1980-ci ilin yayıydı. Lənkəran teatrı Lerikə qastrol səfərinə gəlmişdi. Həftədə iki tamaşa göstərilirdi. Hər dəfə mədəniyyət sarayı tamaşaçılarla dolub boşalırdı. Pərdə enəndən sonra da tamaşaçılar zalı tərk etmirdilər. Dayanıb aktyorları gözləyirdilər. Onlar sənət adamları ilə görüşüb söhbətləşir, tamaşalar barədə təəssüratlarını bölüşür, aktyorları evlərinə qonaq dəvət edirdilər.
      
   Tamaşaların başa çatmasına iki-üç gün qalmış aktyorları rayon qəzetinin redaksiyasına dəvət etdik. Teatrşünas Balaşirin Eloğlu (Əliyev) ay ərzində Lerik rayonunda göstərilən tamaşalar haqqında danışdı.
   Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi mərhum Məbud İsmayılzadə, gənc aktyorlardan Qabil Quliyev, Böyükxanım Əliyeva, Baba Rzayev, Nəcibə Hüseynova Lerik tamaşaçılarının teatra sonsuz maraqlarından söhbət açdılar. Balaşirin müəllimin hər tamaşa barədə yerli mətbuatda dərc edilmiş yazılarını, söylədiyi mülahizələri bəyəndiklərini bildirdilər…
   Balaşirin Eloğlu Lerik rayonunun Kəlvəz kəndində doğulmuşdu. Bu abad kənd özünün din xadimləri, sənətkarları, elm adamları ilə hələ ötən əsrin əvvəllərindən tanınırdı. Atası Mehman kişi halal zəhməti ilə külfətini dolandırıb. Əlinin halal zəhməti ilə yaşayan Mehman kişi qanlı-qadalı otuz yeddici ilin repressiya qurbanlarından olub.
   Ömür-gün yoldaşı tutulandan sonra ailənin ağırlığı Bacı xalanın üzərinə düşüb. O, dörd övladına həm ana, həm ata olub. Təzyiqlər, dövrün haqsızlığı, ağır güzəran ipək xasiyyətli ananın iradəsini qıra bilməyib. Əllərinin qabarı, alnının təri ilə uşaqlarını böyüdüb.
   Həmyaşıdları arasında güclü mütaliəsi ilə seçilən Balaşirin şeir də yazırdı. Az keçmədi imzası respublika qəzetlərində, yerli mətbuatda görünməyə başladı. Şair İslam Səfərli onun şeirlərini oxuduqdan sonra yazmışdı: «Balaşirin Eloğlunun şeirlərindən dağ havasının ətri gəlir. Oxuduqca adamın qəlbini rahatlandırır». B.Eloğlu qələmini satirada da sınamışdı.
   Sənətə məhəbbəti Balaşirin Eloğlunu Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirdi. Aydın Qaradağlı,Sabutay Quliyev kimi sənətkarlarla bir kursda oxudu, görkəmli teatrşünaslardan dərs aldı.
   Ötən əsrin yetmişinci illərində Lerik rayonunda kinonun təbliği çox aşağıydı. Bu sahə səriştəsiz adamlara tapşırılmışdı. Respublika səviyyəli tədbirlərdə belə rayon kino birliyinin fəaliyyəti tənqid olunurdu. Rayon rəhbərliyi vəziyyəti yaxşılaşdırmaqdan ötrü Balaşirin Eloğlunu birliyin direktoru təyin etdi. O, bu çətin işdə 23 il çalışdı. Xeyli avadanlıq və nəqliyyat aldı. Kənd klublarını kino qurğuları ilə təchiz etdi.
   Aradan üç il keçəndən sonra birlik respublikada nümunəvi təsərrüfata çevrildi, gəliri artdı, özünü maliyyələşdirdi. Kino tamaşaçılarının sayı 2-3 dəfə artdı. Azərbaycan kinosu ən ucqar dağ kəndlərində təbliğ olundu. Balaşirin müəllim rayonda ən nüfuzlu ziyalılardan biriydi. İctimai həyatda fəal mövqeyi, kəsərli sözü ilə seçilirdi. Aramızda yaş fərqi olmasına baxmayaraq, biz dost idik. Böyük qardaş kimi məndən öz məsləhətlərini əsirgəməzdi. Xeyrə, şərə bir gedər, çətin anlarda bir-birimizə dayaq olardıq.
   1991-ci ilin əvvəllərində Balaşirin Eloğlu bu dünyayla vidalaşdı.
   Xeyirxah əməllər sahibi olan eloğlumuzun ruhu qarşısında yerinə yetirə bilmədiyimiz bir borcumuz qalıb. El-obada dillər əzbəri olan şeirlərini yaxın vaxtlarda kitab şəklində çap etdirmək niyyətindəyik.
   
   Həmzə Vəliməmmədov,
   Lerik rayonu