Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Strasburqda keçiriləcək yubiley tədbirində iştirak edəcək
   
   Avropa Şurasında Azərbaycanın bu nüfuzlu struktura daxil olmasının 10 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə yanvarın 25-26-da Strasburqda, Avropa Şurasının mənzil-qərargahında yubiley konserti və rəsmi qəbul keçiriləcək. Bu barədə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov məlumat verib.
   
   Səfir bildirib ki, yubiley tədbirlərində iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər rəsmi şəxslərin daxil olacaqları nümayəndə heyəti Strasburqa yola düşəcək.
   Xatırladaq Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasına rəsmən üzv olub. Ölkəmiz bu mötəbər təşkilata üzv olmaqla demokratik dəyərlərin təmin olunması ilə bağlı üzərinə bir sıra öhdəliklər götürüb. Ötən müddətdə ölkəmiz mədəniyyət sahəsində Avropa Şurası ilə sıx əməkdaşlıq edib, təşkilatın qəbul etdiyi bir sıra konvensiyalara qoşulub.
   Avropa Şurası ilə mədəni əlaqələr ümumilikdə ölkəmizin beynəlxalq əlaqələrində mühüm yer tutur. Azərbaycanın Mədəniyyət Nazirliyi Avropa Şurasının Mədəniyyət Komitəsi ilə fəal əməkdaşlığa hələ 1999-cu ildən, ölkəmiz mədəniyyət sahəsində Avropa Konvensiyasını imzaladıqdan (1997-ci il) dərhal sonra başlayıb. 2000-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi «Avropada mədəniyyət siyasəti: əsas fakt və tendensiyaların kompendiumu» layihəsində iştirak edib.
   2001-ci ildən isə ölkəmiz Avropa Şurasının Mədəniyyət Siyasəti Departamenti tərəfindən irəli sürülən regional «STEYC» layihəsinin iştirakçısıdır. Üç il müddətində həyata keçirilən layihənin əsas məqsədi Cənubi Qafqaz ölkələrində yeni mədəniyyət siyasətini dəstəkləməkdir. Layihənin mühüm mərhələlərindən biri yerli ekspertlərin öz avropalı həmkarları ilə birlikdə Azərbaycan Respublikasının «Mədəniyyət siyasəti haqqında Milli Məruzəsi”nin hazırlanmasıdır. Layihə çərçivəsində mədəniyyət məsələləri üzrə milli debatlar, kadr hazırlığı və s. nəzərdə tutulub. Azərbaycan Avropa Şurası ilə əməkdaşlıqda həyata keçirilən digər layihələrə də böyük önəm verir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar