Elçin Məmmədovun ölüm gününə
   
   Ən əvvəl onu sadəlövh, kor-kobud, iri çay daşları kimi saf qəhrəmanları ilə xatırlayırıq. Yeddi oğuldan biri Mirpaşa ilə, «Dədə Qorqud»dakı Qaraca Çoban ilə... Elçinin bu iki qəhrəmanı öz sadə həqiqətlərinə tapınan zəmanə giqantlarıdır ki, hər biri bir orduya bərabər! Elə bu sözlər tək Qaraca Çobanın sözləri deyil, həm də Mirpaşanın sözləridi, həm də Elçin Məmmədovun sözləridi: «Altındakı ağca atın nə öyərsən, adə, itim kafir, alabaşlı keçimcə gəlməz mənə...» Bu kobudluğun içində tamaşaçı hələ bir onu sevir də. Elə bu sevimlilikdəndir ki, tamaşaçılar məscidə it bağlamağını da, qoyun-quzunu rəhmsizcəsinə tolazlamağını da onun qara qaşına-gözünə bağışlayacaq. Sevimli körpənin ərköyünlüyü kimi...
   Hə, bir də, hər dəfə «Hamlet» tamaşası oynanılanda qəhrəmanların sallaşdığı kəndirin bir ucundan da o yapışacaq. «Hamlet» tamaşasındakı yarımqaranlıq səhnədəki tərtibat isə hər dəfə yarımçıq görünəcək.
   
   * * *
   Elçin Məmmədov 1946-cı il mayın 29-da Bakıda SSRİ xalq artisti Mehdi Məmmədov və xalq artisti, ecazkar aktrisa Barat Şəkinskayanın ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından sənətkarlar əhatəsində tərbiyə alan Elçin Məmmədov Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb, lakin oranı bitirməyib. 1967-73-cü illərdə M.Əliyev adına İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb, yüngül sənaye rəssamlığı ixtisasına yiyələnib. Müxtəlif illərdə Rəssamlar İttifaqının Bədii İstehsalat Kombinatında, «Vışka» qəzeti redaksiyasında rəssam, Dövlət Musiqili Komediya, Opera və Balet teatrlarında baş rəssam işləyib. 1989-cu ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında baş rəssam vəzifəsində çalışıb. O, Akademik Milli Dram Teatrında M.F.Axundovun «Xırs quldurbasan», C. Məmmədquluzadənin «Dəli yığıncağı», S.Vurğunun «İnsan», M.Qorkinin «Meşşanlar», H. Cavidin «İblis», V.Şekspirin «Hamlet», Musiqili Komediya Teatrında O.Kazımovun və C.Səlimovanın «Danabaş kəndinin əhvalatları», R.Şəfəq və A.Şaiqin «Tülkü həccə gedir», L.Vaynşteyn və R.İbrahimbəyovun «Səhranın bəyaz günəşi», İ. Strausun «Yarasa», F. Əmirov və M.Əlizadənin «Gözün aydın», Gənc Tamaşaçılar Teatrında C.Məmmədquluzadənin «Danabaş kəndinin məktəbi», N.Nərimanovun «Şamdan bəy». Anarın «Ötən ilin son gecəsi», Vaqnerin «Salam, Hotsi», S.Vurğun adına Rus Dram Teatrında M.Qorkinin «Həyatın dibində», Vampilovun «Əyalət lətifələri», H.Andersenin «Qar kraliçası», H.Cavidin «Şeyx Sənan», M.Şatrovun «Amansız oyunlar», «Buta» Marionet Teatrında «Arşın mal alan» tamaşaları onun uğurlu quruluşlarındandır. O, həmçinin Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrlarında da tamaşalara səhnə tərtibatları vermişdir. 1984-cü ildə H.Cavidin «İblis» tamaşasına verdiyi tərtibata görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Elçin Məmmədovun yaradıcılığında kitablara verdiyi tərtibatlar da əhəmiyyətli yer tutur. Onun «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Azərbaycan nağılları», «Xəyyam» kitablarına verdiyi tərtibatlar xüsusilə yaddaqalan olmuşdu.
   Elçin Məmmədov filmlərdə yaratdığı obrazlarla geniş tamaşaçı yaddaşında daha dərin kök salmışdır. Onun «Azərbaycanfilm» kinostudiyasında çəkildiyi «Yeddi oğul istərəm» filmində Mirpaşa, «Dədə Qorqud»da Qaraca Çoban, «Dantenin yubileyi» filmində Səyavuş, «Çətirimiz buludlardır» filmində isə Məlik obrazları çoxşaxəli yaradıcılığının ayrılmaz parçasıdır. 1991-ci ildə o, əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunmuşdur. 1999 və 2001-ci illərdə «Qızıl Dərviş» mükafatına layiq görülüb.
   Elçin Məmmədov 2001-ci il fevralın 18-də 55 yaşında dünyasını dəyişdi. Bu ay onun ölümündən səkkiz il keçir.
   Ruhu şad olsun!
   
   Aişə