Azərbaycan dilində deyirlər ki, rəssam çəkdi, rus dilində deyilir ki, “xudojnik napisal”, yəni rəssam yazdı. Mən isə düşünürəm ki, rəssamlarımız Xocalı dərdini çəkərək bu faciəni rənglərlə yazmışlar...
   
   Baharın gözəl bir çağında - gül-çiçəyin bir-birinə nəğmə oxuyan vaxtında Qarabağda göyçək bir qız uşağı göz açdı dünyaya. Ailənin sevinci, fərəhi olan bu qızın adını Gülyaz qoydular. Gülyaz böyüdükcə şirin dili, səmimiyyəti, işgüzarlığı ilə hamının istəklisinə çevrilir, şən gülüşləri, ürəyəyatımlı nəğmələri ilə sanki təbiətə meydan oxuyurdu. Ev işləri görəndə də, bulaqdan su gətirəndə, qonşuya isti fəsəli payı aparanda da nəğmə oxuyardı. Elə qonşu oğlan da onun gülər üzünə, ağappaq bənizinə, yaraşıqlı səsinə olan qumral gözlərinə, xurmayı saçlarına vurulmuşdu. Gülyazın toyu da elə baharda oldu. O, bəxtəvər idi - ailəsi, övladları. Nəğmələr əskik olmayan dilində laylaların da payı artmışdı: beşinci oğul böyüdürdü axı!
   Bu xoşbəxtliyin üstünü qara buludlar aldı. Daha nəğmələr əvəzinə mərmi səsləri eşidilirdi. Soyuq fevral gecəsi topların zərbindən yer-göy lərzəyə gəldi. Sütun-sütun alov dilləri ərşə qalxdı. Əlisilahlı həyat yoldaşı tələsik evə gəlib onları evdən çıxartdı. Oğlanlarından birini ağsaqqal qayınata, ikisini həyat yoldaşı özləri ilə apardılar. Gülyaz sonbeşiyini belinə bağladı və ulu babası İbrahim Xəlil Xan Cavanşirin adını verdikləri oğlunun əlindən tutub yola düzəldi. Həyat yoldaşı onu tələsdirsə də, Gülyaz evindən-elindən ayrıla bilmirdi . O, ayaq saxlayıb geriyə baxır, baxırdı: orada onun əzizlərinin qəbri, doğma ev-eşiyi qalırdı. Evindən yalnız balasını - gələcəyini götürmüşdü. “Bu necə müharibədir? Axı müharibənin də, düşmənçiliyin də bir qaydası var” - deyə özünə yüz dəfə sual vermişdi. Müdhiş gecənin soyuğu, Xocalını alt-üst edən mərmilərin səsi onu fikirlərdən ayırdı. Pərən-pərən düşmüş həmyerlilərinə qoşulub həyat yoldaşının arxasınca getdi. Nə ağır, nə çətin gediş idi bu gediş. Ayaqlar sustalır, gözlər qaralır. Ətraf od tutub yanır, insanların fəryadı yeri-göyü lərzəyə gətirir... Bəs qarşıda onu nə gözləyir? Arxa-düşmən, qənşər-düşmən... Qışın ilik donduran soyuğu da sanki onların qəsdinə durmuşdu... Gülyaz dəstədən geri qalmışdı. Ətrafda atılan mərmilər, avtomat şaqqıltıları, irəlilədikcə rastlaşdığı qanlı cəsədlər... Birdən Gülyazın qulağına zarıltı səsi gəldi. Səs gələn tərəfə yaxınlaşadıqca milli ordumuzun əsgərinin qırıq-qırıq sözlərini eşidirdi: “Bacı, üzümü qibləyə çevir... Bax, görürsən, son ana qədər silahımı yerə qoymamışam... Sizin qarşınızda üzüm qara deyil... Amma heyif ki, sizi axıra qədər müdafiə edə bilmədik... Əsgər sanki bu sözləri kiməsə deyib ürəyini boşaltmaq istəyirmiş kimi, gözlərini yumdu. Gülyaz dəhşət içində ona baxır, nə edəcəyini bilmirdi. Axı bu vurhavurda, meşənin içində qiblənin istiqamətini haradan biləydi? Elə bir az qabağa getmişdi ki, qoca qayınatası və yanındaca balasının qanlı cəsədləri ilə rastlaşdı. Lakin özünü itirmədi, ona sığınmış balalarını xilas etmək naminə yoluna davam etdi...
   Xocalıda o səhər qan içində açıldı. Gülyaz istiqaməti də itirmişdi. Cavanşir onu səsləyib geri çağırdı. Gülyaz axı ona tapşırmışdı ki, səsin çıxmasın, ürəyində narahatçılıqla geri dönəndə həyat yoldaşını və iki balasını da qan içində gördü. Gülyaz onların cəsədiləri qarşısında diz çökdü. Heç ağlaya da bilmədi. Avtomat lüləsinin kürəyinə dirəndiyini hiss etdi. “Pulları, qızılları ver!”. Bu, erməni əsgərinin əmri idi. Gülyaz başını qaldırıb heç ona tərəf baxmadı da. Əlini qoynuna salıb gəlinlik qızıllarını çıxartdı və ərinin qanlı cəsədi üzərinə qoydu. Erməni bar-bar bağırdı: ”Niyə belə elədin?” Qadın zorla özünü toplayıb erməninin üzünə baxmadan ”Bunları mənə o gətirmişdi. Mən də ona qaytardım. Onsuz da sizin hər işiniz qanladır. Di get, götür” - dedi.
   Erməni onu təpiklə vurub yerə yıxdı. Qadın qucağındakı körpəsini bərk-bərk sinəsinə sıxdı. Bu zaman Gülyazın qulağına tanış səs gəldi: ”Ara, ona dəymə, o mənlikdir”. Gülyaz ilk dəfə başını qaldırıb baxdı: bu ki onların qonşusu Ararat idi: həmişə yazıq görkəmli, sonsuz Ararat. İndi isə çiynində avtomat, təkəbbürlü, qəzəbli görünürdü. Ararat Gülyaza yaxınlaşanda oğlu Cavanşir yüyürüb anasının qarşısında dayandı. Ararat Cavanşiri zərblə kənara itələdi, amma Cavanşir yenə də ayağa qalxıb anasının yanına gəldi. Bu dəfə Ararat onun yaxasından tutub az qala boğmaq istədi, hirsli-hirsli: “Ədə, türkün küçüyü, əl-ayağıma dolaşma. İndi sənin də axırına çıxaram. Anan ilaşırı bir oğlan doğurdu ki, əsgərimizdir.” Sonra da üzünü Gülyaza tutub “Sənin əsgərini...” - söyüş söydü. Cavanşir onun əlində dartınıb “Səni görməyə gözüm yoxdur” -deyə çığırdı. Ararat hirs-hikkə ilə kəmərindəki bıçağı çıxarıb “Gözün yoxdur ki?! İndi doğrudan olmaz!“ - deyib bıçağı Cavanşirin gözlərinə soxdu. Cavanşir “Ana!” - deyib yerə yıxıldı. Gülyazı elə bil məngənəyə salmışdılar: qan içində hərəkətsiz balasına baxa-baxa qalmışdı. Ararat ötkəm baxışla Gülyaza yaxınlaşıb qanlı əlini bu dəfə qucağındakı körpəsinə uzadanda ana balacasını bağrına basıb vahimə içində bir az da geri çəkildi. Həmişə yazıq, bədbəxt görkəmli Araratın üzündə qisas, nifrət, intiqam tüğyan edirdi. O, körpəni ananın əlindən öz tərəfinə çəkir, ana isə vermək istəmirdi; dişi aslana dönmüşdü Gülyaz! Onları dövrəyə almış ermənilər dayanıb bu səhnəyə baxırdılar, Ararat isə bu tamaşanın baş qəhrəmanı idi. O, dartıb uşağı güclə ananın əlindən aldı, Araratın sanki əlinə fürsət düşmüşdü - özünü qalib sanırdı. Gülyaz özünü toplayıb Araratın üstünə şığıdı. Ararat yenə də güclü zərbə ilə onu vurub yıxdı və dönüb ətrafdakılara: Bunların hamısı belədir - kişisi də, arvadı da, uşağı da” - dedi. Körpəni yerə çırpıb bıçağı boğazına sancdı. Ana bıçağa baxdı - bıçaq gözlərində böyüyüb əvvəl xəncərə, bir az da böyüyüb qılınca çevrildi - bu qılınc balasına yox, vətən torpağının sinəsinə, Xocalının bağrına sancılmışdı.
   Gülyaz iki gündən sonra özünə gəldi. Gözlərini açanda əvvəlcə harada olduğunu, nələr baş verdiyini kəsdirə bilmədi. Ətrafındakı yaralı, əsir həmyerlilərini, əlində bərk-bərk sıxıb saxladığı körpəsinin qanlı köynəyini görəndə, qarnına, belinə dəyən təpiklərin ağrısını duyanda faciənin böyüklüyünü dərk etdi... Gülyazı və bir neçə xocalıları bir qədər sonra dəyişdilər: ürəyi dağlı ananı qaniçən, başkəsən quldurla əvəz etdilər. Dəyişilən zaman ağır-ağır yeriyən Gülyaz birdən sürətlə geri qaçmağa başladı; ermənilər də, azərilər də gəlinin bu hərəkətindən özünü itirmişdi. Ürəklənmiş Gülyaz isə düz Araratın üstünə şığıyaraq əlləri ilə onun gözlərini didirdi. Ararat bar -bar bağırır, əsgərlərimiz gəlini ondan ayırıb geri çəkməyə çalışırdılar...
   ...Xocalı soyqırımının baş verdiyi o müdhiş günün üstündən illər keçib. Vətəni tapdalanan, bir gecədə saçları ağaran gəlin bu gün qoca qarıya bənzəyir. Gülyazın ev-eşiyi , ailəsi var idi, balaları böyüyürdü. Bir gecədə hər şey tar-mar edildi. “Xocalı tac qurbanı, Xocalı xaç qurbanı” oldu. İndi isə ona qalan bir qanlı köynək, bir qaçqın adı, bir də alınmayan qisasıdır - dörd balasının, həyat yoldaşının, yüzlərlə Xocalı sakininin, minlərlə qarabağlıların qisası...
   
   Elmira Qasımova