XIX əsrin axırı, XX əsrin əvvəllərində Rusiyada baş verən ictimai-siyasi hadisələr nəticəsində iqtisadi böhran tüğyan edir. Ancaq buna baxmayaraq, sənətkarlıq, o cümlədən toxuculuq və parça istehsalı öz axarı ilə gedir. Eyni zamanda ölkənin ictimai-mədəni həyatında yeniliklər baş verir. Kapitalist münasibətlərinin inkişaf etməsi ilə əlaqədar kustar istehsalın bəzi sahələrində oyanma özünü göstərir. İlk manufaktura müəssisələri yaranır. Parça üçün əsas element olan boyaq məhsulunun istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Bunun da nəticəsində toxuculuq sənayesində kustar fabriklər yaranır və getdikcə inkişaf edir. Ölkədə parça istehsalı artır. Ancaq təəssüf doğuran bu olur ki, həmin məhsulun doxsan faizi Həştərxan su yolu ilə Sankt-Peterburq şəhərinə daşınır. Çar Rusiyası bu zaman ölkənin yeni yaranan toxucu fabriklərini Azərbaycandan gətirilən ipək, pambıq, boyaq və digər xammalla təmin edir. Bu işi davam etdirmək məqsədilə nə lazımsa hamısı təşkil olunur.
   Onu da qeyd edək ki, XIX əsrin axırlarında Avropa pambıq parça sənayesində böhran keçirir. Bu böhrandan Rusiya da ziyan çəkir. Buna görə də Azərbaycanda pambıqçılıq və boyaq işinə maraq daha da artır. Onun hərtərəfli inkişafına önəm verilir. İstehsal maksimum səviyyəyə çatdırılır. Lakin həmin parçaların çox az hissəsi yerli bazarlarda satılır. Ölkənin ucqar yaşayış məntəqələrinə heç gedib çatmır. Həm də bazarlarda satılan rus çitinin keyfiyyəti çox aşağı olur. Ona görə də Azərbaycanda qaçaqmalçılıq yaranır. Bazarlarda İrandan, Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilən keyfiyyətli və çeşidli çit parçalar görsənir. Rusiya isə hər vasitə ilə bunun qarşısını almağa çalışır... Görkəmli yazıçı və dramaturq M.F.Axundovun “Hacı Qara” əsərində də Heydər bəy nişanlısı Sona xanımla etdiyi söhbətlərin birində həmin qaçaqmalçılıqdan danışır...
   Xalq ehtiyac içində boğulur, ölkədə isə istehsal olunan məhsul xarici ölkələrə daşınırdı. Bu ədalətsizlik narazılığa səbəb olur. Azərbaycan xalqının milyonçu və böyük xeyriyyəçi oğlu Hacı Zeynalabdin Tağıyevi bu məsələ hədsiz narahat edir. Məsələnin köklü həlli üçün bəzi rəsmi dövlət məmurlarına müraciət edir. Lakin bir şey hasil olunmur. Sonra məlum olur ki, rus hökuməti bu gəlirli sahənin yerli və milli iş adamlarına verilməsini qanunla qadağan edib. Vəziyyətin belə olduğunu görən H.Z.Tağıyev qərara gəlir ki, Sankt-Peterburq şəhərinə getsin. Çarla görüşüb fikrini və məqsədini ona bildirsin... O, belə də edir. Sankt-Peterburq şəhərinə gedir. Çarın qəbuluna düşür. Ona gəlişinin səbəbini deyir. Bildirir ki, xalq ehtiyac içindədi. Fabrik açmaq və xalqının ehtiyacını ödəmək istəyir... Çar onun rus hökuməti qarşısındakı xidmətlərindən xəbərdar idi. Çox nəzakətlə bildirir ki, sizin bu arzunuzu yerinə yetirə bilməyəcəyəm. Əvəzində hörmət və ehtiram əlaməti olaraq bir şeyi təklif edir. Deyir: -Sizə pambıq parça yox, bez istehsal etmək icazəsi veririk!..
   O, təklifi qəbul edir. Bakıya qayıdır və dərhal işə başlayır. Çox keçmir fabrik hazır olur... Həmin dövrdə Bakıya İrandan, Türkiyədən bez gətirilirdi. Elə ruslar da bazar-dükanlara bez çıxarırdı... H.Z.Tağıyev fikirləşir və deyir: Belə bir şəraitdə necə edək ki, istehsal edilən məhsul tez satıla.. Fəhlələrin də zəhmət haqqı vaxtında ödənə... Çox götür-qoy etdikdən sonra iş icraçılarına belə bir tapşırıq verir: Bezin qırağından, rəngindən asılı olaraq xətt salın! İş icraçısı ondan soruşur: - Hacı, bəs bu nə üçündür? O, bir daha deyir: Axı dükan-bazarda bez çoxdur. Ona görə, dediyim kimi edin. Camaat bilsin ki, qırağında xətti olan bez Hacınındır... Onun bu fikri xalq arasında geniş yayılır. Qədirbilən xalq bu işi çox bəyənir. Ona yaxından dəstək olur. Bu söz dillərə düşür. Bazara -dükana gedən hər bir adam bir-birinə deyir: - Bez alsan qırağına bax, sonra al! Bu gözəl və ibrətamiz söz sonralar bir el məsəlinə çevrilir. Belə deyilir: - Qırağına bax, bezini al, anasına bax, qızını...
   
   Savalan FƏRƏCOV






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar