Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin sərəncamına əsasən təsdiq edilmiş "20 Yanvar faciəsinin on doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na uyğun olaraq respublikanın bütün şəhər, rayon, qəsəbə və kəndlərində, idarə və  müəssisələrində mərasimlər keçiriləcək, paytaxtda yerləşən bütün nazirlik, komitə, şirkət, idarə və təşkilatların nümayəndələri 20 Yanvar günü Şəhidlər Xiyabanına gələrək qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 20 Yanvar faciəsinin 19-cu ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da anım mərasimləri keçirəcək, şəhidlərin xatirəsini yad edəcək, bir sıra aksiyalar vasitəsilə bu faciə haqqında yaşadıqları cəmiyyəti, digər xalqların diaspor təşkilatlarını məlumatlandıracaqlar.
Hər il olduğu kimi, bu il də Rusiya Federasiyasının bir sıra şəhərlərində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılacaq. Moskvada Azərbaycanın  Rusiyadakı səfirliyi Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə anım tədbiri keçirəcək. Konqresin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-Ude, Surqut, Ryazan və digər regional təşkilatları 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş müxtəlif tədbirlər təşkil edəcəklər. Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin təşkil edəcəyi dəyirmi masa ilə yanaşı, S.Vurğun adına kitabxanada Qanlı Yanvardan bəhs edən sənədli film nümayiş etdiriləcək. Bundan başqa, konqresin bu ölkənin Xarkov, Donetsk, Lvov və Dnepropetrovsk bölgələrindəki regional qurumları da anım mərasimləri keçirəcəklər.

Minskdə isə Belarus Azərbaycan İcmaları Konqresi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə tədbir keçirərək yad edəcək. Minskdə anım mərasiminə toplaşanlara da faciədən bəhs edən sənədli film göstəriləcək, bu qanlı tarix bir daha videogörüntülərdə izlənəcək.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Ankara və İstanbulda anım tədbiri keçirəcək. Tədbirə bu ölkədə yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycan əsilli ziyalılar, eləcə də ictimai-siyasi xadimlər qatılacaqlar. Türkiyənin Manisa şəhərində də 20 Yanvar faciəsi qurbanları yad ediləcək. İzmirdə isə Qanlı Yanvara həsr edilmiş konfrans təşkil olunacaq.
Misirin paytaxtı Qahirə şəhərində, "Vətən" Tələbə Cəmiyyətinin 20 Yanvar faciəsinin ildönümü münasibətilə keçirdiyi tədbirdə bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr, Qahirə Universitetində dərs deyən həmyerlilərimiz, digər ölkələri təmsil edən tələbə və müəllimlər, eləcə də Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları iştirak edəcəklər. Qahirə Universitetinin konfrans zalında keçiriləcək mərasimdə qonaqlara 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakı şəhərində dinc sakinlərə qarşı törətdiyi qətliam haqqında, həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə məlumat veriləcək.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkil edəcəyi 20 Yanvar faciəsinin anım mərasimində bu qanlı tarixlə bağlı sənədli film nümayiş etdiriləcək, qonaqlara müxtəlif dillərdə çap olunmuş kitab və broşürlər paylanacaq. Tailand Krallığında fəaliyyət göstərən Tailand Texniki Universitetinin rektoru Səid İrandostunun yaratdığı Azərbaycan Mədəniyyət Evi 20 Yanvar faciəsi ilə bağlı Bankonq şəhərində yerləşən Assumtion Universitetində konfrans keçirəcək. Assumtion və Tailand Texniki Universitetində təhsil alan türk, azərbaycanlı tələbələrin, həmçinin müəllim heyətinin iştirak edəcəyi tədbirdə 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat veriləcək və fotoşəkillər sərgilənəcək.

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində fəaliyyət göstərən Pakistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə Azərbaycanın Pakistandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimində həmin günün tarixi və mahiyyəti ilə bağlı qonaqlara məlumat veriləcək, eyni zamanda Azərbaycanın tarixi və mədəniyyəti haqqında ətraflı bilgilər səsləndiriləcək.

Avstraliyanın Sidney şəhərindəki Azərbaycanlılar Cəmiyyəti isə "Azərbaycanın Səsi" radiosu ilə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət haqqında məlumat verdikdən sonra dinləyicilərin bu faciə haqqındakı fikirlərini bölüşməsi üçün açıq efir saatı (talkbask) keçirəcək. Bundan başqa, Sidneydə faciə qurbanlarının xatirəsini anmaq məqsədilə Türk Evində mitinq-söhbət təşkil olunacaq, Sovet ordusunun törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillər və videogörüntülər göstəriləcək.

Yeni Zelandiyada "Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirəcək.
Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetində 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı təşkil olunacaq mərasimə universitetin tələbə və müəllim heyəti ilə yanaşı, dövlət rəsmiləri də dəvət olunub. Bu tədbiri Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən İqtisadi-Mədəni Əməkdaşlıq Mərkəzi keçirəcək.

Gürcüstanın Marneuli şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin bu respublikadakı səfirliyi ilə birlikdə 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa keçirəcək. Tiflisdə isə Gürcüstan Azərbaycanlıları Konqresi səfirliklə birgə ümummilli lider Heydər Əliyevin bu şəhərdəki heykəlini ziyarət edəcək, daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktiki konfrans olacaq. Özbəkistandakı "Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası", Qazaxıstanın Astana şəhərində fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzləri İttifaqı bu ölkədəki "Xəzər" İctimai Birliyi 20 Yanvar faciəsi şəhidlərini anma mərasimləri keçirəcəklər. Qazaxıstanın Aktau şəhərində isə Qazaxıstan Xalqları Assambleyası binasında "Dostluq" Azərbaycan Mədəniyyət Mərkəzi ilə "Turan" Konqresi birgə 20 Yanvar faciəsi ilə bağlı konfrans təşkil edəcək. Özbəkistandakı diaspor təşkilatımız- "Azəri" İctimai Birliyi və "Türk Dünyasının siyasətinə Dəstək" İctimai Fondu Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə Qırğızıstan Xalqları Assambleyası binasında 20 Yanvar faciəsi qurbanlarını yad edəcəklər. 20 Yanvar faciəsinin 19-cu ildönümünü Avropa ölkələrində yaşayan soydaşlarımız da diqqətdə saxlayacaqlar.

Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil edəcəyi silsilə tədbirlərdə Andres Raid televiziyasının, 20 Yanvar faciəsinin canlı şahidləri olmuş jurnalistlərin, müxtəlif icma üzvlərinin, dövlət və şəhər rəhbərliyinin, qeyri-hökumət təşkilatlarının və fotojurnalist Yuri Vendelin iştirakı ilə ilk öncə Tallində azadlıq uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş abidəyə gül dəstəsi qoyulacaq, sonra anım mərasimi keçiriləcək. Mərasimdə 20 Yanvar faciəsinə həsr olunmuş film, həmçinin eston jurnalistlərinin çəkdiyi foto və videogörüntülər nümayiş etdiriləcək. Litva Azərbaycanlıları Cəmiyyəti də 20 Yanvar hadisəsinə aid faktları və reallıqları bir daha bu ölkənin ictimaiyyətinin nəzərinə çatdıracaq.

Litvadakı "Ocaq" Mədəniyyət Mərkəzi isə "Qara Yanvar-Bakı və Riqa: unutmayacağıq!" adlı anım mərasimi keçirəcək. Mərasimə Riqa hadisələrinin şahidləri də dəvət olunublar. Tədbirdə Riqa Gənclər, İdman və Təhsil Departamentinin direktor müavini İvars Balamovskis və keçmiş Bakı sakini, Riqa hadisələrinin iştirakçısı Mixail Rostov da iştirak edəcək. Budapeştdə fəaliyyət göstərən "Macar-Azərbaycan Dostluq Cəmiyyəti", Rumıniyadakı Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası, Kişineuda Moldova Azərbaycanlıları Konqresi, Praqada "Azər-Çex" Cəmiyyəti ölkəmizin bu ölkədəki səfirlikləri ilə birgə Qanlı Yanvar qurbanlarını yad edəcəklər. İsveçdə fəaliyyət göstərən bir neçə Azərbaycan diaspor təşkilatı birlikdə Stokholm və Höteborq şəhərlərində, Böyük Britaniyadakı Azərbaycan Evi Londonda, Benilüks Azərbaycanlıları konqresi (BAK) və "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi Amsterdamda, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti Helsinkidə, Danimarkadakı Vətən Cəmiyyəti isə Kopenhagendə bu faciənin 19-cu ildönümünü müxtəlif anım tədbirləri ilə qeyd edəcəklər. Strasburqdakı Azərbaycan Evində də 20 Yanvar qətliamı anılacaq. Diasporumuzun Parisdəki Azərbaycan Evində təşkil etdiyi tədbirdə isə faciə ilə bağlı həqiqətlərin əks olunduğu bülletenlər paylanacaq.

Berlində Almaniyadakı Azərbaycanlıları Koordinasiya Mərkəzi və Alman-Azərbaycan Cəmiyyəti birlikdə 20 Yanvara həsr olunmuş anım tədbiri keçirəcək. Mayntsda isə Maynts Azərbaycan Cəmiyyətinin anım mərasimi keçirməsilə yanaşı, qurumun rəhbəri Başar Kömürün Almaniyadakı türk televiziyalarının birində 20 Yanvar faciəsi ilə bağlı çıxışı nəzərdə tutulub. Almaniyanın Köln şəhərində Vahid Azərbaycan Cəmiyyəti, Hamburqda və Drezdendə Alman-Azərbaycan Cəmiyyəti də bu qanlı hadisənin tarixi barədə keçirəcəkləri tədbirlərin iştirakçılarına məlumat verəcəklər. 
Kanada Azərbaycan Təşkilatları Assambleyası Toronto və Monreal şəhərlərində anım mərasimləri keçirəcək.
Hyustondakı Hyuston Azərbaycanlıları Cəmiyyəti də 20 Yanvar faciəsini yad edəcək.

MEHPARƏ