Bakının dəniz sahili küçələrindən birində XIX əsrə məxsus üçmərtəbəli bir bina var. Onun son mərtəbəsindəki mənzildə “Qazaxdan gəlib Bakıda heykəlləşən” Səməd Vurğun öz ailəsi ilə yaşayıb... Ev 1975-ci ildən ümummilli liderimiz Heydər Əliyevin qərarı ilə Səməd Vurğunun ev-muzeyi kimi fəaliyyət göstərir.
Bu muzey unudulmaz şairin xatirəsinə böyük bir ehtiramdır. Muzey yaranandan ona şairin həyat yoldaşı Xavər xanım Vəkilova rəhbərlik edib. Göz bəbəyi kimi qoruyub saxladığı arxivi muzeyə təhvil verib. Ancaq bütün ağırlığı onların qayğıkeş qızı Aybəniz xanım öz zərif çiyinlərində daşıyıb.
Xavər xanım Vəkilova (Mirzəbəyova) 1918-ci ildə baharın ilıq nəfəsi duyulan bir vaxtda - mart ayının 13-də Dərbənd şəhərində ziyalı ailədə anadan olmuşdur. Uşaqlıq illəri xoşbəxt və qayğısız keçmişdir. 1932-ci ildə çöhrəsi də ürəyi qədər gözəl və təmiz olan xanım artıq Azərbaycanda kifayət qədər tanınan S.Vurğunun nəzərindən yayınmır və onlar 1934-cü ildə ailə qururlar.
...Bizim bu müqəddəs, saf eşqimizdən,
Bir qız, iki oğul qaldı yadigar.
Xatirələrdən, şairin Xavər xanıma yazdığı məktublarından, ona həsr etdiyi şeirlərindən bilirəm ki, böyük şairin bu xanıma böyük də sevgisi olmuş, ağıl və düşüncəsinə arxalanaraq həmişə onunla məsləhətləşmiş, hesablaşmışdır. Ona görə də S.Vurğunun vaxtsız ölümü onu çox sarsıtmış, çox göynətmişdir. Elə bir günü xatırlamıram ki, Xavər xanım Vurğunu anmayaydı, barəsində danışmayaydı, ağlamayaydı. Hər gün mənə elə gəlirdi ki, S.Vurğun dünən dünyasını dəyışıb. Bircə istəklisi Xavər xanımın qəlbində bu dünyada yaşayırdı. Nə böyük sevgi, nə böyük məhəbbət! Vaqif Səmədoğlu demişkən:
... Gözünün işığı atamla gedib,
İşıqlı günləri o gündən itib,
Anamın gözləri tuncla dolubdur,
Anamın gözləri heykəl olubdur...
Ancaq hələ bu azmış kimi, oğlu Yusif də 1998-ci ilin qızmar yay günündə dünyadan köçdü. Həmin gün Xavər xanım üsyan etdi , fəryad etdi , özünə ölüm arzuladı. Ömrünün sonuna qədər oğul dağı çəkdi, gizlin ağladı, yarası heç qaysaqlanmadı - elə hey qanadı. Zəngin ürəkli Xavər xanım həm də böyük bir məktəb idi. Elə bizlər - onu tanıyanlar da dərdlərə sinə gərməyi ondan öyrəndik.
Heyif. Heyif ki, 2006-cı ilin qar-çovğunlu yanvarında o bizi həmişəlik tərk etdi. 50 yaşlı S.Vurğunla 88 yaşlı Xavər xanımın ruhları qovuşdu.
Düşünürəm: nə yaxşı ki, ilahi Xavər xanıma S.Vurğunun “anam, bacım, bircə qızım” dediyi Aybəniz xanımın da bu dünyadan köçdüyünü göstərmədi. O , bu dünyadan ona görə köç etdi ki, həmişəki kimi valideynlərinin qulluğunda dursun, qayğılarını çəksin.
Sevimli Xavər xanım! Sevimli Aybəniz xanım! Siz həmişə varsınız, qəlblərdə yaşayırsınız. Arxayın olun ki, bu gün sizin davamçınız Aygün xanım əməllərinizi, arzularınızı, istəklərinizi layiqincə yerinə yetirib, yolunuzu davam etdirir...
Xanım Şadlinskaya,
S.Vurğunun ev-muzeyinin şöbə müdiri