1918-1921-ci illərdə baş vermiş Naxçıvan olaylarına təfsilatı ilə aydınlıq gətirmək üçün öncə o dövr hadisələrinin önündə olan Mirzə Bağır Əliyevin anılarına diqqət edək:
   
   ƏZNƏBÜRT HADİSƏSİ
   
   1918 sənəyi - miladi yanvarın 17-də Əznəbürt qəryəsinin erməniləri müsəlmanların üzərinə hücum edib 22 nəfər müsəlman övrət və kişilərini qətlə yetirdilər.
   İşbu xəbər Naxçıvan müsəlmanlarına çatdıqda Naxçıvan ermənilərindən qatillərin verilməsini tələb etdilər.
   Sonra ermənilər də bildirdi ki, guya Cəhriq köyünün müsəlmanları Dəmirzindən və Şeyx Məhəmməd köylərinin ermənilərindən 2 nəfəri tutub öldürüblər.
   Uyezd (qəza - X.İ.) komissarı İbrahim Qədimov bir qaç süvarinin müşayiətilə həmin köylərə gedib aradıqda ermənilər tərəfindən verilən xəbər yalana çıxdı...
   Müsəlman milli komitəsi rəhbərliyi istifa etdiyi üçün 1918 -ci il martın 2 - də yeni sədr - Mirzə Nəsrullah Əmirov və müavin Cabbar Kələntərov və yeni üzvlər seçildilər və bu gündən etibarən müharibə qopdu.
   
   BİRİNCİ MÜHARİBƏNİN SURƏTİ - ZÜHURU
   
   Martın 2-də (1918-ci ildə) axşam saat 5 radələrində şəhər (Naxçıvan - X.İ.) erməniləri tərəfindən bir araba silah aparıldığını görən müsəlmanlar arabanı saxlamaq istədikdə atışma oldu: Teymur Məşədi Hüseyn oğlu, Tağı bəy Kəngərlinski və iki erməni qətlə yetirildi...
   Şəhər erməniləri atışmanı eşitdikdə istehkamlardan müsəlman hissələrini bombardman etməyə başladılar. Müsəlmanlar da bunları qarşılayıb hər iki tərəfdən güllələr yağmur kimi yağmaya başladı.
   Martın 3-də sübhə bir saat qalmış atışma dayansa da, sübhdən yenə davam etməkdəydi. Müsəlman topları Əlixanlı və Qala məhəlləsi cəbhələrindən erməni hissələrini bombardman edirdi.
   Gecə erməni qoşunu hücum etmək istədikdə müsəlmanlar tərəfindən atəşə tutulub bir qədər tələfat verdikdən sonra dala oturdu.
   Martın 7-də erməni milli komitəsi yeni canlı qüvvə və top bəklədiyi üçün müsəlmanları aldadaraq sülh təklif etdi. Müsəlmanlar isə ermənilərin incə siyasətini başa düşmür, onların sülh təkliflərinə inanırdılar.
   Nehrəmli Hacı Molla İsmayıl bir əlində tapança, bir əlində Quran tutaraq qabaqda yürüyüb cihad edərək müsəlmanları həyəcana gətirirdi. Həmin hücumda erməni Xalatovun binası tutularaq xeyli patron və silah ələ keçirildi. Sonra Cahan Poladovun (o da ermənidir -X.İ.) binasına hücum olundu...
   Erməni komitəsi martın 9-da hiylə işlədərək sülhün bərpasına nail oldu. Ancaq çox çəkmədən, sabahı gün, martın 10 - da yeni qüvvə və top əldə edən ermənilər aramsız atəşlərə başladılar...
   Martın 14-dən Şahtaxtı, Quraq və Nehrəm qəryələrində 100-ə qədər adam imdada çatdı...
   Martın 15-də axşam saat 11 radələrində Maku sərdarı Murtuzaqulu xan erməni milli komitəsinə və müsəlmanlardan Cəfərqulu xanın adına məktub yazaraq barışmağı təklif edir, əks halda cəzalandırılacaqlarını bildirdi.
    Ermənilər bu məktuba etina etməyib, müharibənin şiddətlənməyinə dəxi fitva verdi.
   Martın 18-də erməni topları camenin minarəsini atəşə aldı, böyük bir atışma oldu.
   Şərur tərəfdən bir qaç müsəlləh adamlar Məşədi Əsgər Həmzəyevin sərkərdəliyi ilə Naxçıvana tərəf gəldikdə Qaraxanbəyli ermənilərinin atəşinə tuş gələrək geri çəkilməyə məcbur oldular.
   Ərkani hərb fitvası ilə Kəlbəlayi Oruc Məşədi Salmanoğlu tərəfindən 3 nəfər müsəlman casusu (ermənilərə casusluq edən müsəlman - X.İ.) güllələndi.
   Martın 19-da müsəlman topları ermənilər yaşayan Qaraxanlı köyünü bombardmana başladı.
   Martın 20-də sülhün əmələ gəlməsi müşahidə olunurdu...
   Martın 21-də gecədən iki saat keçmiş erməni dəstəsi Xoşlu məhəlləsinə hücum edib oranı işğal etdilər. Cəfərqulu xan və qeyrilərin imzasıyla martın 22 - də Maku sərdarına müraciət olundu, o da ermənilərə məktub göndərdi, yenə faydası olmadı...
   Martın 26 - da Milli Komitə iclasında Rəhimxan Naxçıvanski ərkani-hərb rəisi, Hacı Mehdi Bağırov rəis müavini seçildilər...
   Martın 31-də Milli Komitədə Əlincəçay nahiyəsində bulunan müsəlman köylərinə Binənigar, Qızılca, Saltax, Noraşen, Xoşkşen erməni qüvvəsi tərəfindən (saldırılaraq) işğal edilib yandırılmaları və müsəlmanların qətl və qarətə düçar olub qaçmaları xəbərləri alınırdı. Müsəlman qüvvəsinin isə Qaraxanbəyli erməni kəndini mühasirəyə alıb atəşə tutması və 25 nəfər itki verməsi bildirilirdi...
   Aprelin 10-da Əkbər xan Naxçıvanski Tiflisdən Maku təriqi ilə Naxçıvana 149 İran tüfəngçisi ilə varid oldu. Ertəsi gün Milli Komitəyə gəlib Maku xanının 60 minlik ordu ilə yardım etməsi və bunun müqabilində Naxçıvanın ona tabe olması təklifini çatdırdı. Milli Komitə isə İqbalüssəltəna adına və digəri Seyfəddin xan adına məktublar yazaraq bu təklifin müqabilində öz suallarını göndərdi.
   Aprelin 13-də sülh bərpa olundu. İrəvandan Əli xan Makinski və Hacı Rza da sülh yaratmaq məqsədilə Naxçıvana varid oldular. Osmanlı tərəfdən də bir zərf alındı. Xəbərdə Ənvər paşanın əmri ilə 25 min süvari və arxasınca piyada olmaqla türk əsgərinin İqdıra tərəf hərəkət etməsi bildirilirdi. Deyilirdi ki, bu əsgərlər Ərzurum, Trabzon və Xoy üzərindən hərəkətdə bulunur. Bu xəbər müsəlmanlarda ruh yüksəkliyi yaratdı.
   Aprelin 14 - də Seyfəddin xan tərəfdən celoyların Qafqaza yürüşü barədə göndərilən xəbərin müqabilində Nehrəmli Kərbəlayi Muxtar onları izləmək üçün Dərəşam təpələrini (Araz kənarında Nehrəm təpələrinin ən mühümlərindən biri) tutmaq əmri verdi. Nehrəm və Təzəkənd köylərində bir ayroplanın (uçağın) dövr edib İrana tərəf uçması haqda da məlumat gəldi.
   Aprelin 15-də hava gəmisinin Culfa tərəfindən İrəvan tərəfinə seyr etməkliyi (uçmağı - X.İ.) müşahidə olundu. Osmanlı sərkərdəsi Bəkir Sadiq əfəndi tərəfindən Milli Komitə sədri Mirzə Nəsrullah Əmirov namına bir məktub alındı. Məktub naxçıvanlıların Osmanlıya müraciətinə cavab olaraq yazılmışdı və məktubda türk qüvvələri yetişənədək müqaviməti davam etdirmək tövsiyə olunurdu.
   Aprelin 16 - da müvəqqəti sülh yarandığı təqdirdə Cəfərqulu xan külfətiylə şəhərdən çıxıb Makuya hərəkət etmək fikrində bulunduğu zaman camaat tərəfindən imtina olundu. (Mənbədən elə məlum olur ki, Cəfərqulu xan ermənilərin gələcək planlarını bildiyi üçün Naxçıvanı satıb İrana keçmək istəyirmiş... - X.İ.) Osmanlı qüvvəsinin Makuya və Qafqazın bəzi nöqtələrinə yetişmək xəbəri mütərəddüdən alındı. Maku sərdarının tərəfindən Qaraçuq təriqilə müsəlmanlara göndərilən top mərmilərinin zəbt edilməsi xəbəri çatdı. Əlavə olaraq müsəlman toplarının da sərdar tərəfindən alınması əhalini dəxi yas və ələmə düçar qıldı.
   Aprelin 26-da ərkani-hərb rəisi Rəhim xan Milli Komitə sədri Əmirovla sədrlik üstündə mübahisəyə başladı və Rəhim xan hökuməti buraxıb evinə getdi. (Qəribə burasıdır ki, sabahı gün onları Erməni Milli Komitəsinin rəisi barışdırıb və islam millətinin hüquqlarını onlara tanıdıb (?!) - X.İ.)
   [ Mənbə onu da qeyd edir ki, tez-tez türklərin gəlmə xəbəri dolaşırmış və bu xəbəri ermənilər müsəlmanları yoxlamaq məqsədilə ortaya atırmışlar - X.İ.]
   Mayın 3-də Osmanlı paşalarının Qızılboğaza çatıb Naxçıvan müsəlmanlar nüməyəndələri ilə didarda bulunmaq xəbəri məktubla müsəlman Milli Komitəsinə yetirildikdə müsəlmanlara böyük fərəh üz verdi...
   Millət xaini Rəhim xan bu xəbəri eşitcək tab gətirməyib erməni tərəfinə gedərək onlara yetirdi. Nəticədə saat 2 - də Xarazyan bir səfrəzə qoşun ilə təbil vura-vura Qaraxanbəyli köyünə yürüş etdi. Və oradan Culfaya hərəkət etdi...
   24 mayda Naxçıvan və həvalisi komandanı Xəlil bəy tərəfindən teleqram alındı: teleqrafın məzmunu Osmanlı qəhrəman əsgərlərinin musiqi dəstəsi ilə Tiflisə daxil olması və Göyçə gölü ətrafına cəm olmuş erməni qüvvəsinin Osmanlı qüvvələri tərəfindən mühasirə olunması, Fransa və İngiltərənin davaya qarışması, erməni baş komandanı Nazaryanın bəlx və ədavatın çoxluğundan özünü həlak etməsi, Səlmasın ciloylardan təmizlənməsi idi. Həmin gün Maku təriqilə Osmanlı qüvvəsinin Şahtaxtıya vürud etməsi xəbəri alındı.
   26 mayda Xanlıqlar kəndinin ermənilərinin Xəlil bəyə təslim olmaq və Şahtaxtıda üç nəfər müsəlman xaininin edam olunması xəbəri çatdı.
   30 may. Türkiyə komandanı Xəlil bəy Şahtaxtıda sülh xəbərdarlığı məqsədilə Xarazyanı və sədri - məclis Mehdiqulu xan Diyarbəkirini çağırdı.
   3 iyun. Xəbər çıxdı ki, Təbrizdə və ətrafında sosial - demokrat firqəsi əksəriyyə və ittifaq ilə ingilis dövlətinə tabe olub, Osmanlı qoşununun əleyhinə yürüş keçirib dava edir. Şahtaxtıda bir qədər Osmanlı qoşunu meydani-hərbə yürüş edibdir, Gəncə tərəfdən altı minə yaxın müsəlman qoşununun Axta kəndinə yetişmək xəbəri də çatdı...
   İyunun 6 - da saat 7 radələrində türk zabitləri qatarla Naxçıvana çatdı. Topçubaşı Hüsni bəy, Helmi bəy və Şükrü bəy bir erməni zabitlə faytona əyləşib şəhərə gələrək Bəylər ağa Kəngərlinskinin evində əyləndilər.
   İyunun 8 - də türk əsgərlərinin irəliləyişinə mane olmaq məqsədilə bölgəyə tərəf hərəkət edən Andronikin qüvvələri yolları, körpüləri, tunelləri dağıtmağa başladı.
   Sonrakı günlərdə Andronikin Araz körpüsünü dağıtması, Yaycı kəndini qətl və qarət etməsi, daha sonra bölgənin başqa yaşayış məntəqəsinə də bu cür fəlakətlərin üz verməsi xəbərləri qeydə alınırdı.
   25-30 avqust. İrəvan müsəlmanları tam təxliyyə olunub Gümrüyə, Əlqədər və Naxçıvana fərar etdilər.
   31 avqust. Dərələgiz mahalında, Cul, Martiruk və Hakaza köyləri tərəflərində Andronik və Yaponun dəstələri cəm olub müsəlman köylərinə yürüş edib atəşə tutmaq haqda xəbərlər alındı. Naxçıvan mahalında 4 - cü nahiyədə ermənilərin Büst, Baradaşt, Gal və Hakaza köylərində cəm olub toplanmaqları məlum oldu.
   1 sentyabr. Qövl ordu komandanı Kazım paşa (yəqin ki, Kazım Qarabəkir paşa -X.İ.) saat 4 radələrində Naxçıvandan Təbrizə yollandı.
   
   (ardı gələn sayımızda)
   
   Xaqani İSMAYIL,
   tədqiqatçı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar