Rusiya qəzetində ölkəmizin turizm imkanları haqqında geniş məqalə dərc olunub

Rusiyanın “Komsomolskaya pravda” qəzetinin 12 may 2016-cı il tarixli sayında “Azərbaycan üzrə beş ən maraqlı turizm marşrutu” başlıqlı məqalə dərc edilib. Müəllif Yuliya Lovitskaya məqalədə ölkəmizin ekskursiya, çimərlik, mətbəx, tarixi-mədəni və sağlamlıq turizmi imkanları haqqında ətraflı məlumat verib.

Müəllif təəssüf hissi ilə rusiyalı turistlərin qonşu ölkə olan Azərbaycanda istirahət imkanları barədə az bilgiyə malik olduqlarını qeyd edir. “Bu gün Misir və Türkiyənin bizim turistlər üçün bağlı, Avropada isə qiymətlərin hədsiz baha olduğu bir zamanda istirahət üçün Azərbaycana daha yaxından bələd olmağın əsl vaxtıdır”, - deyə o, həmvətənlərinə müraciətlə yazır. Rusiyalı turistlər üçün Azərbaycanda vizanın və dil maneəsinin olmadığını vurğulayan jurnalist yazıda ölkəmizə əsl səfər bələdçisi kimi Bakıya və bölgələrə səyahətindən söz açır.
Məqalənin ilk bölümü Bakı üzrə ekskursiyadan bəhs edir. Müəllif yazır ki, Bakı ilə ilk tanışlıq təmtəraqlı Heydər Əliyev Hava Limanından başlayır, buradan məşhur “London taksiləri”ndə şəhərə yolçuluq başlayır, qiymət münasib, xidmət isə yüksək səviyyədədir. Hava limanından başlanan gözəl təəssürat müəllifi yolboyu müşayiət edir. O, Bakıda adi yanacaqdoldurma stansiyasının belə zövqlə inşa olunduğunu diqqətə çatdırır. Şəhərin qədim və yeni binalarının kontrastlığı, xiyabanların çoxluğunu, gül-çiçəkli bağların gözəlliyini vurğulayır.
Sonra müəllif şəhərin görməli yerlərindən söz açır, paytaxtın yeni simvollarından olan Heydər Əliyev Mərkəzindən, yeni Xalça Muzeyindən, İçərişəhər, “Brilyant əl” filminin çəkildiyi məkan və buradakı restoranlardan, suvenir dükanlarından bəhs edir.
Məqalədə Rusiyadan Bakıya uçuş imkanları, hər gün bir neçə aviaşirkətin reyslər həyata keçirdiyini qeyd edir. Azərbaycana səyahət üçün Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada fəaliyyət göstərən “Tour A Vent” şirkətinə müraciət edilməsinin məqsədəuyğunluğu xüsusi vurğulanır.
Yazıda turistlərə təqdim edilən ikinci marşrut Azərbaycanın tarixi məkanları ilə bağlıdır. Tanışlığın bu hissəsində müəllif Suraxanıdakı “Atəşgah məbədi”, Qobustan, böyük rus şairi Puşkinin vəsf etdiyi Şamaxı gözəlinin vətəni - qədim şəhər haqqında danışır. Şamaxının erkən orta əsrlərdə Şirvanşahlar dövlətini paytaxtı olduğu, sonra paytaxtın Bakıya köçürülməsinin tarixindən bəhs edir. Müəllif rusiyalı turistlərə Azərbaycana səfər zamanı Şəkini də ziyarət etməyi məsləhət görür, burada yerləşən Xan sarayı, Kiş xristian məbədi haqqında məlumat verilir.
Ölkəmizin mətbəxi, milli xörəklərimizlə tanışlıqdan ləzzət dolusu söz açan jurnalist Azərbaycan üzrə üçüncü ən maraqlı turizm marşrutunun qastronomiya turizmi olduğunu deyir. O, Azərbaycanı şirniyyatsevərlərin cənnəti adlandırır, dillər əzbəri olan paxlavanın dadını və keyfiyyətini əladan da əla kimi dəyərləndirir. Turistlər üçün motal pendiri və narşərabın nə qədər ekzotik və ləzzətli olduğunu deyir, eləcə də buradan qayıdarkən bal və qozdan hazırlanmış şirniyyat növünün dostlar üçün ən yaxşı hədiyyə olduğunu qeyd edir. Kabablar, qutab növləri, lavaş, plovlar, təndir çörəyinin ətri - bütün bunlar Azərbaycana gələn turisti pəhriz nə olduğunu unutmağa vadar edəcək.
Dördüncü marşrut çimərlik turizmini - Xəzər sahili boyunca istirahət imkanlarını əhatə edir. Müəllif Azərbaycanın çimərlik turizmi haqqında məlumat verir, Bakıdan şimala doğru Xəzərin sahilində müasir istirahət komplekslərinin olduğu diqqətə çatdırılır.
Məşhur Naftalan neftinin müalicəvi xüsusiyyətləri, burada yüksək səviyyəli xidmət, diqqətcil həkim personalı - rusiyalı jurnalist yazının bu bölümündə sağlamlıq turizmi marşrutu həvəskarlarına ətraflı məlumat verir. Bakıdan Naftalana gediş qiymətləri barədə məlumat verir, həmçinin birbaşa Moskva-Gəncə aviareysi ilə uçmağı da məsləhət görür.
Müəllif paytaxt Bakıda və bölgələrdəki hotellərin qiymətləri, 4-5 ulduzlu hotellərlə bərabər nisbətən ucuz hostellərdə və regionlarda fərdi evlərdə qalmaq imkanlarından da danışır.
Məqalənin sonunda bir qrup rusiyalı jurnalistin Azərbaycana ezamiyyəti çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü haqqında məlumat yer alır.
Yuliya Lovitskaya nazirin sözlərini sitat gətirir: “Biz ölkənin iqtisadi artımında turizmi əsas amillərdən birinə çevirmək fikrindəyik. Bu sahənin inkişafı üçün bütün şərait və imkanlar var. Turizm və Menecment Universiteti də fəaliyyət göstərir. Burada tələbələr iki diplom - Azərbaycan və Avstriya dövlətinin diplomunu almaq imkanına malikdirlər. Ölkəmizə gələn qonaqların təhlükəsizliyinə, rahatlığına zəmanət veririk və keyfiyyətli xidmət təklif edirik. Azərbaycan multikultural ölkədir. Siz burada ekzotika ilə yanaşı, həm də millətlərin müxtəlifliyini görə bilərsiniz. Küçədə Avropa geyimli biri ilə yanaşı hicabda gəzən xanımı, milli mətbəxlə yanaşı Amerika fast-fodunu görmək mümkündür. Və bunların heç biri digərinə mane olmur. Nəticədə isə bu cür rahat seçim imkanı turistlər üçün komfort və sərbəstlik yaradır”.
Nazir rusiyalı jurnalistlərlə söhbətində son dövrdə bu ölkədən gələn turistlərin üstünlük təşkil etdiyini vurğulayır və ümidvar olduğunu bildirir ki, bu yay rəqəmlər daha da yüksək olacaq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar