Əmir Qafarovun 68 illik həyatı enişli-yoxuşlu keçib. Hələ uşaqlıq dövründən teatra böyük maraq göstərib, ilk addımlarını o zamanki pionerlər evinin dram dərnəyində atıb. Xalq artisti Süleyman Ələsgərovun rəhbərlik etdiyi bu dərnəkdə Əmirlə yanaşı, sonradan sənət aləmində tanınan Həsən Əbluc, Şahmar Ələkbərov, Kamal Əzizov məşqlər keçirdilər. Balaca aktyorlar tamaşalarda ilhamlı oyunlarıyla hamının diqqətini özlərinə cəlb etməyi bacarırdılar. Amma hər şey beləcə davam etmədi. Gələcək taleyini teatrsız təsəvvürünə gətirməyən Əmir atasının müdaxiləsiylə üz-üzə qaldı. Oğlunun aktyorluğunu arzulamayan Baləhməd kişi ona Neft Texnikumuna daxil olmağı məsləhət gördü. O, atasının sözünü yerə salmadı. İmtahanlardan uğurla çıxıb, tələbə biletini aldı. Və texnikumda oxuyarkən buradakı dram dərnəyinin üzvü olmağı da unutmadı.
   Əmir Qafarov buranı bitirəndən sonra təhsilini Neft və Kimya İnstitutunda davam etdirdi. Tələbəlik illərində o, yenə teatrsız qalmadı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışdı. Bir çox tamaşalarda epizodik rollar oynadı. Buna baxmayaraq, gözəl səs, nitq və aktyorluq qabiliyyətinə görə peşəkarlar onu yüksək qiymətləndirdilər. Sənətdən ayrı yaşaya bilməyəcəyini başa düşən Əmir, 1969-cu ildə İncəsənət İnstitutuna qəbul oldu. 1974-cü ildə bu institutun mədəni-maarif fakültəsini müvəffəqiyyətlə bitirirək həyatını bütünlüklə bu sahəyə həsr edir. Əvvəlcə mədəniyyət evinin direktoru vəzifəsində çalışır. Burada bir sıra maraqlı tədbirlər, o cümlədən bəstəkarlar və yazıçılarla görüşlər keçirir. Onun təşəbbüsü ilə Həsənağa Qurbanovun rəhbərliyi altında xalg çalğı alətləri ansamblı, Cəmil Əmirovun başçılıq etdiyi estrada orkestri və uşaqlardan ibarət “Tumurcuq” teatrı yaradılır. Bu teatra bəstəkar Oqtay Zülfüqarov rəhbərlik edir. Kollektiv qısa vaxtda Azərbaycanın rayonlarında çıxış edərək uğurlar qazanır.
   Əmir Qafarovun önəmli işlərindən biri də 1978-ci ildə həyat yoldaşı musiqişünas Zemfira Qafarovayla birlikdə Xətai rayonundakı 48 saylı məktəbdə «Gözəlliklə görüş» adlı musiqi lektoriyalarını təşkil etməsi idi. Bu lektoriyanın uşaqların musiqi-estetik tərbiyəsində çox böyük əhəmiyyəti vardı. Ayda bir dəfə keçirilən məşğələlərdə dünya və Azərbaycan musiqisinin inciləri ilə tanış olurdular. Hər bir məşğələni konservatoriyada oxuyan tələbələr rus və Azərbaycan dilində aparırdılar. Məşğələlərdə Azərbaycanın görkəmli bəstəkarları Tofiq Quliyev, Süleyman Ələsgərov, Oqtay Zülfüqarov, Şəfiqə Axundova, Nazim Əliverdibəyov, Sevda İbrahimova və başqaları iştirak edirdilər. Görkəmli bəstəkarlar məktəbdə yaradılmış musiqi kabinetinə öz əsərlərini və lent yazılarını bağışlayırdılar. Təsadüfi deyil ki, Tofiq Quliyev Azərbaycan müəllimlərinin altıncı qurultayında «Gözəllklə görüş» lektoriyasına yüksək qiymət verərək, bu təcrübənin başqa məktəblərdə də istifadə edilməsini məsləhət görmüşdü.
   Sonrakı illərdə Əmir Qafarov Xalq Yaradıcılıq Evinin direktor müavini, Aktyor evinin direktoru və uzun müddət Azərbaycan Mədəniyyət Fondunda çalışıb. Həmişə işgüzarlığı, təşkilatçılığı və prinsipiallığıyla seçilən Əmir Qafarov, ötən ay qəlbində neçə-neçə arzularla bu dünyaya vidalaşdı. O gündən uzun illərdən bəri tanıdığım xeyirxah, zəhmətkeş insanın əbədiyyət ömrü başlayıb. Əbədiyyət ömrü onu tanıyanların - doğmaların, dost-tanışların xatirələrində yaşayır.
   
   Seymur Elsevər
   
seymur_elsever@yahoo.com