O, folklorumuzun cəfakeşi idi
   
   Onunla tanışlığım 1969-cu ildən başlayıb. Həmin illərdə həm də Respublika Xalq yaradıcılığı evinin fəaliyyəti barədəki tarixi sənədləri elmi-texniki cəhətdən qaydaya salırdıq. Gündəliyimdən sətirlər: «22 aprel 1969-cu il…Xalq yaradıcılığı evinin direktoru Məbud müəllimlə görüş zamanı bəstəboy, asta yerişli bir şəxs içəri daxil oldu. Məbud müəllim məni göstərərək dedi: «Səttar müəllim, bu cavan oğlan bizim sənədləri qaydaya salacaq. Amma bilmirəm bacaracaq, yoxsa yox. Cavan oğlan deyir ki, bir təcrübəli xanım da olacaqdır. Baxın, illərlə topladığımız sənədlər tullanmasın...» Bu sözlərdən sonra rəhmətlik Hökümə xanım Quliyeva da gəldi. Doğrudur, məni bu işə Hökümə xanım həvəsləndirmişdi (Allah ona qəni-qəni rəhmət eləsin). Həm də işlədiyim Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Xalq yaradıcılığı evinin sənədlərinə nəzarəti mənə tapşırmışdılar. Həmin il sənədləri qaydaya saldıq və dövlət mühafizəsinə qəbul etdik...
   Həmin günlərdən mən Səttar müəllimin səmimiyyətinə aludə oldum. Onun yazıçı-dramaturq olduğunu bildikdən sonra isə, ona şəxsi fondunun yaradılmasını da təklif etdim. 1970-ci ildə 100-ə qədər sənəd qəbul edib, onun 228 saylı şəxsi fondunu yaratdıq. 1972-ci ildə Səttar müəllim: «Maarif, oğlum, bir neçə qovluq da hazırlamışam, sabah gəl onları da verim, apar arxivə» - dedi.…
   Bu söhbətlərdən 35 ildən artıq vaxt keçib. 1994-cü ildə Səttar müəllim dünyasını dəyişəndə, illərin sürətlə ötməsinə heyifisləndim... Həmin insanların xeyir-duasından isə ilham alaraq müqəddəs işimi bu gün də davam etdirirəm.
   Səttar müəllim 25 aprel 1914-cü ildə Qarabağın füsunkar coğrafi məkanı olan Füzuli rayonunun (keçmiş Qaryagin rayonu) Alxanlı kəndində ruhani ailəsində anadan olmuş, elə orada da ilk ibtidai təhsilini almışdır. Bu barədə Səttar müəllim 1946-cı ildə belə yazmışdı: «Mən, 1914-cü ildə Qaryagin (indiki Füzuli-M.T.) rayonunun Alıxanlı kəndində ruhani ailəsində anadan olmuşam, Atam 1923-cü ildə vəfat etmiş, anamın və böyük qardaşımın himayəsi altında ibtidai və orta məktəbi bitirmişəm.1931-1934-cü illərdə müəllimlik etmişəm. 1934-cü ilin payızında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsinə daxil olub, 1938-ci ildə oranı bitirdikdən sonra yay ayında Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışam. 1939-cu ilin payızında Qızıl Ordu sıralarında olmuşam, 1940-cı ilin yanvarında fin müharibəsində də iştirak etmişəm...»
   S.Axundovun şəxsi fondundakı materiallar əsasən folklora aiddir. 30 ildən çox çalışdığı bu işdə aşıq yaradıcılığını arayıb-axtarmış, 200-dən çox aşığın yazı nümunələrini toplamışdır. O, Böyük Vətən müharibəsi illərində (1941-1945) «Çətin dərə» adlı əsəri ilə gəlmişdir. Gənclərimizin cəbhədəki qəhrəmanlığından danışan bu əsər 1942-1943-cü illərdə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. Sonralar isə «Qayğı», «Dostlar», «Məhəbbət nişanı», «Məzəlizadələr», «Almasın qızları», «El gücü, sel gücü», «Nişan üzüyü» və s. pyesləri Naxçıvan, Gəncə, Ağdam, Xankəndi, Mingəçevir, Lənkəran Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur. «Zərif tellər» isə Akademik Milli Dram Teatrında göstərilmişdir. Bütün əsərləri sübut edir ki, o zamanın, yaşadığı dövrün, müasir həyatın tələblərini duyan dramaturq olmuşdur. Dram əsərləri ilə yanaşı, bir çox hekayələri də diqqəti cəlb edir. «Araz əfsanəsi», «Güllü xalça» və s. hekayələri Azərbaycanın qədim xalçaçılıq sənətindən və digər maraqlı mövzulardan bəhs edir. Folklor şöbəsinin müdiri işlədiyi zaman Aşıq Teymur, Aşıq Ədhəm, Şeyda Əziz, Əli Məsimov, Aşıq Bisavad, Nəbi Bayramov, Alxan Babayev və başqalarının şeirlərini toplamışdır. Mir Mehdi Xəzaninin XIX yüzillikdə topladığı şeirlər dəftəri də çox maraqlıdır. Həmin dəftərdə Q.B.Zakir, M.S.Səbahi, M.P.Vaqif, Aşıq Pəri, Həsən Əli oğlunun şeirləri hələ də öz araşdırıcılarını gözləyir. S.Axundovun səliqəli arxiv sənədləri arasında aşıqların III qurultayının materialları da diqqəti cəlb edir. Ümumiyyətlə S.Axundov yaradıcılığının öyrənilməsi zamanı bir çox məqamlar üzə çıxır ki, bunlar da gələcək nəslə çatdırılmalıdır.
   S.Axundovun yuxarıda qeyd etdiyimiz irihəcmli pyesləri ilə yanaşı, 25-dən çox kiçikhəcmli pyesləri də vardır. Bir neçə gündən sonra S.Axundovun anadan olmasının 95 ili tamam olacaq. Mənəvi xəzinəmizdə mühafizə olunan şəxsi fondda və Xalq yaradıcılığı evinin sənədləri arasında Səttar müəllimin işıq üzü görməyən əsərlərini bir kitab halında nəşr etmək heç də pis olmazdı. Vaxtilə xalq yazıçısı Mehdi Hüseyn Səttar müəllimin yaradıcılığını xüsusilə qiymətləndirmiş, Azərbaycanın cənub bölgəsinə həsr olunmuş «Araz əfsanəsi» povestini yüksək dəyərləndirmişdir. Onun hələ sağlığında nəşr olunmuş «Dağlarda», «Məhəbbət nişanəsi», «Kənd ulduzları», «Günlər dayanmışdı», «Qaragilə», «El oğlu» kitablarından başqa Xalq yaradıcılığı evinə təqdim etdiyi bir neçə kitabları da var ki, o əsərlərdən ən aktuallarını seçib nəşr etməyin vaxtı çatmışdır. Onun toplayıb, tərtib etdiyi «Aşıqlar» kitabının da yenidən nəşr olunması Səttar müəllimin dünyasını dəyişməsinin 15 illiyinə bir ehtiram əlaməti olardı.
   
   Maarif TEYMUR,
   S.Mümtaz adına DƏİ arxivinin direktoru