Dekabrın 8-də Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Budapeştin mərkəzindəki Duna Palota konsert zalında ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş simfonik konsert keçirilib. 
   
   Konsertdə Duna Simfonik Orkestri ilə birgə tanınmış pianoçu və bəstəkar, Azərbaycanın Əməkdar artisti, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova çıxış edib.
   Tədbirdən əvvəl Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən danışıb, böyük öndərin eyni zamanda mədəniyyətin böyük dostu, yüksək musiqi duyumu və zövqü olan böyük şəxsiyyət olduğunu vurğulayıb.
   Konsertin birinci hissəsində Duna Simfonik Orkestrinin ifasında Azərbaycanın dünya şöhrətli bəstəkarları Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra və Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, habelə macar bəstəkarı Ferens Listin “Prelüdləri” səslənib. Konsertin ikinci hissəsində Y.Axundova Duna Simfonik Orkestrinin müşayiəti ilə rus bəstəkarı S.Raxmaninovun fortepiano və simfonik orkestr üçün “Paqanini mövzusunda rapsodiya”sını ifa edib. İfa macar tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb və uzun müddət alqışlanıb.
   Konsertdə diplomatlar, Azərbaycan diasporunun üzvləri, Macarıstanın elm və musiqi ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.