(əvvəli ötən sayımızda)
   
   Bələdiyyə rəisi Rəhim xan 9 sentyabrda hökumət tərəfindən tərk olunub yerinə Hacı Məhəmməd Bağırov cənabı təyin edildi.
   12 sentyabr. Bu gün 9 - cu firqə (yəqin ki, Osmanlı qüvvəsi -X.İ.) Təbrizə yürüş etdi..."
   Bundan sonra Birləşmiş Qüvvələrin (Antantanın) tələbiylə türk ordusu Qafqazı, o cümlədən 1918-ci il səfər ayının 24-də (sentyabrın 24-də) Naxçıvanı tərk etdi. Bundan əndişələnən yerli xalq ayın 19-da Araz-Türk hökumətinin yaradıldığını bildirmişdi. Bu hökumətin hərbi naziri sonralar Qars hökumətinin başçısı olacaq İbrahim ağa idi.
   Bundan sonrakı dövr bölgəyə ingilislərin, ümumən, Birləşmiş Qüvvələrin kölgəsinə sığınan erməni hərbi birləşmələrinin, Andronikin və eləcə də Ararat Respublikasının bölgəyə, o cümlədən Naxçıvan müsəlmanlarına qan uddurma dövrü və hətta 5 may 1919-cu ildə Naxçıvanda zorla erməni hökuməti qurmaları dövrü kimi xarakterizə oluna bilər. Mayın 5-də ingilis generalı Deyvinin müşayiəti ilə gələnlər-Naxçıvana təyin edilən yeni erməni general-qubernator Xaytsov və bir qisim erməni məmurları Naxçıvanın azərbaycanlı rəhbərliyinin iştirakı ilə bu təyinatı bəyan etdilər. Xaytsov bu qərarın ingilislərin əmri ilə həyata keçirildiyini və guya hər iki tərəf üçün sülh yaratmaq məqsədi daşıdığını söyləyirdi.
   * * *
   İndi isə daha aydın təsəvvür üçün Naxçıvan türklərinin soyqırımını anladan bəzi faktları nəzərə çatdıraq...
    Andronikin başkəsən çətələri Sirab kəndində 3 məscidə sığınmış qoca, qadın və uşaqları diri-diri yandırtdıqdan sonra Qahab kəndində də bu dəstələr tərəfindən yüzlərlə dinc sakin vəhşiliklə öldürüldü, evlər yandırıldı, kənd darmadağın edildi, bu kənddəki məscidlərə od vuruldu.
   Culfanın Xanağa kəndində də ermənilər eyni faciələri törətdilər.
   Andronikin ordusunda olan Yapo adlı quldur dəstə başçısı öz silahdaşları ilə Əmovu kəndində yerli sakinləri yerindəcə baltalayıb-doğrayır, çoxunu da diri-diri tonqala atırdılar.
   Yapo Yaycı kəndinin də tarixinə heç vaxt unudulmayacaq faciələr "yazıb": Balta ilə hamilə qadının qarnını yarıb körpəni süngünün ucunda götürüb tonqala atan, gülləyə qıymayıb 300 nəfər yerli azərbaycanlını diri-diri quyularda basdıran yapolar yetişdirən erməni komitəçiləri məktəbi türk qanı içməkdən doymurdu.
   Tarixi sənədlərdə və yaşlı nəslin yaddaşında unudulmaz iz buraxmış bu hadisələr haqda Güllü Məmmədova da "Qarabəkir əfsanəsi" adlı tarixi romanında ətraflı şəkildə bəhs edərək, bu hadisələri geniş oxucu kütləsinə çatdırmağa çalışmışdır.
   Təxtəsər kəndində və onun ətrafında çoxlu qırğınlar törədən ermənilər Əylis düzündə Məşədi Mustafanın kürəyinə qaynar samovar bağlamış, Şərur ərazisində də saysız-hesabsız qırğınlar törətmişdilər. Şərurun Çərçiboğan kəndindəki 15-20 nəfər tüfəngi olan yerli sakinlərin müqavimətini qıran peşəkar qaniçən daşnak dəstələri kənd məscidini yandırmış, kənd sakini Səfərin atasının və bir neçə nəfərin başını kəsmiş, 50-yə yaxın insanı güllələmiş, 25-30 km. aralıda yerləşən İrana keçmək üçün tələsənlərin də çoxu dar körpüdən keçə bilməyərək çayda boğulmuşdular.
   Bütün bu vəhşilikləri törədən erməni hərbi-siyasi "elita"sının məqsədi Ararat Respublikası sərhədlərinin Türkiyə sərhədlərindən başlayaraq Şuşaya qədər uzadılmasını və bu ərazidə bir nəfər belə olsun müsəlmanın, türkün yaşamamasını təmin etmək idi...
   * * *
   Naxçıvan Milli Komitəsinin qətiyyətsizliyi, həlledici məqamlarda düşmənə qarşı müqaviməti təşkil edə bilməməsi türk qüvvələri komandanlığında acı təəssüf və ümidsizlik hissi oyatdığından hələ türklər bölgəyə gələn zaman dərhal Naxçıvan Milli Komitəsini və hərbi hissələri buraxmış, türk komandanı Xəlil bəyi Naxçıvana general-qubernator təyin etmişdilər...
    Türk ordusunun çəkilib getməsindən sonra isə Naxçıvan və ona bitişik bölgələrin müsəlman əhalisi əl-ələ verərək erməni qüvvələrinə qarşı müqaviməti təşkil etməyə çalışırdılar. Şərurdan Fətulla Hüseynov, Vedidən Abbasqulu bəy Şadlinski, Nehrəmdən Kalba Muxtar, Sədərəkdən Həsən Şahvələdoğlu, Qafar Əliyev, Çivədən Bala bəy Vəkilov və yüzlərlə cəsur Azərbaycan oğulları işğalçılarla ölüm-dirim savaşına çıxmış, hələ öz sağlıqlarında qeyrət, şərəf rəmzinə çevrilmişdilər.
   Belə ağır bir vəziyyətdə Cəfərqulu xan Naxçıvanın İrana birləşdirilməsini istəyirdi, ancaq Kalbalı xan başda olmaqla Naxçıvan camaatı onun istəyini rədd edirdi.
   Mənbələr qeyd edir ki, 1918-20-ci illərdə Naxçıvanda Hüseyn Cavid, Bəhram xan və Əziz xan Naxçıvanskilər, Teymur bəy Makinski, Bağır Rzayev, Məhərrəm Əliyev, Kalbalı xan və onlarla digər uzaqgörən və vətənpərvər ziyalıların fəaliyyəti sayəsində keçirilən referendumlarda Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olaraq qaldı.
   Britaniya hökumətindən hərtərəfli yardım alan Ermənistan baş naziri Q.Xatisovun Araz - Türk Respublikasına göndərdiyi teleqramla Ordubadın və Naxçıvanın Ermənistanın tərkibinə daxil edilməsi göstərilir. Ancaq ingilis generalı Devi ilə yerli əhali arasında danışıqlarda bu mövqe həmişə ciddi müqavimətlə qarşılanırdı. 1919-cu ilin mayında Naxçıvan, Şərur, Vedibasar, Şahtaxtı, Culfa ermənilərin əlinə keçdi. Müsəlmanların qabaqcıl xadimlərini aradan götürüb həbs etməyə başladılar. Bu zaman Şahtaxtı, Qəmərli, Dəvəli stansiyalarında duran zirehli qatarlar (ingilislərin nəzarətində olan) erməni quldur dəstələrinə kömək edirdi (eynən 1989-cu ilin yanvarında Arazdəyəndəki rus sərhəd dəstəsi kimi).
   Qarabağın general - qubernatoru Xosrov bəy Sultanovun da dəstəyi ilə Naxçıvan erməni hökumət nümayəndələrini qovmaq üçün ciddi hazırlıq işləri aparırdı. O məqamlarda Azərbaycan Xalq Cümhuriyyətin də başı bərk qarışmışdı. Bir tərəfdən də şimalda - Dağlılar Respublikası Denikin tərəfindən işğal olunmuş, Dərbənd də onun əlinə keçmişdi. 1919-cu ilin sentyabrın 1-də Haskelin Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının Sədri N.Usubbəyova təqdim etdiyi layihədə Naxçıvan və Şərur-Dərələyəz ərazilərini "neytral zona" hesab etməyi təklif edirdi. Əslində bu layihə erməni təcavüzünü qanuniləşdirməkdən başqa bir şey deyildi.
   Xatırladaq ki, polkovnik V.Haskel Antantanın Ermənistana təyin etdiyi ali komissar idi və bu zaman Naxçıvanda Amerika general-qubernator üsul-idarəsi hökm sürürdü.
   Yeri gəlmişkən, qeyd edək ki, ingilislərin ardınca 1919 - cu il oktyabrın 24 - də ABŞ Naxçıvana öz general-qubernatorunu-polkovnik Edmund L.Dellini təyin etdi. Ancaq ermənilərin razılıqla qarşıladığı bu qərar, AXC və naxçıvanlılar tərəfindən etirazla qarşılandı. Sonunda Delli Naxçıvanda qubernator kimi deyil, Haskelin nüməyəndəsi kimi qaldı. 1920-ci ilin yanvarında isə sonuncu amerikan əsgəri də Naxçıvanı tərk etdi.
   Onu da xatırladaq ki, Naxçıvan strateji bölgə olduğu üçün orada bir çox dövlətin marağı var idi. Bölgə əhalisinin çox ağır bir durumunda bəziləri ümidini yenidən türklərə, bəziləri isə sovetlərə bağlayırdı.
   Ermənilərin Cənub-Qərbi Qafqaz və Şərqi Anadolu bölgəsində meydan sulaması və hətta Türkiyəyə meydan oxuyaraq Antantanın dəstəyi ilə qərbə doğru irəliləməsi və Qarsda erməni idarəçiliyinin yaranması vəziyyəti daha da mürəkkəbləşdirir və Kazım Qarabəkir Paşanın təkidi ilə türk bölüklərinin qardaşlıq köməyi yeni bir xilaskarlıq yürüşünə çıxmasını zərurətə çevrildi. Türk ordusunu önləmək və ya heç olmasa ləngitmək üçün Sovetlər vasitəçilik missiyasını üzərinə götürsə də, nəticə dəyişmədi, ermənilər öz mövqelərindən əl çəkmədilər. Bu fürsətdən istifadə edən XI Qırmızı Ordu Zəngəzur və Naxçıvanı ələ keçirməyi qarşıya məqsəd qoydu.
   9 iyun 1920-ci ildə (vaxtilə - 7 avqust 1918-ci il tarixində burada qərargahı qurulan) Kazım Qarabəkir Paşanın komandanlığı ilə türk ordu hissələri Naxçıvana doğru hərəkətə keçdilər. Ancaq Doğuda nəzərdə tutulan geniş əməliyyat (Qarsın azad edilməsi və s.) hələ sentyabrın axırlarında başlayacaqdı. 11-ci Qırmızı Ordunun 1-ci Qafqaz polku da Gorus, Şahbuz və Cəhridən keçərək, 1920-ci il iyulun 28-də axşamüstü Naxçıvana yetişdi.
   Xatırladaq ki, bolşeviklər İrana keçmiş mücahidlərimizi, o cümlədən Abbasqulu bəy Şadlinskini bu taya dəvət edərək bölgədə daşnaklara qarşı vuruşmaq təklifində bulunmuşdu. Sonralar Abbasqulu bəyin başçılığı ilə "Qırmızı tabor" daşnaklara qarşı savaşda bolşevik qüvvələrlə müstəqil müttəfiq kimi çıxış etmişdir.
   Bölgədə daşnakların tam təslim olması isə yalnız və yalnız Türk Ordusunun yeni bir Doğu hərəkatının başlanması nəticəsində mümkün oldu.
   20 oktyabr 1920-ci il Bakanlar Qurulunun verdiyi əmrə əsasən Kazım Qarabəkir Paşanın komandanlığı altında Sarıqamış, Qars, Gümru istiqamətində xilaskarlıq yürüşü başladı. Böyük təlafat və biabırçı məğlubiyyət nəticəsində gülünc vəziyyətə düşən ermənilər türklərin Gümrüdən sonra İrəvana hərəkət edəcəyini görüb təslim oldular. 2 dekabrda daşnak Ermənistanı ilə Türkiyə arasında Gümrü sazişi imzalandı...
   Gümrü müqaviləsinin II və XII maddələri Kazım Qarabəkir Paşanın vaxtilə haqqında özəlliklə bəhs etdiyi ["Hər tərəfdən məhsur bir haldayız, yalnız Azərbaycana açıq bir Naxçıvan pəncərəsi vardır, onun qapanmamasını istiyorum." - Kazım Qarabəkir Paşanın minbaşı Veysəl bəylə XI Tümən komandanı Cavid bəyə göndərdiyi məktubdan.] Naxçıvan bölgəsi ilə bağlı idi...
   Sonralar bolşeviklərin də Naxçıvanı ermənilərə verməyə çalışdığını görən Kazım Qarabəkir Paşa və Türkiyə rəhbərliyi üç Qafqaz cümhuriyyətini və vasitəçiliyi üzərinə götürmüş Moskvanı sülh masası arxasında oturmağa məcbur edərək, 1921-ci ilin oktyabrın 13-də Qars müqaviləsinin imzalanmasına nail olmuşdular.
    İosif Stalinin "Naxçıvan üzərində niyə bu qədər israr edirsiniz?" sualına da türk elçisi belə cavab vermişdi:
   - "Orası Türk qapısı, ondan."
   Beləliklə Naxçıvanın statusu müəyyən edildi, onun əsl sahibi tanındı, yəni Türkiyənin himayəsində Azərbaycanın tərkibində muxtar respublikaya çevrildi.
   Sovetlər zamanında Naxçıvanla Türkiyə arasında bəlli səbəblərdən ilişgi olmasa da, 1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşduğu dönəmdə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Ankaraya gələrək ovaxtkı baş nazir Süleyman Dəmirəllə görüşmüş və Türkiyənin Naxçıvan üzərində söz haqqına və təminat görəvinə malik olduğunu gündəmə gətirmiş, gərəkən yardımları yapmasını istəmişdi. Bu görüşdən sonra Türkiyə Naxçıvanla yaxından ilgilənmiş, 28 may 1992-ci il tarixində isə bu ilginin nəticəsi kimi İğdır Vilayətinin Aralıq vilayətindəki Dilucu məntəqəsində Türkiyə və Azərbaycan arasında "Ümid Körpüsü" adlandırılan dostluq körpüsü işə salınmış və "bir millət, iki dövlət" düşüncəsi praktik bir şəkildə gerçəkləşmişdi.
   
   Xaqani İSMAYIL,
   tədqiqatçı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar