Baharın son ayında, 1955-ci ilin mayında, çölün-çəmənin yaşıllaşan-gözəlləşən təbiətin min bir rəngə boyanan bir vaxtında, xalq şairi Səməd Vurğunla görüşdüm. XX əsr Azərbaycan poeziyasının müstəsna yeri olan, Səməd Vurğunla elə xatirələr, elə görüşlər var ki, onu unutmaq olmur.
   ...May ayının əvvəlləri idi. Korgöz qəsəbəsindəki 197 saylı orta məktəbin ədəbiyyat müəllimi Mirağa müəllim bir neçə yaxşı oxuyan şagirdlə birgə məni də otağına çağırıb bildirdi ki, xalq şairi Səməd Vurğunla görüş keçiriləcəkdir. Şagirdlərdən bir neçəsi şairin şeirlərindən əzbərləyib çıxış etməli idilər. Keçiriləcək görüşdə mən «Azərbaycan» şeirini söyləməli idim. Doğrusunu deyim ki, səbirsizliklə gözlədiyim həmin sevincimin həddi-hüdudu yox idi.
   Bu əziz, unudulmaz gün gəlib çatdı. Çox böyük hazırlıq işləri görülmüşdü. 9 May - Qələbə bayramından bir neçə gün sonra məktəbinə bütün müəllim-şagird kollektivi nizamla sıraya düzülüb, Qaradağ rayonunun Azanes qəsəbəsindəki Mədəniyyət evinə getdik. Görüşə gələnlər yerbəyer olandan sonra vəzifəli şəxslər səhnədə əyləşdilər.
   Birdən mötəbər qonaqlar və müəllimlər əl çala-çala səhnədən aşağı düşməyə başlayarkən sevinclə qışqırdılar:
   - Şair Səməd Vurğun gəldi...
   Görüşə gələnlərin alqış sədaları salonu bürüdü. Biz, bir neçə şagird ayaq üstə dayanıb, şairin qapıdan girəcəyini həsrətlə gözləyirdik. Bu an çox çəkmədi ki, bir dəstə adamla şair zala daxil oldu...
   Hamı ayaq üstə qalxıb, şairi alqışladı. Sürəkli alqışlardan sonra şairin oturmağı ilə hamı yerbəyer oldu. Zalda iynə atsaydın, yerə düşməzdi. Elə bir sakitlik var idi ki, insanların nəfəs alması belə hiss olunurdu...
   Görüş gecəsini məktəbin direktoru Səfər müəllim açdı. Şairin həyat və yaradıcılığı haqqında məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mirağa Mirsalayev çıxış etdi. (Yaxşı yadımdadır ki, Mirağa müəllim bütün müəllimlərdən fərqli olaraq aşıqlar kimi geyinirdi).
   Şairin görüş gecəsində mənə də çıxış eləmək xoşbəxtliyi nəsib oldu. O vaxt mən beşinci sinifdə oxuyurdum. Şeir demək bacarığımı müəllimlər bəyənmişdilər. Bu mötəbər görüş gecəsində şairin qarşısında həyəcansız çıxış eləmək mümkün deyil. Mən səhnəyə qalxıb, «Azərbaycan» şeirini ucadan söylədim. Şeiri deyib qurtaran kimi əlimdəki gül dəstəsini Səməd Vurğuna uzadanda, böyük şair ayağa qalxıb məni bağrına basaraq dedi:
   - Mənim balaca qağam, sən gələcəyin yaxşı ədəbiyyatçısı olacaqsan...
   Bu unudulmaz görüş, el ağsaqqallarının xeyir-duası, mənim xatirimdə heç bir vaxt silinməyəcəkdir.
   İllər keçdi... Səməd Vurğunun Bakıdakı ev-muzeyini dönə-dönə ziyarət elədim, rəhmətlik Xavər xanımla, Yusif Səmədoğlu ilə görüşüb, həmsöhbət oldum...
   Böyük şairin yaradıcılığına olan məhəbbətim məni Qazağa apardı. Mən Qazaxda olanda yolumu birinci xalq şairi Səməd Vurğunun ev-muzeyindən saldım.
   
   Alxas Alxasov