Aslan Kəmərlini xatırlayarkən
Mən hər dəfə Aslan Kəmərlini böyük hörmətlə anıram. 60-70-ci illərdə istər jurnalistikada, istər ədəbiyyatda və yazı-pozu sahəsində İncə dərəsi boyda bir mahalı - hansı ki, sinəsi sazla-sözlə, yaradıb qurmaq eşqilə dolu olan bir elatdır - canlı şəkildə Bakıda təmsil edən Aslan kəmərli və bir də ondan sonra gələn Ağamalı Sadiq vardı.
Bu mənada universitetin jurnalistika fakültəsində (1975-1980-ci illər) oxuduğum illərdə Fəridə Ləman, Əhməd Drüc Mahmud Vəli, Akif Səməd, Məmməd İlqar, rəssam Qafar Sarıvəlli, Avdı Qoşqar, İbrahim İlyaslı və onun qardaşı, Məhəmməd Əfəndi və bir çoxları üçün Aslan Kəmərli, Ağamalı Sadiq bir qürur mənbəyi, istinad nöqtəsi idi. Aslan hələ "Azərbaycan gəncləri" qəzetində işləyərkən özünə nüfuz qazanmışdı. Uzaq bir kənddən gəlib mötəbər söz kürsüsündə oturmaq, torpağımızın uzaqda qalan yerlərini xalqa tanıtmaq çoxuna asan gəlməsin. Bu haqqı və ixtiyarı Aslan öz bacarığına və istedadına görə qazanmışdı. Silsilə publisistik yazılarında xüsusi olaraq vətənpərvərlik məsələlərini önə çəkirdi. Torpağa, ailəyə bağlılıq, onu candan əziz sevmək, qorumaq kimi əzəli və ulu hisslər bizlərdə böyük məna daşıyır. Aslan əsl torpağa, yurda bağlı biz şair idi. Bu duyğular bizim uşaqlarda çox dərindən aşılanıb. Buna misal olaraq deyim ki, el şairi, hər kəsin böyük hörmət bəslədiyi və sevdiyi Səyyar Vəlini-yəni atam Vəli Ləzgiyevi 11 yaşım olanda itirdim. Rəhmətlik anam Fatma arvad məni və kiçik qardaşım Nəsimini dişiylə, dırnağıyla böyüdüb ev-eşik elədi. İndi təəssüf ki, Nəsimi də bu dünyada yoxdur, 45 yaşında dünyasını dəyişdi, Allah ona da rəhmət eləsin. Sözümü ona gətirirəm ki, institut illərində, Bakıda hərdən bizdən ötrü ömrünü şam edib, saçının birini ağ, birini qara hörən, kipriyilə od götürən anam haqqında düşünəndə məni qəhər boğurdu, gözlərimdən yaş gəlirdi. Onun təkliyi, yiyəsizliyi məni yandırıb yaxırdı. Deyirdim birdən anama, nolar, nolmaz, bu qaraca, balaca arvad dünyasını dəyişər, ölər-eləyər, elə bil bu dünya dağılardı məndən ötrü. İndi əziz oxucu, bizim torpağa, yurda, ailəyə bağlılığımızı bu dərəcədə, bu səviyyədə təsəvvür edin. Aslanın səmimiyyəti, vətənpərvərliyilə digər keyfiyyətlərindən daha çox seçilməsi bu qaynaqdan, bu mənbədən irəli gəlir. Odur ki, o Azərbaycana, şeirlər, publisistik yazılar həsr etməklə, ürəyi soyumadı, o ürəyini başqa cür boşaltdı. Erməni-Azərbaycan söz-söhbətinin ən qızğın çağında şəhidlik ucalığına qalxmaqla. Aslan kimi düşünən beyin sahibləri, ürəyi odlu-alovlu olanlar kimlərəsə mane ola bilərdi. Aslan Kəmərli bizə məlum olmayan hansısa bir fitnə-fəsadın, hansısa qara əməlin qurbanı oldu. Bəlkə də... Elə bil uzaqgörənliklə Aslan oğlu Toğrula yazırdı:
Sızlar yaram dərində,
Ölsəm günlərin birində,
Basdır məni yurd yerində,
A Toğrulum, a Toğrulum.
Aslanla bağlı xatirələrim çox olmasa da, bu əvvəlcə yaş fərqindən irəli gəlir, çox zaman indiki "Azərbaycan" nəşriyyatına gedib dördüncü mərtəbədəki bufetdə Akif Səməd, mən, "Sovet kəndi" qəzetinin müxbiri İsmayıl İsmayılovla qağamız Aslanla bir yerdə oturub-durub,çay içib, çörək yediyimiz yadıma düşür. O özü necə düşünürdüsə bizə də o cür örnək, nümunə olmaq istəyirdi. Sözüylə, torpağına bağlılığıyla, şeirləriylə, əməlləriylə. O heç vaxt yalançı səmimiyyəti qəbul edə bilmirdi. Akifə, mənə deyirdi ki, bir fikirləşin görün, kimlərin tərbiyəsindən, təlimindən çıxmışıq. Biz yalnız o köhnə kişilər kimi ola bilərik, baş cür yox. Öyrəndiyi, görüb-götürdüyü kişiləri xatırlayardı.
Aslan Kəmərli, Ağamalı Sadiq, Akif Səməd kimi yaradıcı, duyğulu, ürək və qəlb adamlarının dünyanı tez tərk etmələri məni çox təəssüfləndirir. Düşünürəm ki, onlar yaşadıqları zamanda nə boyda bir müqəddəs məsuliyyəti çiyinlərinə götürüblərmiş. Xalqa ləyaqətlə xidmət etmək. Doğma, müqəddəs olanları vəsf etmək, özündən sonrakılara aşılamaq. Bu məsuliyyət onlar öləndən sonra da çiyinlərindədir. Onların sözü-söhbəti yaşayır, yazdıqları durur, deməli elə canlı kimidirlər. Övladları var, qohum-əqrabaları, dost-tanışları var, yurd yerləri, müstəqil bir Azərbaycan var. Yaşayaraq özlərinə heykəl qoyub, abidə yapmaq belədi. Onlar öz borclarından bir insan olaraq, vətəndaş olaraq bu cür çıxdılar. Geridə qalanı bizlikdir. İndi görək biz onlardan necə bəhrələnib onların adını, sanını necə qoruyub saxlayacaq, urvatlı edəcəyik. Bu ondan ötrü lazımdır ki, bizdən sonra gələn oğul-qızlarımız var. Məmməd İsmayıl demiş, öndə gedənlərimiz varsa, arxadan gələnlərimiz də var. Şairin işi-gücü bu dünyanın müvazinətini saxlamaq, onu yıxılmağa qoymamaqdır. Şairin qüdrəti dünyada gözəl və müqəddəs olan nə varsa onu lopa kimi başının üstünə qaldırmaqdı. Necə ki, bu gün haqqında düşündüyüm böyük şair Aslan Kəmərli məhz bu arzu, bu amallarla yaşadı. Belə olmasaydı hörmət və ehtiramla anılmazdı. Onlar heç zaman var-dövlət, pul-para haqqında düşünmədilər. Millətin dərdini çəkib düzü düz, əyrini əyri yazdılar. Beləcə halal bir yolla duruca su kimi Allahın dərgahına qovuşdular. Allah onlara rəhmət eləsin.
Mahmud Vəli