Azərbaycanlı tələbələr TRT-də təcrübə keçiblər

Türkiyə Radio və Televiziyası (TRT) artıq neçə illərdir ki, dünyanın müxtəlif ölkələrindən gələn tələbələr üçün təcrübə kursları təşkil edir. Gürcüstan İctimaiyyətlə Əlaqələr Universiteti jurnalistika və media idarəçiliyi fakültəsinin magistraturasında təhsil alan azərbaycanlı Aynur Nəbili və Əjdər Hüseynov bu yaxınlarda belə bir təcrübədən yararlanıblar.

Gənclər “Təcrübə üçün niyə məhz TRT-ni seçdiniz” sualına cavabında burada həm məsafə baxımdan yaxınlıq, həm də peşəkarlıq faktorunun əsas rol oynadığını bildirdilər.
“Bu barədə fikirləşəndə baxdıq ki, TRT-nin həm radiosunda, həm televiziyasında təcrübə keçmək imkanımız var. Qərara gəldik ki, təkcə jurnalistika baxımından deyil, həm də media idarəçiliyi baxımından müəyyən təcrübi bilgilər öyrənmək üçün TRT bizim üçün ən doğru seçim ola bilər. Türkiyədə buna yay təcrübəsi deyilir. Hətta gələndə qrup yoldaşlarımız deyirdilər ki, “15 günə nə öyrənə bilərsiniz ki?” Amma buraya gəldikdən sonra özünün öyrənmək istəyinlə bərabər, həm də ətrafdakıların səni öyrətmə istəyini görürsən”.
Söhbət əsnasında o da bəlli oldu ki, TRT-də təcrübə gənclər üçün həm öyrənmə, həm də insanlarla ünsiyyət qurmaq baxımından faydalı olub: “Jurnalistika təkcə xəbər deyil, həm də insanlarla bir ünsiyyət peşəsidir. TRT-də 41 dildə sayt, 37 dildə radio fəaliyyət göstərir. Elə bunun özü də ayrı bir təcrübə oldu. Xəbər mərkəzinə daxil olursan. Çox böyük bir məkandır. 41 dilin hər birinin öz masası (bölümü) var. Müxtəlif dilləri danışan adamların bir yerə toplanması, onlar arasında ünsiyyət çox fərqli bir təcrübə idi bizim üçün. Bizə maraqlı idi ki, TRT-nin özünün xüsusi yayım sistemi var ki, e-radio adlanır. Bu sistemin öyrənilməsindən xəbərlərin hazırlanması, tərcüməsi, internet səhifəyə yerləşdirilməsi, canlı yayımlar - bütün bunlarla günün necə başladığı, necə bitdiyini bilmədik. Bunları 15 günə sığdıra bildik. Əsas odur ki, öyrənmə və öyrətmə istəyi olsun”.
TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan şöbəsində əldə etdikləri bilgilərdən də söz açan Aynur Nəbili təəssüratını belə ifadə edir: “Burada Azərbaycandan, eləcə də cənubdan - Təbriz, Xoy şəhərlərindən, İqdırdan olan soydaşlarımız çalışır. Bizə təcrübə keçməkdə əsas yardımı da onlar etdi. Azərbaycan və Türkiyə türkcəsi kifayət qədər yaxın dillərdir. Amma heç başa düşmədiyimiz sözlər də olurdu ki, bu zaman peşəkarlara müraciət edir, kömək istəyirdik. Buna görə burada çalışan hər kəsə təşəkkürümüzü bildiririk”.
Bu günə qədər bir neçə başqa yerdə təcrübə keçsələr də, TRT-də daha fərqli münasibətlə qarşılaşdıqlarını dilə gətirən azərbaycanlı tələbələr bunu yüksək dəyərləndirirlər: “Burada stajerə - təcrübəçiyə yanaşma daha yaxşı səviyyədədir. Bəzən təcrübəyə getdiyiniz yerlərdə insanlar buna o qədər də fikir vermir. Amma TRT-də hər kəs bizə nəsə öyrətməkdə maraqlı idi. Azərbaycan masasında olanlardan texniki işçilərdən veriliş aparıcılarına qədər hər kəs bizimlə öz təcrübəsini bölüşürdü. Bu, insanı daha da həvəsləndirir, öyrənməyə marağını artırır”.
Gənclər Türkiyədə ilk dəfə olduqlarını və özlərini Azərbaycandan fərqli bir yerdə hiss etmədiklərini xüsusi vurğulayırlar.
Aynur: “Siz marketə, bazara gedəndə Azərbaycanda da, Türkiyədə də gördüyünüz insanlar eynidir sanki. İstiqanlıdırlar. Buna görə deyə bilmərəm, özümü fərqli bir yerdə hiss edirdim”.
Əjdər isə düşünür ki, bu, hər şeydən öncə qardaş xalqlar olmağımızla bağlıdır: “Biz Gürcüstanda təhsil alırıq. Gürcüstan da Azərbaycana qonşudur, amma orada bir neçə il də qalsan, həmişə hiss edirsən ki, qonaqsan. Amma Türkiyədə belə deyil. Bu ab-havanı, münasibəti TRT-də olduğumuz qısa müddətdə yaşadıq”.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar