Şaumyan Hindistanın Mədrəs şəhərində dəfn edilib
(əvvəli ötən sayımızda)
Məhəmməd Əsədbəy atasından gizlin, pəncərədən düşərək qazamata doğru qaçıb və 26-ların əliqandallı, edam edilmək üçün çölə aparıldığının şahidi olub.
“Çölə (Ağcaqum çölü nəzərdə tutulur - X.İ.) isə getmədim. Həvəsim ölmüşdü...” - deyə hadisənin sonluğunu ənənəvi qaydada (başqalarından eşitdiyi və ya kommunistlərin yazdığı kimi) tamamlayan Məhəmməd Əsədbəy Azərbaycan tarixi üçün önəmi olan çox ciddi bir məsələdə başısoyuqluq edərək fürsəti qaçırır. Məsələ burasındadır ki, o, Qızılsu Respublikasındakı bir çox şahidlərdən fərqli olaraq, Stepan Şaumyanı, Tatevos Amiryanı və b.-nı üzdən yaxşı tanıyırdı. Əgər qazamatda ikən onlar dəyişdirilmişdisə və ya güllələnmə səhnəsində hər hansı qurama epizod var idisə, bunu az-çox ayırd edib sonradan yazmaq imkanına malik idi.
Azərbaycanlıların qisasını qismən də olsa almış olan gürcü knyazı Alaniya isə iki il sonra Dağıstanda təsadüfən çılğın dağlı kommunistlərin əlinə keçmiş, vaxtilə 26-ları tutuqladığı və edam hökmü verdiyi üçün amansızcasına öldürülmüşdü. Onun qarnını yarıb, qum və daş dolduraraq, sonra tikmişdilər...
Onu da qeyd etmək gərəkdir ki, həmin vaxt çox gənc olan Məhəmməd Əsədbəy məsələyə ingilislərin gizli şəkildə müdaxiləsindən xəbər tuta bilməzdi; çünki bu, həm Birləşmiş Qüvvələr, həm də Sovet Rusiyası üşün dövlət sirri idi.
Əsl həqiqət isə bambaşqaydı. Aşağıdakı rəsmi sənəd də məhz 26-lardan bir qisminin 20 sentyabr 1918-ci il tarixində Ağcaqum çölündə güllələnmədiyini təsdiq edir.
Stepan Şaumyanın Ağcaqum çölündə güllələnmədiyinə dair arxiv sənədinin surəti:
26 февраля 1919 г.
№ 894
Секретно
Министру-председателю, министру иностранных дел
…
Тифлисской радиостанцией перехвачена радио-телеграмма из Астархани на имя Соколова (по-видимому, сенатора), касающаяся обмена военнопленными: Шаумяна и др. - с арестованными членами Союзной миссии, причем телеграмма заканчивается следуюущими словами: «до скорого свидания в Баку».Дипломатический Представитель Азербайджанской Республики при Правительстве Грузинской Республике - подпись
И. об. Военного Атташе
Подполковник - подпись
* * *
Stepan Şaumyanın Ağcaqum çölündə güllələnmədiyinə dair arxiv sənədinin surətinin tərcüməsi:
26 fevral 1919-cu il
№ 894
Məxfidir
Baş nazirə, xarici işlər nazirinə
Tiflis radiostansiyası tərəfindən Həştərxandan Sokolovun adına (görünür ki, senatordur) radio-teleqram tutulmuşdur. Teleqram hərbi əsirlərin - Şaumyan və b.-nın müttəfiq dövlətlərin həbs olunmuş üzvləri ilə dəyişdirilməsinə toxunur və bu sözlərlə yekunlaşır: “Tezliklə Bakıda görüşənədək”.
Azərbaycan Respublikasının
Gürcüstan Respublikası Hökuməti yanında diplomatik nümayəndəsi - imza
Hərbi attaşeni əvəz edən
Podpolkovnik - imza
* * *
Qeyd:
Söhbət gedən sənəd haqqında 2008-ci ilin sentyabrında ANS televiziyasının “Dahilərin divanı” verilişində bu sətirlərin müəllifi açıqlama versə də, təəssüf ki, sonradan yazılı və elektron KİV-lər gərəkli müzakirə açmadılar. Ancaq 24-26 yanvar 2009-cu ildə Bakıdakı “Sahil bağı”nda aparılan qazıntıda 26-lardan yalnız 23-nün cəsədinin (tabutda) aşkar olunmasından sonra eyni sənədin AMEA Tarix İnstitutu tərəfindən “tapıldığının” elan edilməsi bütün medianı və ictimaiyyəti hərəkətə gətirdi.
Yanılmıramsa, belə bir sənədin varlığını müasirlərimizdən ilk dəfə akademik Ziya Bünyadov dilə gətirmişdi. Sənədin surəti də “Azərbaycan SSR EA-nın Xəbərləri”ndə hələ 20 il öncə tirajlanmışdı. (Tarix, fəlsəfə, hüquq seriyası, 1989, №2, səh.140). Tarix İnstitutunun vaxtilə yayınladığı sənədi yenidən “tapması” özünüreklamdan başqa bir şey deyil.
AMEA-nın Tarix İnstitutunun 26-larla bağlı önəmli gizlinləri aşkarlamağa yönəlik son fəaliyyətləri təqdir edilməlidir. Məxfi kodlar İngiltərə və Rusiyanın əlində olsa da, nəticələri Hindistanın (güman ki) Mədrəs şəhərindəki qəbiristanlıqlardan birindəki cənazə qalıqları ilə tutuşdurmaq müşküldür. Doğrudur, Azərbaycan xalqının soyqırımının təşkilatçısı və rəhbəri olmuş Şaumyanın, Tatevos Amiryanın və başqa birisinin sür-sümüklərinin Mədrəsdəki hansı çatlamış gorda olması o qədər də maraqlı deyil.
Təbii ki, vaxtilə özü bu qalmaqallı sövdələşməyə girişmiş Rusiya dövləti indi sirlərin açılmasında maraqlı olmayacaq. Hindistan dövləti də həmçinin. Üstəlik, Hindistan həm Ermənistanın lehinə mövqe tutmuş bir dövlət kimi, həm də orada ciddi nüfuzu olan yerli erməni icmasının təsiri ilə Mədrəsdəki cəsədlərin ekspertizasına icazə verməyəcək. İngilis arxivlərindən aşkarlanacaq sənəd və materiallar əsasında müəyyən qənaətə gəlmək mümkündür.
Bir qədər də dillərdə “dastan” olmuş “26-lar”ın sayı barədə... Hələ sovetlər dönəmində, güllələnmək üçün tutuqlanan “26-lar”ın gerçək sayının bu rəqəmdən artıq olduğu bildirilirdi.
“27-ci komissar” onlarla eyni cinayətlərin ortağı olmasına və birgə tutuqlanmasına baxmayaraq, Şaumyangilin xilası üçün danışıqların təməlini qoyan və bu işdə önəmli rol oynayan, əslində Anastas Mikoyan idi.
Mikoyan özü isə mindikləri “Türkmən” gəmisindəki olaylarla bağlı 1971-ci ildə Moskvada yayınlanmış “Xatirələrim” kitabında bəzi ilginc məqamlar haqda belə yazır:
“Mindiyimiz “Türkmən” gəmisini Mahaçqalaya gedən “Sentrokaspi” karvanından yayındırıb Həştərxan istiqamətinə yönəltdik; lakin nə əsgərlər, nə gəminin matrosları, nə də qaçqınlar ora getmək istəmədilər, bəhanə gətirdilər ki, Həştərxanda aclıqdır. Sonra bildik ki, general Denstervilin dəstəsindən gəmidə olan iki ingilis zabiti daşnak komandirlərlə əlbir olub camaatı bərk qorxudublar. İngilis zabitlərindən başqa gəmidə döşünə “Georgi xaçı” taxmış erməni də vardı. Krasnovodskiyə çatanda yalnız iki ingilis zabiti (onların nə üçün gəmidə olmalarını başa düşə bilmədik) və bir də döşünə “Georgi xaçı” taxmış erməniyə gəmidən sahilə düşməyə icazə verildi; həmin erməni deyirdi ki, yerli hökumətə vacib məlumat çatdırmalıyam”.
...Komissarları həbs edəndə həmin o iki nəfər ingilis zabiti və “Georgi xaçı” taxmış erməni yerli məmurlar arasında idilər. “Georgi xaçı” taxmış erməninin fəaliyyəti ingilis casusu kimi Mikoyanın yuxarıda adı çəkilən əsərinin sonrakı səhifələrində ətraflı təsvir edilir.
Ancaq çox güman ki, bütün qaranlıq məqamları, o sıradan ingilislərə casusluq fəaliyyətini təkcə “Georgi xaçı” taxmış erməninin üzərində lokallaşdırmaqla Mikoyan həm ictimai fikri yönəldir, həm də özünü və özü ilə bağlı adamları sovet quruluşunun cəza maşınından yayındırırdı. Ola bilməzdi ki, gəmidəki və sonra qazamatdakı olaylarla bağlı Mikoyanın “Georgi xaçı” taxmış erməni ilə və ingilislərlə təması, danışıqları olmasın - nəticələr bunu təkzib edir...
Mikoyanın oradan, özü də aşkar şəkildə qurtulmasının və “28-ci komissar” kimi tutuqlanmış Şaumyanın oğlu, 16 yaşlı soyqırımçı (RK(b)P Bakı Komitəsi yanında döyüş drujinası pulemyotçular komandasının rəisi) Sureni də azad etdirə bilməsinin səbəbləri üzərində düşünərkən, hər dəfə Nərimanovun Stalinə məktubundakı bir fakt yadıma düşür. Nərimanov həmin vaxt məxfi məktubunda Stalinə bəyan edirdi: “...Mənim “Bahadır və Sona” romanım (Nərimanov romanda təbliğ etdiyi türk-erməni dostluğuna işarə vurur - X.İ.) Mikoyan hələ daşnak olarkən artıq uğur qazanmışdı.
Onda nə üçün 20 il keçdikdən sonra mən millətçi olmalıyam, Mikoyan isə beynəlmiləlçi?”.
Deməli, 26-lar tutuqlanarkən də Mikoyan özünü daşnak kimi təqdim edərək, həmin dustaqların onun nəzarətində olduğunu bildirmişdi. Daşnakların ingilisləri Bakıya dəvət edənlər sırasında olması və Mikoyanın rəsmən daşnak bileti təqdim etməsi ona bu fürsəti yaratmışdı... (Xatırladaq ki, 1920-ci ilin aprelində XI Qırmızı Ordunu Azərbaycana dəvət edənlərin başında məhz Mikoyan dururdu).
Yeri gəlmişkən, bəzi qəzetlər AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudlunun dilindən “Şaumyanın, Tatevos Amiryanın və Arsen Avenyanın cənazəsinin qalıqlarının “26-lar bağı”nda tapılmadığını” bildirirlər. Tatevos Amiryan əvvəldən axıradək Daşnaksütyun Partiyasının üzvü olmuş, qaçmaq istədikləri gəmidəki “Bakı kommunası”na bağlı silahlı dəstəyə də o, komandanlıq etmişdi. 25 “Bakı komissarları”nın Qızılsuda tutuqlanması zamanı onları müdafiə edərək həbslərinə mane olmağa səy göstərdiyi üçün o da tutuqlanmış, beləliklə sonralar hər kəsin alışdığı bu olayla bağlı hallanan 26-lar rəqəmi belə “düzəlmişdi”. Ancaq 26-lar sırasında Arsen Avenyan adlı birisi yerli-dibli olmamışdır; o sırada olan “Arsen” adlı şəxsin soyadı isə “Amiryan”dır, o sırada “Avenyan” soyadlı şəxs əsla yoxdur. Arsen Amiryan da Tatevosun qardaşıdır, o da vaxtilə Daşnaksütyun Partiyasının üzvü olmuşdu. Yox, əgər həmin gəmidə Arsen Avenyan adlı bir şəxs vardısa və güllələnərək cəsədi “26-lar bağı”nda dəfn edildiyi bildirilmişdisə, belə birisinin rəsmi sovet ensiklopediyalarında adının əsla keçməməsi də növbəti sual doğurur. O da mümkündür ki, qəzetlər Ağcaqumda güllələnməmiş olan üçüncü erməninin soyadını yanlışlıqla “Avenyan” yazsınlar. Cavabsız suallar çoxdur. Ancaq bu sualların gerçək cavabı var. Mövzu araşdırma tələb edir.
Xaqani İSMAYIL