1882-ci ildə Tiflisdə litoqrafiya üsulu ilə (daş basmaxanası) qiymətli bir kitab çap olundu. Bu müsəlman-azərbaycanlı balaları üçün yazılmış, o vaxta kimi analoqu olmayan, yeni tipli milli dərslik idi. O zaman heç kəs güman etməzdi ki, böyük maarifpərvərlik yanğısı, elmə, təhsilə məhəbbət ruhunda, əsl pedaqoq qələmi ilə yazılmış “Vətən dili” adlı bu ilk dərslik milli təhsilimizin inkişafında böyük intibaha səbəb olacaq. Təsadüfi deyil ki, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında əvəzsiz xidmətləri olmuş C.Məmmədquluzadə, N. Nərimanov, Ü. Hacıbəyov, M. Maqomayev, S.S.Axundov, F. Köçərli, İ. Musabəyov, R. Əfəndiyev, B. Bədəlbəyov və digər görkəmli şəxsiyyətlərin yetişməsində böyük rol oynamış bu kitab 1910-cu ilədək düz yeddi dəfə nəşr olunmuşdur. Sonralar, milli ədəbiyyatımızın tədqiqatçısı Firidun bəy Köçərli bu dərslik haqqında belə yazırdı: “Vətən dili” bizim məktəblərdə tamam yeni bir dövr açdı”. Təəssüf ki, 1920-ci ilədək istifadə olunan bu dərs vəsaiti bolşeviklərin istilasından sonra tariximizin bir çox səhifələri kimi tamamilə unuduldu və bir kənara atıldı. Bəs bu qədər məşhur olan, yeddi dəfə nəşr edilən dərsliyin müəllifi kim idi? Bugünkü gənc nəsil onun haqqında nə bilir?
   
   “Mədəniyyət” qəzeti bu suallara aydınlıq gətirmək məqsədilə paytaxt sakinləri arasında eksklüziv sorğu keçirib. Sorğuda iştirak edənlərin demək olar ki, 50 faizi adıçəkilən kitab və onun müəllifi barədə, ümumiyyətlə, heç bir təsəvvürə malik olmadıqlarını bildiriblər. Suallara qeyri-dəqiq və yanlış cavab verənlər 30 faiz təşkil edib. Respondentlərin 20 faizi isə cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər. Beləliklə, ”Mədəniyyət” qəzetinin bu sayından etibarən milli maarifçilik mədəniyyətimizin tarixi, onun keçdiyi inkişaf yolu, cəfakeş maarifçilərimizin həyat və fəaliyyəti ilə bağlı silsilə yazılar dərc edəcəyik. Aşağıdakı məqalə bu sıradan ilk təşəbbüsdür.
   
   İki sitat
   
   1895-ci ildə Tiflisdə nəşr olunan “Novoye obozreniye” qəzetində məşhur ədəbiyyatşünas, görkəmli tədqiqatçı Firidun bəy Köçərlinin imzası ilə maraqlı bir məqalə dərc olunur. Məqalədə vaxtilə Qori Müəllimlər Seminariyasında ona dərs demiş mərhum pedaqoq Aleksey Osipoviç Çernyayevski haqqında xoş sözlər deyilir, bu nəcib insanın müəllimlik ləyaqətinə, pedaqoqluq istedadına yüksək qiymət verilirdi. Məqalə müəllifi böyük bir qədirbilənlik və təəssübkeşlik hissi ilə yazırdı: “Mərhum Çernyayevski...gözəl pedaqoq idi, sadə xalqın və uşaqların danışdığı Azərbaycan dilini də yaxşı bilirdi. Azərbaycan xalq məsəllərini heç kəs öz danışığında onun qədər yerli-yerində işlətmirdi”.
   Elə həmin ərəfədə, digər tanınmış ədib, görkəmli maarif xadimi Rəşid bəy Əfəndiyev isə “Çernyayevski kimdir?” sərlövhəli məqaləsində Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin rəhbəri, böyük maarif fədaisi, azərbaycanlı uşaqlar üçün Avropa tipli ilk milli dərslik yazaraq çap etdirmiş, bütün şüurlu həyatını, fitri istedad və bacarığını milli maarifimizin inkişafına sərf etmiş, 40 illik pedaqoji fəaliyyəti dövründə 250 nəfərdən artıq azərbaycanlı ziyalı yetişdirmiş A.Çernyayevskinin vəfatından sarsıldığını bildirir, müəllimi və dostu olmuş bu insanın Azərbaycan maarifi üçün sərf etdiyi əməyi yüksək qiymətləndirirdi. Rəşid bəy məqaləsində belə bir həqiqəti də vurğulayırdı ki, Aleksey Osipoviç istər maarif sahəsində, istərsə də şəxsi həyatında hər kəsə nümunə ola biləcək nadir şəxsiyyətlərdən idi. Müəllif sonda “Çernyayevski kimdir” sualını təkrarlayaraq, öz sualına elə özü də cavab verərək yazırdı: “Çernyayevski Şamaxıda, kasıb bir rus ailəsində doğulmuş və Azərbaycan dilini azərbaycanlı oğlu kimi mənimsəmiş çox əxlaqlı, çox tərbiyəli bir zat idi”.
   
   Çaparxana işçisi...
   
   1840-cı ildə Azərbaycanın qədim və zəngin mədəniyyət mərkəzi Şamaxıda dünyaya göz açan balaca Aleksey uşaqlıq çağlarından maddi ehtiyac içərisində yaşayıb. Imkanı olmadığı üçün təhsilini tamamlaya bilməyən bu istedadlı insan həyatını yenidən qurmaq, taleyini bir daha sınamaq məqsədilə gənc yaşlarında ikən qoca anası ilə birlikdə Mərəzə kəndinə (indiki Qobustan rayonu) köçərək buradakı çaparxanada (Poçt idarəsi) işə düzəlir. Boş vaxtlarında kasıb azərbaycanlı balalarını başına toplayaraq onlara pulsuz və təmənnasız savad öyrədən, təlim-tərbiyə verən Çernyayevski tədricən bu işin aludəçisinə çevrilir. Cədvəl tərtib edir, məşğələlər keçirir, kənd uşaqlarını yazıb-oxumağa həvəsləndirmək üçün əlindən gələni əsirgəmir. Az sonra onun bu fəaliyyəti və məşğələləri əsl məktəb halına düşür. Məlumatlara görə, 1867-ci ildə Mərəzə kəndindəki bu məktəbdə 81 nəfər şagirdin oxuduğu bildirilir. Maraqlıdır ki, onların arasında 4 nəfər müsəlman qız uşağı da var imiş.
   Yaxşı deyiblər ki, tale onunla mübarizə etməyə cəsarəti olan insanlardan heç vaxt üz çevirmir. Təsadüfi deyil ki, qısa bir zaman kəsiyində Mərəzə kəndindəki bu məktəbin sorağı ətraf yerlərə də yayılır. 1867-ci ildə xoş bir təsadüf Çernyayevskinin həyatında böyük bir dönüş yaradır, onun gələcək taleyini qəti şəkildə müəyyənləşdirir. Həmin il Bakıya gəlmiş Qafqaz Maarif Şöbəsinin müdiri Y.M. Neverov Mərəzə kəndindən keçərkən yerli çaparxana işçisinin məktəbi barəsində xoş və tərifli sözlər eşidir. Çernyayevskinin gənc-həvəskar müəllim kimi əldə etdiyi müvəffəqiyyətlər maarif müdirini heyran edir. Çernyayevski ilə tanış olan Neverov ona tezliklə Tiflisə gəlməyi, burada maarif sahəsində çalışmağı təklif edir və bu işdə ona yardımçı olacağını bildirir. Geri dönərkən Neverov Qafqaz canişininə bu barədə belə bir rəsmi məlumat verir: “Heç bir elmi, hətta pedaqoji təhsil görməyən, lakin geniş məlumatlı, fitri istedadlı Çernyayevski o qədər də tanış olmadığı maarif sahəsində gözəl nəticələr əldə etmişdir”.
   Cəmi bir il sonra Çernyayevski öz ərizəsinə əsasən Mərəzə kənd çaparxanasındakı işindən çıxaraq Tiflisə gəlir. Neverovun məsləhəti və təkidi ilə gimnaziyada ekstern üsulu ilə imtahan verib müəllimlik şəhadətnaməsi alır. Kənd çaparxanasında yaşanan həyat isə tezliklə xoş bir xatirəyə çevrilir.
   
   Qori seminariyasında
   
   1879-cu ildə Qori Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsinin açılması məsələsi müzakirəyə çıxarılan zaman A. Çernyayevski bu şöbənin təşkili və yaradılması üçün ən münasib və layiqli şəxs hesab edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı yaşayış məntəqələrini, kənd və şəhərlərini qarış-qarış gəzib, seminariyanın yenicə açılmış Azərbaycan şöbəsində oxumaq üçün şagird toplayan Aleksey Osipoviç cəmi bir neçə gənc ilə geri qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (İrəvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxlayır.
   O zaman A.Osipoviçi düşündürən problemlərdən biri də azərbaycanlı şagirdlər üçün milli dərsliyin yaradılması məsələsi idi. Ona görə də bu maarif fədaisi Şamaxı, Mərəzə və Tiflisdə yaşayıb işləyərkən əldə etdiyi, böyük qayğı ilə topladığı materialların əsasında Azərbaycan dilində ilk milli dərslik yazmağa başlayır. 1882-ci ildə Çernyayevski “Vətən dili” adlanan bu dərsliyi Tiflisdə daş basmaxanasında nəşr etdirir. Kitabda ilk dəfə olaraq dilimizin qrammatik qayda-qanunları, durğu işarələri, orfoqrafiya və yazı qaydaları haqqında məlumat verilirdi. 1888-ci ildə böyük pedaqoq Səfərəli bəy Vəlibəyovla birlikdə “Vətən dili”nin II hissəsini də çap etdirir.
   A.Çernyayevskinin milli maarif sahəsindəki xidmətlərini sonralar Azərbaycanın görkəmli ziyalıları dönə-dönə, qədirbilənliklə xatırlamış, onun bu sahədəki zəhmətinə yüksək qiymət vermişlər. Çernyayevski özü də gördüyü işin necə ağır və məsuliyyətli olduğunu dönə-dönə qeyd etmiş, lakin bundan böyük zövq aldığını söyləmişdir. O, 1879-cu ilin iyununda seminariyanın o zamankı direktoru D. Semyonova göndərdiyi məktubunda yazırdı: “Çox hörmətli Dmitri Dmitriyeviç! Mənə verdiyiniz tapşırıq kifayət qədər yerinə yetirilmişdir. Açığını desək, bu səyahət mənə çox baha başa gəldi. 3600 kilometrdən artıq məsafənin 2400 kilometrini 30-40 dərəcə istidə, əzablı yollarla və özü də müxtəlif nəqliyyat vasitələri ilə keçib getməli oldum. Bu da mənim zəif səhhətimdə əks olunmaya bilməzdi. Lakin bu saysız-hesabsız əzab və əziyyətlərə baxmayaraq, tapşırığı imkanım dairəsində müvəffəqiyyətlə yerinə yetirdiyim üçün çox şadam”.
   Məlumatlara görə, bu fədakar maarifçi Azərbaycan dilində “Fikir” adlı qəzet nəşr etmək istəmiş, lakin buna nail ola bilməmişdir. Böyük rus pedaqoqu Uşinskinin mütərəqqi pedaqoji ənənələrini Azərbaycan mühitində müvəffəqiyyətlə davam etdirən A. Çernyayevski 1894-cü ildə Tiflisdə vəfat etmiş və öz sevimli şagirdlərinin, məsləkdaşlarının, dostlarının çiynində son mənzilə yola salınmışdır.
   Çernyayevski kimi insanlar haqqında danışarkən məşhur bir kəlam yada düşür: “İşıqlı əməl sahibləri olmasaydı, dünya qoltuq ağaclarına söykənərdi”. Bəli, işıqlı əməllər zaman keçdikcə nəinki sönmür, əksinə daha cazibədar, daha güclü, daha parlaq olur. Təqribən bir əsr yaşı olan “Vətən dili” adlı milli dərsliyimiz də bu böyük işığın bir zərrəsidir.
   
   Cəlal Tağıyev