Məlum olduğu kimi, 2011-ci il aprelin 7-9-da Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Foruma hazırlıqla bağlı İşçi qrupunun növbəti iclası dekabrın 16-17-də Avropa Şurasının Strasburqdakı qərargahında keçirilib. 
   
   İclasda UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəhbər şəxsləri, Avstriya Federal Mədəniyyət və Təhsil Nazirliyinin şöbə müdiri Norbert Riedl və müstəqil ekspert Robin Vilson iştirak edib.
   Azərbaycan tərəfindən görüşdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov və həm Avropa Şurası, həm də UNESCO yanında daimi nümayəndəliklərin əməkdaşları iştirak edib. İclası zamanı Forumun gündəliyi, konsepsiya sənədi, əlavə təşkil ediləcək tədbirlər barədə müzakirələr aparılıb.
   Müzakirələr nəticəsində Forum çərçivəsində keçiriləcək ayrı-ayrı sessiyaların, tədbiri dəstəkləyən beynəlxalq qurumlar tərəfindən təşkili və müvafiq moderatorlarla təmin etmələri, həmçinin tədbirin konsepsiya sənədinin sistemli şəkildə hazırlanaraq iştirakçılara göndərilməsi razılaşdırılıb. Forum çərçivəsində Avropa Şurasının “Mədəniyyətlərarası şəhərlər” proqramının qlobal bir layihə kimi təsis edilməsi və həmin şəhərlərin rəhbərlərinin ayrıca görüşünün təşkil edilməsi, həmçinin Azərbaycanın bir şəhərinin mədəniyyətlərarası şəhər seçilməsi üçün təqdim edilməsi, habelə Avropa Şurası Şimal-Cənub Mərkəzinin Avropa “think-thank” görüşünün təşkili barədə ümumi razılıq əldə olunub. İclasda Forumun təşkili və sənədlərin hazırlanması istiqamətində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək bütün tədbirlərin cari ilin yanvar ayının sonuna kimi yekunlaşdırılması və fevralın əvvəlində İşçi qrupun növbəti iclasında təqdim edilməsi qərara alınıb.