Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıq ruhda tərbiyə etmək mühüm vəzifədir.
   Heydər Əliyev
  
   Soyqırım nə deməkdir? Oxuyub öyrəndiklərimizdən görürük ki, müasir dünyamızda qəbul edilmiş soyqırım bir millətin din, dil mənsubiyyətinin məqsədli şəkildə yox edilməsi prosesidir.
   Azərbaycana qarşı yönəldilmiş soyqırım prosesi 1721-ci ildən başlamışdır.
   Əsası müsəlmanlardan ibarət olan Bakıda yerli camaatın narahatlığını görən I Pyotr, necə olursa-olsun, müsəlman torpaqlarında ermənilərin və ümumən xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları da həyata keçirdilər.
   1813-cü il oktyabrın 12-də Gülüstan və 1828-ci il fevralın 10-da Türkmənçay müqavilələri imzalandı. Bu müqavilələr Azərbaycan tarixində gələrək faciələrə rəvac verdi, hətta Azərbaycanı parçalanmaya qədər gətirib çıxardı.
   Soyqırımın birinci mərhələsi 1813-1818-ci illəri əhatə edir. Həmin müqaviləyə əsasən, ermənilərin İrandan Qarabağ və Naxçıvana kütləvi sürətdə köçürülməsinə başlandı. Bunun nəticəsində həmin ərazidə yaşayan azərbaycanlılar öz yurd -yuvalarından məhrum edildilər.
   İkinci mərhələ 1905-1907-ci illəri əhatə edir. Rusiyada gedən inqilabi prosesdən istifadə edən ermənilər 1905-1907-ci illərdə böyük qırğın törədərək Azərbaycanın bir çox şəhər və kəndlərini talan etdilər.
   1918-1920-ci illəri əhatə edən üçüncü mərhələdə ermənilər azərbaycanlılara qarşı amansız soyqırım və deportasiya siyasəti aparır, xalqımızı yer üzündən silməyə çalışırdı.
   Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907, 1918-1920-ci illərdə) 1 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən, dədə-baba ocaqlarından didərgin düşmüşlər.
   Dördüncü mərhələ 1948-1953-cü illəri əhatə edir. Hələ 1943-cü ildə Ermənistan rəhbərliyi İranda yaşayan ermənilərin sovetlər birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə keçmiş SSRİ Xarici İşlər Nazirliyinə müraciət edərək müsbət cavab aldılar. Bununla da 1953-cü il dekabrın 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar çıxardı. Kür-Araz ovalığının iqlim şəraitinə öyrənə bilməyən azərbaycanlıların bir qismi məhv oldu.
   1988-ci ildən isə Ermənistan hakimiyyəti bütün azərbaycanlıların öz tarixi torpaqlarından - indiki Ermənistandan tamamilə didərgin saldılar, Dağlıq Qarabağ da daxil olmaqla saysız-hesabsız mal-mülklərimizi talan etmiş, Azərbaycanın 7 rayonunu işğal etmişlər. Bir milyondan artıq azərbaycanlı öz torpaqlarından , dədə-baba ocaqlarından didərgin düşmüşdür.
   1990-cı ilin 20 Yanvar, 1992-ci ilin 26 fevral Xocalı faciələri Azərbaycan tarixinə qanlı səhifələri yazdı.
   Azərbaycan Demokratik Respublikası yaradıldıqdan sonra 1918-ci ilin mart hadisələrini araşdırmaq, baş verən hadisələrin tədqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul edildi. Lakin ADR-in süqutu nəticəsində bu proses dayandırıldı. Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra qayıtmaq mümkün oldu.
   1998-ci ilin 26 martında 1918-ci illin mart hadisələrinin 80-ci ildönümü münasibəti ilə ümummilli liderimiz Heydər Əliyev “31 martın Azərbaycanlıların Soyqırım Günü kimi qeyd edilməsi haqqında” fərman imzaladı. Həmin fərman erməni millətçilərinin vəhşi hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşması üçün bir növ proqram sənədi oldu.
   O vaxtdan 31 Mart - Azərbaycanda Soyqırımı Günü kimi qeyd edilir və dünya ictimayyətinin diqqəti xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edilir.
   Respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbirlər həyata keçirilir.
   Buna misal olaraq Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin xəttilə “XX əsrdə Azərbaycanlılara qarşı dörd dəfə törədilmiş soyqırımlar erməni vandalizminin nəticəsidir” devizi altında keçirilən silsilə tədbirləri qeyd edə bilərik.
   Rayonumuzdakı Heydər Əliyev Muzeyində Yeni Azərbaycan Partiyasının Kürdəmir Rayon Şöbəsinin və Heydər Əliyev Muzeyinin birgə təşkil etdiyi “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımlar faciəli yaddaşımızın qanlı səhifəsi kimi unudulmamalıdır” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə məruzə dinlənilmiş və məruzə ətrafında çıxışlar omuşdur.
   31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Tarix-Diyarşünaslıq Muzeyində “Erməni vandalizmi rayonumuzda» adlı guşə təşkil olunmuşdur. Rayonumuzun məktəbliləri muzeyə ekskursiyalara cəlb edilmişdir.
   Kürdəmir rayonunun bütün klub müəssisələrində “Tariximizin faciəli səhifəsi - 1918” adlı guşələr hazırlanaraq nümayiş etdirilmişdir.
   Kürdəmir rayon MKS -də və onun filiallarında “Azərbaycanlıların soyqırımına həsr edilmiş kitablar” adlı sərgilər, guşələr, Kürdəmir Dövlət Rəsm Qalereyasında uşaqlaın əl işlərindən ibarət sərgilər təşkil edilmişdir. N.Nərimanov adına Kürdəmir Rayon Mədəniyyət evində “Soyqırımlar xalqımızın qan yaddaşıdır” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.
   Martın 31 də Kürdəmir Rayon Mədəniyyət evində 31 Mart - Azərbaycanlıların Soyqrımı Günü münasibəti ilə “Tariximizin faciəli səhifəsi - 1918» adlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
  
   Məryəm Əliyeva,
   Kürdəmir