(Ağarəhim Əliyevin xatirəsinə)
   
   Turizmdən danışanda, bu sahədən araşdırma yazı hazırlamaq lazım olanda həmişə ağlıma ilk gələn ekspert Ağarəhim Əliyev olurdu. O, həqiqətən bu sahənin bilicisi idi. İki il əvvəlin söhbətidir. Hotellərin fəaliyyəti ilə bağlı yazı hazırlamalıydım. Baş redaktorumuzun tövsiyəsi ilə Azərbaycan Hotel Kompleksləri Assosiasiyasının prezidenti Ağarəhim Əliyevə zəng vurdum. Lazım olan informasiyanı telefonla almağıma razı olmadı. Səbəbini isə problemlərin çoxluğu ilə əlaqələndirib bu mövzunun telefonla şərhinin mümkün olmadığını bildirdi: «Hotellərimizdə nöqsanlar o qədər çoxdur ki, bu mövzu mənim yaralı yerimdir. Bu, ayaqüstü danışılası məsələ deyil. Ofisimizə gəlsəniz yaxşı olardı». Getdim. Doğrudan da ürəyi dolu idi. Hiss olunurdu ki, bu sahədə mövcud olan ən kiçik problemə belə ürək ağrısı ilə yanaşır. Sonrakı söhbətlərimizdə də dəfələrlə bunun şahidi oldum. Yeganə təsəllisi də o idi ki, turizm Azərbaycanda sürətlə inkişaf edir, çatışmazlıqların olması təbiidir.
   Sonuncu dəfə təxminən üç həftə əvvəl danışmışdıq. Xəstə olduğunu eşidib zəng etdim. Telefonuna oğlu cavab verdi. Ağarəhim müəllimə Allahdan şəfalar diləyib, telefonu qapatdım. Beş dəqiqə sonra özü zəng vurdu. Səhhəti ilə maraqlandığıma görə təşəkkür etdi. Sonra isə «Danışılmalı məsələlər çoxdur, qızım. İnşallah, bir həftəyə işə çıxacam, onda söhbət edərik. Fikirləşirəm ki, biz danışmasaq, siz də yazmasanız, onda nöqsanları aradan qaldıra bilmərik. İşimizin rəvan getməsi üçün tənqid də lazımdır»-dedi.
   Amma həyata keçirilməli çox planları vardı. Hətta xəstəlik belə onu həvəsdən sala bilmirdi. Hər dəfə AOKA-nın reallaşdırdığı yeni layihələrdən danışanda «Hələ qarşıda çox işlərimiz var»-deyirdi.
   Ötən həftə mobil telefonuma zəng gəldi. AOKA-nın baş direktoru Əhməd Panayevin titrək səslə «Ağarəhim müəllim rəhmətə gedib» xəbərini eşidəndə beynimdən keçən ilk fikir bu oldu: Azərbaycan turizmi Ağarəhim Əliyevin simasında təkcə təcrübəli hotel bilicisini, bacarıqlı mütəxəssisi yox, həm də işlədiyi sahədə mövcud olan nöqsanların aradan qaldırılmasına ürəkdən çalışan, məsuliyyətli, qeyrətli və fədakar bir insanı itirdi.
   Allah rəhmət eləsin!







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar