* * *
Bu gün Xalq yazıçısı Elçinin 73 yaşı tamam olur. Əminəm ki, bu gün onu şəxsən, ya da mətbuat vasitəsilə təbrik etmək istəyən çox, bu fürsət isə az. Bu təbriki yazmaq da mənə nəsib oldu. Görkəmli ədibimizə ən xoş diləklərlə

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar