Alman tənqidçisi və yazıçısı Tomas Mann 1875-ci ilin 16 iyununda Almaniyanın şimalında yerləşən Lübek şəhərində doğulmuş və 1955-ci ildə Sürixdə vəfat etmişdir. Orta təhsilini bitirdikdən sonra o, sığorta şirkətində işə düzəlmiş və elə həmin dövrdə bədii yaradıcılığa başlayaraq, "Atılmışlar" adlı ilk əsərini qələmə almışdır. Mann çoxsaylı səfərlərdə və səyahətlərdə olmuş, eyni zamanda roman və hekayələr yazmaqda davam etmişdir. 1929-cu ildə o, ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür. Hitlerin hakimiyyətə gəlişi və Çexoslovakiyanın işğalından sonra Mann faciəvi sonluğu duyub öz həmvətənlərindəki militarist əhval-ruhiyyəyə etiraz əlaməti olaraq, Almaniyanı tərk etmiş və həyatının qalan hissəsini Amerikada və İsveçrədə keçirmiş, bir daha Almaniyaya qayıtmamışdır. Yazıçının bədii dil sahəsindəki sənətkarlığı ona alman ədəbiyyatının klassikləri ilə bir sırada dayanmaq hüququ qazandırmışdır. Əslində onu alman ədəbiyyatının sonuncu klassiki saymaq olar. Onun nəsri özündən sonrakı ədəbiyyata əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
   1712-ci il iyunun 28-də Fransız filosofu, yazıçı, bəstəkarı XVIII əsr Fransada maarifçilik hərəkatının ən görkəmli nümayəndəsi, ensiklopediyanın yaradıcılarından biri olan Jan-Jak Russo anadan olmuşdur. 1789-1794-cü illərdə Fransa Burjua İnqilabı zamanı onun əsərləri yakobinçilərin əsas ideya dayağı olmuşdur. Anası Russo doğulandan 2-3 gün sonra vəfat etmişdir. Atası 10 yaşı olarkən Russonu əmisi Bernarın himayəsinə vermişdir. Kilsə təhsili almışdır. Sınaq müddətindən sonra oymaçı ustası yanında şagird kimi fəaliyyət göstərmiş və bu sənətə yiyələnmişdir. 1728-ci ildə ustanın yanından qaçmış və yeni tanış olduğu xanım Varansın himayəsi altında Turin seminariyasına qəbul olunmuşdur. Lakin Russo buradan da qaçır. Bir neçə həftədən sonra xanım Veresilisin evində xidmətçi kimi işləyir. Sahibinin öümündən sonra başqa evdə xidmətçi işləməyə məcbur olur. Xidmətçi həyatını xoşlamayan Russo yenidən xanım Varansın yanına qayıdır. Xanım Varans onu dini təhsil almaq üçün seminariyaya qoyur.
   Russonun musiqiyə olan həvəsi onun bu seminariyadan da qovulması ilə nəticələnir. Kilsə orqanisti onu şagird kimi yanına götürsə də, bir ildən sonra Russo buradan da qaçır.
   Bundan sonra adını dəyişir və fransız musiqiçisi kimi səyahətə başlayır.
   1742-ci ildə Parisə qayıdır və mühacirətdə olduğu müddətdə yazdığı dram əsərlərini və şeirlərini nümayiş etdirmək niyyətinə düşür. O, həmçinin yeni not sistemi kəşf etdiyini elan edir, lakin yeni not sistemi heç kimi maraqlandırmadı, pyeslərini isə heç bir teatr nümayiş etdirmək istəmədi.
   Pulunun qurtardığı bir vaxtda rəhmdil iezuit onu məşhur xanımların evinə salır, Russo öz şeirlərini xanımlar üçün oxuyur. Burada o, məşhur musiqiçi, yazıçı, elm xadimləri ilə, həmçinin ensiklopediyanın yaradıcıları Dalamber və gənc Didro ilə tanış olur.
   1743-cü ildə Russo Fransanın Venesiyadakı səfirinin katibi kimi fəaliyyət göstərir. Cəmi bir il fəaliyyət göstərən Russo Parisə qayıdır. Bu zamandan başlayaraq onda aristokratlara qarşı nifrət artır.
   Öz prinsipləri əsasında yaşamağı üstün tutan Russo ona təklif edilən vəzifələrdən və əksər bahalı hədiyyələrdən imtina edir.
   Onun «Kənd cadugəri» (Le Devin du village) adlı komik operası Fontenbloda tamaşaya qoyulur. Bu tamaşaya baxanlar arasında Fransa kralı da olur.
   Türkiyənin məşhur romançısı və Nobel mükafatı almış ilk türk yazarı olan Orxan Pamuk 7 iyun 1952 - ci ildə İstanbulda doğulmuşdur. “Cövdət bəy və oğulları”, “Qara kitab” adlı romanlarında bəhs etdiyi kimi geniş bir ailədə şəhərin Nişantaşı adlı qərbləşmiş və varlıların yaşadığı bir yerdə böyümüşdür. Avtobioqrafik əsəri olan “İstanbul”da da Orxan Pamuk uşaqlığından, iyirmi iki yaşına qədər gələcəkdə rəssam olacağını düşünərək çox ciddi-cəhdlə rəsmlər üzərində işlədiyindən bəhs etmişdir.
   İstanbuldakı amerikan məktəbi olan Robert Kolleci bitirərək, İstanbul Texniki Universitetinin memarlıq fakültəsində 3 il oxuduqdan sonra memar və rəssam olmayacağına qərar verib universitetdən uzaqlaşdı. Orxan Pamuk 23 yaşından yazıçı olacağına qərar verir.
   İlk romanı “Cövdət bəy və oğulları” yeddi il sonra - 1982 - ci ildə nəşr edildi. İstanbullu və Pamuk kimi Nişantaşında yaşayan bir ailənin üç nəslinin hekayəsini özündə əks etdirən bu roman Orxan Kamal və “Milliyyət” roman mükafatlarına layiq görüldü. Bundan bir il sonra Orxan Pamuk “Səssiz ev” adlı romanını nəşr etdirdi və bu kitabın fransızca tərcüməsi ilə “Prix de la decouverte Europeene” adlı mükafatı da qazanmış oldu. Venesiyalı bir kölə ilə Osmanlı alimi arasındakı gərginliklərdən və dostluqdan bəhs edən “Bəyaz qala” (1985) adlı romanı keçən əsrin 90 - cı illərindən sonra ingilis dili yanaşı, bir çox dillərə tərcümə edildi və Orxan Pamuku beynəlxalq aləmdə ilk məşhurlaşdıran roman oldu. İstanbulun küçələrini, keçmişini, ruhunu itmiş həyat yoldaşını axtaran vəkilin vasitəsilə tərənnüm edən “Qara kitab” romanı isə Orxan Pamukun şöhrətini həm Türkiyəyə, həm də bütün dünyaya yaydı. Osmanlı və İran nəqqaşlarını və Qərbin xaricindəki dünyanı görmə və ifadə etmə tərzini bir eşq və ailə macərası şəklində təqdim etdiyi “Mənim adım qırmızıdır” romanı 1998 - ci ildə nəşr edildi. Bu kitabı ilə Orxan Pamuk Fransada “Prix Du Meileur Livre Etranger”, İtaliyada isə “Grinzane Cavour” və “İnternational Impac-Dublin” mükafatlarını qazandı. 1990 - cı illərin ortalarından isə Orxan Pamuk insan haqları, fikir azadlığı mövzularında məqalələr yazaraq, türk dövlətinə qarşı tənqidi bir mövqe nümayiş etdirdi. Ancaq siyasətə qarışmadı. “İlk və son siyasi romanım” deyə tanıtdığı “”Qar” adlı əsərini 2002 - ci ildə nəşr etdirdi. Şərqi Anadoludakı Qars şəhərində siyasiləşmiş islamçılar, hərbçilər, laiklər, kürd və türk millətçiləri arasında cərəyan edən gərginliklərdən bəhs edən yeni bir üslubda “siyasi roman” yazdı. Xarici və türk mətbuatında nəşr edilən ədəbiyyat və mədəniyyət mövzularında yazdığı məqalələri ilə öz qeyd dəftərindən seçdiyi geniş mövzulu yazıları Orxan Pamuk “Ötəki rənglər” adı ilə 1999 - cu ildə nəşr etdirdi. Orxan Pamukun 2003 - cü ildə nəşr etdirdiyi son kitabının adı “İstanbul”dur. Otuz ildir roman yazan Pamuk yazıçılıqdan başqa heç bir işlə məşğul olmamışdır. Orxan Pamukun “Mənim adım Qırmızıdır” romanı yapon dilində də nəşr olunub. Bu günə qədər onun əsərləri dünyanın 34 dilinə çevrilib.
   Orxan Pamuk yaradıcılığında doğma şəhərinin melanxolik ruhunun axtarışı nəticəsində mədəniyyətlərin toqquşması və qovuşması üçün yeni simvollar tapdığına görə 12 oktyabr 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür .
   
   Hazırladı: Sabutay