Rəsulun “Qarabağ qədər uzaq” gündəliyindən «konspekt»
   
   Rəsulgil buraya hələ körpəykən məlum səbəbdən - məcburən köçmüşdülər. Vətən onun dumanlı xatirəsində bozumtul-yaşıl xına daşları rəngindəydi. Babasının və atasının dediyinə görə ilk zaman aylarla yatmayıb bacılarına, anasına, ona, keşik çəkirmişlər; hələ sahmana salınmamış çadırın yan-yörəsi ilan-çayanla dolu imiş. Buranın nə havasına, nə də suyuna alışa bilirlər.
   Rəsul hər gün geriyə - yurd-yuvalarına qayıdacağı barədə yaxınlarının ümid və həyəcan dolu söhbətlərini dinləyirdi. Tez-tez xırdaca gül-çiçəklə örtüklənmiş dağlardan, suyuna şəklin düşən bulaqlardan danışırdılar. Amma zaman keçdikcə, ayrılığın sərhədi böyüdükcə Rəsulun ümidləri kiçilirdi. Hiss edirdi ki, daha böyüklərin simasında əvvəlki nikbinlik, ümid-inam qalmayıb.
   Bir gün babası yatağından qalxmadı. Onun dərd yükündən əyilən qəddi, yurd vüsalına tamarzı vücudu kəfənə büküldü, geri dönmək arzusuyla birgə qəbiristanlığa apardılar...
   Bir gün bacısını səssiz-küysüz ər evinə yola saldılar - cehizlərinin ən matahı isə hələ qatı açılmamış bir təzə çadır idi.
   Ədəbiyyat onun ən sevimli fənniydi, baxmayaraq ki, məktəb binası məktəbdən başqa hara desən oxşayırdı, amma bu səbəb Rəsulun oxumaq istəyinə əsla əngəl törətmirdi. Daha çox şeir kitablarını mütaliə edirdi. Bir gün o, Nazim Hikmətin bir şeiri ilə rastlaşdı - şeir onun balaca ürəyinin yenicə qaysaqlamış yarasını təzələdi. Hara getdisə, bu misralar beynində ailəsiylə birgə keçirdiyi acı günlərin sızıltı bəstəsi tək səsləndi:
   
   Məmləkətim, məmləkətim, məmləkətim...
   Nə səndə tikilən papağım qaldı,
   Nə yollarını ölçmüş ayaqqabım.
   
   Bu həqiqət Rəsulun alın yazısı, qismət payı idi. Uzanmış qol-qanadına yad gələn nimdaş geyimləri bu gün-sabah atılıb yenisi ilə əvəz olunacaqdı. O yerləri andırıb xatırladan nə varsa, tədricən sıradan çıxacaqdı. Təkcə xatirələrə sığınıb yaşamaq olacaqdımı? Çoxları aranın istisinə dözməyib xəstəliyə tutulsa da, bu isti Rəsulun buza dönmüş qəlbini hərarətləndirə bilmirdi. O, ətrafındakı uşaqlara təəccüblə, bəzənsə həsədlə baxırdı- axı niyə onlar kimi olmağı bacarmırdı, deyib-gülüb oynamırdı?
   Bir gün onun həyatında çox kədərli bir hadisə də baş verdi. Qonşu çadırda yaşayan tay-tuşları - iki qardaş İlkinlə Sərxan çadır-şəhərciyin ətrafındakı göldə boğuldular. Tanıyan-tanımayan hər kəs bu faciəyə göz yaşı tökürdü.
   Ölümün səbəbi çox adi, nəticəsi çox sarsıdıcı idi. Taleyinə şoran torpağın sarı çadırları yazılan zavallı adamlar yerə də, göyə də nifrin yağdırırdılar. Həyatın qayğısız uşaqlar üçün hazırladığı rəngarəng, dadlı sürprizlər çadır şəhərciyində boy atan körpələr çün çox əlçatmaz idi. Onlar ən adi, ən ucuz uşaq oyuncaqlarına belə həsrət idilər. Elə qardaşların marağını çəkən də bulanıq suyun hardansa ağzına alıb buralara qədər gətirdiyi narıncı rəngli oyuncaq - «Kamaz» maşını olmuşdu. Bir-birindən yapışıb suda üzən oyuncağa tərəf dartınan zaman bu olay baş vermişdi. Həm də elə ani sürətdə olmuşdu ki, yaxınlıqda qoyun-quzu otaran İmran əmi də onları bu qəfil bəlanın əlindən ala bilməmişdi. Faciənin üstündən bir xeyli keçməsinə baxmayaraq, Rəsul hələ də qızdırmalı kimi gəzirdi. Valideynləri müəllimləri, onun xəstəhal görünüşündən narahat idilər. Rəsul bu vaxtacan bir neçə dəfə atası ilə birlikdə Bakıya - yaxın qohumlarına qonaq getmişdi. Şəhər uşaqlarının necə asudə, sanki müharibədən, cəbhələrdən xəbərsiz yaşamasının şahidi olmuşdu. Onlar istədikləri şəkildə əylənir, yoxluğun nə olduğunu heç ağıllarına belə gətirmirdilər. O, indi fikrində eyni zaman-məkan çərçivəsində yaşayan həmin uşaqların bəxtiyarlığı ilə körpə qardaşların faciəsini müqayisə edirdi. Bu səbəbin çözümünü tapa bilmirdi. Anlaşılmaz, cavabsız suallar ona əzab verirdi.
    Bir gün müəlliməsindən aldığı xəbər onu yaman silkələndi. Şəhərciyə gələn xarici təşkilat nümayəndələri uşaqlar arasında rəsm müsabiqəsi keçirəcəkdilər. Müəllimə şagirdinin necə əl qabiliyyəti olduğundan xəbərsiz deyildi. Dəfələrlə dərs zamanı Rəsulun fikrinin uzaqlarda olduğunu duymuş, səssizcə ona yaxınlaşmış, dəftərin arxasında adi qələmlə çəkilmiş irili-xırdalı rəsmlər görmüşdü. Bu şəkillər bu uşağın qeyri-adi istedadından xəbər verirdi. Rəsulun ürəyi tablolara sığmayacaq qədər doluydu. O nələr çəkməmişdi - qəlbindəki rənglərin bəzən pozulmuş, bəzənsə nizamla həmahəngləşən palitrasından. Bu az yaşında şahidi olduğu, yaşadığı rəngsiz hadisələrin istər xəyali, istərsə də ağ kağızlara köçürdüyü təsviri , indiyə qədər dünya incəsənətinin alqışladığı ən orijinal mövzuların həllindən geri qalırdı. Xarici nümayəndələrin ciddiliyi, obyektivliyi, səmimiliyi və bir də... əcnəbi olmaları Rəsulu bir az da təəccübləndirdi və o, işə daha həvəslə girişdi. Elə birinci yeri qazanan da onun əl işi oldu. Bu rəsm əsəri münsiflər heyətində təəssüf dolu heyrət yaratdı: bu balaca oğlan günəşi qara rəngli sulu boya ilə təsvir etmişdi...  

 Samirə SƏMA