1937-38-ci illər xalqımızın taleyinə qara hərflərlə yazılmış unudulmaz bir tarixdir. Həmin illərdə Azərbaycan xalqının vətənpərvər, namuslu oğul və qızları Stalin repressiyasının qurbanına çevrildilər. Təkcə ayrı-ayrı şəxslərin yox, bütövlükdə yüzlərlə ailələnin başı üzərindən ağır ruzigarlar əsdi. Onlardan biri də ədəbiyyatımızda xüsusi yeri olan Seyid Hüseynin ailəsi idi.
   
   S.Hüseyn 1887-ci il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur. Beş yaşında atasını itirən Seyid babası Mirsadiq Mirhəsənin himayəsində böyüyüb tərbiyə almışdur.
   O, əvvəl mollaxanada, sonra dövrünün görkəmli maarif xadimlərindən olan Mahmudbəy Mahmudbəyovun müdir olduğu «Rus-tatar» məktəbində dörd ilə yaxın təhsil almışdır. Azərbaycan, rus, fars dillərini mükəmməl öyrənmişdir.
   1904-ci ildə - babasının vəfatından sonra ailənin qayğısı S.Hüseynin üzərinə düşmüşdür. O, «Kaspi» mətbəəsində işə girir və 1912-ci ilə kimi orada mürəttiblik edir. 1920-ci ildən «Kommunist» qəzeti redaksiyasında ədəbi işci kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə «Azərnəşr»in bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur.
   S.Hüseyn ədəbi yaradıcılığa 1907-ci ildə qəzet və jurnallarda məqalə və felyetonları ilə çıxış etmişdir. Mətbuatda «Kazımoğlu», «Hüseyn Sadiq», «Seyid Hüseyn Sadıqzadə», «Mühərrir» və b. imzalarla fəaliyyət göstərmişdir. Onun «Gələcək həyat yollarında», «Şirinnaz», «İki həyat arasında», «Yatmış kəndin qış gecələrində», «Gilan qızı», «Daxili işlər naziri», «Xeyir-bərəkət ayı», «Kor kişinin arvadı» və s. hekayələri, «Altun», «Yalan», «Gözəllik nədir?» və s. məqalələri oxucuların diqqətini cəlb edir. Müxtəlif illərdə bir çox kitablar nəşr edilmişdir: «Ağ valideyn, yaxud zavallı Məşədi Zaman» (1911), «Qacaq oğul, yaxud ata məhəbbəti» (1915), «Yeni həyat yollarında» (1928) və s.
   O, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, milli ədəbiyyatımızın zənginləşməsi üçün səy göstərmişdir. Ancaq bir çox Azərbaycan ədəbiyyatının görkəmli xadimləri kimi repressiya dalğası ondan və ailəsindən də yan keçməmişdir. 1936-cı ildə O, Yazıçılar İttifaqının üzvlüyündən çıxarılmış, əsərləri kəskin tənqid olunaraq, onlara siyasi rəng verilmiş, adına «xalq düşməni» damğasını vurmuşlar.
   Yazıçı 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs olunmuş, ən ağır cəzaya güllələnməyə məhkum edilmişdir. Uzun sürən əzablı işgəncələrdən sonra, 1938-ci ilin əvvəllərində rejimin çıxardığı hökm yerinə yetirilmişdir.
   S.Hüseynin həyat yoldaşı Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ata və anasından fars və türk dillərini öyrənən Ümgülsüm, Şərq ədəbiyyatına və klassik Azərbaycan şeirinə maraq göstərmişdir. 9 yaşından şeir yazmağa başlamış Ümgülsüm 1914-cü ildən «İqbal», «Yeni iqbal», «Acıq söz» və s. mətbuat orqanlarında hekayə və şeirlərini çap etdirmişdir. Onun 200-dən artıq şeiri, bir poeması bizə gəlib çatmışdır. O, həmçinin «Vətən sevgisi», «Solğun çiçək» və s. hekayələrin müəllifidir.
   1920-ci ildə S.Hüseynlə xoşbəxt ailə həyatı qurmuş Ümgülsüm sonralar həyat yoldaşı kimi əzablı bir taleyi yaşadı. 1937-ci il noyabr ayının 11-də repressiya cəlladları onu da həbs edib Bayıl həbsxanasının qaranlıq zindanlarına saldılar. Qəlbi bala həsrətiylə döyünən ananı üç övladından ayraraq sürgün etdilər. Qaranlıq, soyuq kameralar onu sıxdı, lakin ana qürurunu sındıra bilmədi. Çalışdı ki, ölməsin. Oqtayına, Toğruluna, Cığatayına, Qumralına qovuşsun.
   S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 707 saylı S.Hüseynin şəxsi fondunda qızı Q.Sadıqzadə tərəfindən anasının zindanda yazdığı xatirələrinin köçrülmüş surətləri saxlanılır. Biz də mərd Azərbaycan qızının xatirələrindən bir hissəsini oxuculara təqdim edirik:
   
   21 aprel 1938-ci il.
   Bu gecə heç yatmamışam. Görəsən, gələcəklərmi? Bəlkə gəlmədilər, onda mən nə elərəm!? Gəlmədiklərinin səbəbini haradan öyrənə bilərəm? Gəlməsələr yəqin ki, bir xəstələri, bir dərdləri vardır. Axı, onlara ayın 21-də görüş olacağını məktubla xəbər vermişəm, bundan qabaq yoldaşlarımla görüşə gələnlərə adres verib xahiş etdirmişəm ki, onlara xəbər versinlər. Necə ola bilər ki, bunlardan heç birisi onlara deməsin? Bundan başqa onlar özləri də gəlib xəbər bilməli idilər?
   Səhər açıldı. Yerimizdən qalxıb yorğan-döşəyimizi qatladıq. Əl-üzümüzü yuduq. Hələ siyahı yoxdur. Heç tabım qalmamışdır, çox narahatam. Nəhayət, qırmızı çernillə yazılmış siyahı verildi. Ürəyim döyündü, mənim adım görəsən çıxacaqmı? Siyahı oxunub qurtardı. Adım yoxdur! Bir qədərdən sonra ikinci siyahı gəldi. Yenə ürəyim bərk döyünür. Birdən siyahını oxuyan Anna Nikolayevna «Sadıqova Ümgülsüm» dedi. Tüklərim biz-biz oldu. Gözümdən biixtiyar yaşlar axır. Doğrudanmı, bu belədir? Doğrudanmı, mən uşaqlarımı görəcəyəm? Mən elə bilirdim bir daha uşaqlarımı görməyəcəyəm! İndi isə mənimlə görüş arasında bir-iki saatlıq vaxt vardır. Bu bir-iki saatda nələr çəkəcəyəm? Onu bilirəm ki, hamısını görə bilməyəcəyəm. Çünki içəri çox adam buraxmırlar.
   Nadzor Mariya Vasilyevna başını içəri uzadıb gur səslə bağırdı: «İkinci siyahıda adı olanlar hazırlaşsınlar!». Biz çoxdan hazırıq - deyə xorla cavab verdik. Ah, ürəyim! Ürəyim! Elə çırpınır ki, elə bil yerindən çıxmaq istəyir. Burada indi mərdlik lazımdır. Ağlamaq qətiyyən olmaz. Uşaqlara özümü ağlar göstərə bilmərəm. Yazıqdırlar. Bəlkə uzun illər ayrı düşdüm, sonra onlar məni gözü yaşlı xatırlamasınlar!
   Qapı açıldı, kameradan bayıra çıxdıq. Başqa kameralardan çıxanlarla bir yerdə həyətə çıxan qapıda durduq. Gözləyirik, hələ bizi buraxmırlar. Bu gözləmə bütün səbrimizi tükətdi. Nəhayət, xüsusi bir axtarışdan sonra bizi həyətə buraxdılar. Mən demişdim ağlamaram. Amma dözə bilmirəm. Gözümdən yaşlar axır. Birinci həyəti keçib, ikinci həyətdə görüş üçün təyin olunmuş meydançaya toplandıq. Aşağısı taxta, yuxarısı dəmir barmaqlıqdan olan böyük qapı görünür. Barmaqlığın arasından bir çox adamların başlarının təpəsi görünür. Mənimkilər də yəqin oradadırlar. Ürəyimlə gözlərim öz işini görür. Bayaqdan gözlərim ala-bula görürdü, amma indi çox aydın görürəm. Onları görmək üçün yalnız gözümlə deyil, bütün varlığımla hazıram! Aradakı böyük qapı açılır. Elə bilirik ki, adamlar içəri buraxılır. Lakin öz işləri üçün girib-çıxanlardır. Yenə bizi gözləməyə məcbur edirlər. Bir saata qədər burada gözlədik. Birdən-birə qapının tayı açıldı. Adamlar tələsik içəri soxulmağa başladılar. O qələbəlikdə hər kəs dəlicəsinə öz adamını axtarırdı. Mən də o qələbəlikdə gözləri ilə məni axtaran Oqtayımı gördüm. Gözlərimə inana bilmirəm. Doğrudanmı, mən onu görürəm?!
   Oqtayla qucaqlaşdıqdan sonra Bircəbacı ilə görüşdük. Sonradan orada durmuş, tanınmaz bir şəklə düşmüş Qumuşcığazımı gördüm. O, doğrudan da tanınmaz olmuşdur. Elə tanınmaz ki, mən onu tanıya bilmədim. Əgər Oqtayın yanında durmayıb, paltosu ilə şərfi üstündə olmasaydı mən ona diqqətlə baxmayınca tanıya bilməyəcəkdim. O, mənim qoyub gəldiyim Qumuş deyildi. Son dərəcə arıqlamış, yanaqları çəkilmiş, üzü solğunlaşmış, gözləri açılmışdır. Bu uşaq, siması qırmızı, mənim oynar-gülər, tümbulyanaqlı, dəyirmiüzlü Qumuşuma qətiyyən bənzəmir. Demək, mənsizlik mənim bu nazlı balamı bu hala salmışdır. Bu lövhəyə mənim qəlbim dözərmi, ah?! Var qüvvəmlə bağırmaq istəyirəm: «Mənim Qumuşum belə neyçün oldu?» Toğrul da az arıqlamamışdır. O, da Qumral kimi belə qəmgin, belə məhzun olmuşdur. Uşaqların üçünü də bütün varlığımla bağrıma basıram, yazıqların üçünü də birdən!
   Qumralın qızılca xəstəliyi nəticəsində bu qədər arıqladığını qandırırlar. Mən buna inanıram. Ancaq belə bir xəstəliyi heç təsəvvür etmədiyim üçün uşağın bu görkəmi mənə çox pis təsir edir. O tamamilə dəyişmiş, arıqlamağı ilə bərabər boyu uzanmış, saçları da uzanıb alnına tökülmüşdür. Onun üzünə bir də baxır, Seyid Hüseyni görər kimi oluram. Heç bir zaman atasına qətiyyən bənzəməyən bu uşaq indi atasının 20 yaşında ikən çəkdirdiyi şəklinə sıxı bir surətdə bənzəyir. O şəkildəki bütün mühüm xətlər bu gün Qumralın üzünə çəkilmişdir. Mən bu məlul, bu məsum simada bir Seyid Hüseyn görürəm.
   Bircəbacı qocalmışdır. Oqtay yaxşıdır, cavan olmuşdur. Cığatayın qapı dalında qalması da mənə başqa bir…
   
   * * *
   Ağır işgəncələrdən sonra Ümgülsüm Sadıqzadə Mordoviya vilayətinə - həbs düşərgəsinə göndərilmişdir. 7 illik məhbus həyatından sonra, 1944-cü il iyul ayında geri qayıtmışdır. Elə həmin il də - sentyabr ayının 17-də Şamaxı şəhərində vəfat etmişdir.
   Bu da repressiyaya məruz qalmış bir ziyalı ailəsinin acı taleyi. Bu il Ü.Sadıqzadənin anadan olmasının 110 illiyi tamam olacaqdır. O, həmişə qeyrətli bir Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, mərd və cəfakeş ana və nəhayət vətən sevgisi, xalqına məhəbbət, ehtiram hissi ilə yazdığı şeirləri ilə daima xatırlanacaqdır.
   
   Mətanət QASIMOVA,
   S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin əməkdaşı