1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatlarının və rus ordusunun 366-cı alayının genişçaplı hücumu ilə Xocalı əhalisinə qarşı törətdiyi soyqırım Xatın, Lidise kimi bəşəri müsibətlərlə müqayisə olunur.
   
   Rəsmi statistikaya görə, Xocalı faciəsində 613 nəfər şəhid olmuş, onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə öldürülmüşdür. 1275 nəfər isə əsir alınaraq, olmazın zülmlərə uğradılmışdır...
   Xocalı soyqırımında iştirak edən hərbi hissələrdən birinin əks-kəşfiyyat rəisi, polkovnik V.Savelyev özünün “Məxfi arayış”ında erməni vandalları ilə yanaşı, Rusiya “zabit şərəfi”ni ləkələyən rus hərbçilərin də adlarını açıqlamışdır...
   Xatırladaq ki, Xocalıda törədilmış soyqırım haqda dünyanın çeşidli basın qurumları da həyəcanla xəbərlər yaymışdılar. Bunlardan “Vaşinqton-Post”, “Tayms”, “İzvestiya”,”Sandi Tayms”, “Faynenşl tayms”, “Le Mond”, “Qolos Ukraini” , “Nie” kimi qəzetlər, “Valer aktual”, “Krua İ’Evelman” adlı jurnallar da vardır...
   Ermənilər və onların siyasi-hərbi dəstəkçiləri, habelə insanlıq hissini siyasətə və maddiyyata satan 366-cı rus alayının heyəti tərəfindən tarixin qara dəftərinə yazılan bu cinayət beynəlxalq hüququn tələbinə görə (BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsinə əsasən qəbul edilmiş Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya ilə) bəşəri cinayət kimi qiymətləndirilir.
   Soyqırım və ya insanlıq əleyhinə başqa cinayətləri və hərbi suç işlədilməsini aşağıdakı hüquqi sənədlər də qəti qadağan etmişdir:
   - Nürnberq Hərbi Tribunalının Nizamnaməsi;
   - Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4);
   - Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 1);
   - Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6);
   - Azərbaycan Respublikası Cinayət Məcəlləsi (mad. 103);
   - Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı...
   
   Xocalı soyqırımının törədilməsindən 18 il ötməsinə baxmayaraq, əlimizdə təkzibedilməz istintaq materialları olmasına rəğmən hələ də məsələni beynəlxalq hüquq müstəvisinə çıxara bilməməyimiz və bu müdhiş cinayətin baiskarlarının cəzalandırılmaması daha hansı addımları atmağımızın zəruri olduğu məsələsini gündəmə gətirir.
   Doğrudur, Azərbaycan dövləti və diaspor təşkilatlarımız bu müşkülün açılmasına doğru bəzi mərhələləri aşmışlar. Hər il bu hadisənin ildönümündə dünyanın bir çox dövlətlərinin nüfuzlu qurumlarının ofislərində təşkil edilən anım tədbirləri, filmlərin nümayişi, Ermənistan səfirlikləri qarşısında, etiraz aksiyalarının keçirilməsi, dünya mediasının məhdud da olsa, bir qisminin bu məsələrə cəlb edilməsi; internetdə müvafiq sayt və portalların yaradılması; İslam Konfransı Təşkilatının bu faciəni soyqırım kimi tanımasına nail olunma və s. Azərbaycanın diplomatik uğurlarındandır.
   Ancaq bütün bu irəliləyişlər yetərlidirmi? Əlbəttə, yox...
   Hər şeydən öncə, Azərbaycan dövlətinin əlində olan təkzibedilməz istintaq materiallarının önəmini dəyərləndirərək, diaspor və qeyri-hökumət təşkilatlarımız dünyada ədalətli qərarların qəbuluna mane olan amilləri nəzərə alıb, beynəlxalq məhkəməyə müraciət etməzdən öncə nisbətən neytral bir ölkə seçərək bu məhkəmə prosesini orada başlatmalıdır. Bu elə dövlət olmalıdır ki, yalnız diplomatik masa arxasında ərazi bütövlüyümüzü dəstəklədiyini bizim “qulağımıza pıçıldamasın”, bunu BMT tribunasındakı mövqeyində də ifadə etsin. Üstəlik, həm də xristian dövləti olsun: məsələn, Ukrayna! Bu məhkəmə prosesini başlatmaq üçün bizdə yetərli sayda müvafiq beynəlxalq hüquq mütəxəssisi olmadığından Türkiyədəki vəkillərə də müraciət etmək zərurətimiz şübhəsizdir (O da mümkündür ki, çağırışlarımıza cavab olaraq, dünyanın bəzi tanınmış hüquqşünasları da bu məsələyə müdaxilə etmək üçün şəxsi təşəbbüsdə buluna bilər. Biz akademik Yuri Pompeyev, hüquq doktoru Uilyam Uimz, tarix doktorları Erix Faygel, Makkartilər və b. kimi vicdanını hər şeydən üstün tutan insanları nəzərdə tuturuq) Çox təəssüf ki, bir neçə il öncə İstanbul məhkəmələrinin birində Xocalı soyqırımı ilə bağlı çox əhəmiyyətli bir proses başlatmış Kemal Kerincsiz bu gün siyasi olaylara qatılaraq həbs edildiyindən, həmin prosesin də hələlik dondurulduğunun şahidi olmaqdayıq...
   Xocalı məsələsində (örnək üçün, Ukraynada başladılmasını uyğun gördüyümüz) məhkəmə prosesinin keçirilməsi halında Azərbaycan tərəfi - bitərəflik imici heç kəsdə şübhə doğurmayan bir dövlətin məhkəmə araşdırması sayəsində (dünya mediasının bu olayları dartışmasının müşayiəti ilə) böyük effektli diplomatik basqı vasitəsinə sahib ola və cinayətkarların yenidən beynəlxalq axtarışa verilərək istintaqa cəlbi məsələsini beynəlxalq hüququn gündəminə gətirə bilər; bundan sonra isə məsələnin beynəlxalq məhkəməyə ötürülməsi daha ciddi nəticələrə xidmət etmiş olar...
   Təbii ki, qarşı tərəf öz saxtakar əks-təbliğatından əl çəkməyərək, ya məhkəmədən yayınmağa, ya da saxta əks-arqumentlər gətirməyə çalışacaq... Fevralın 24-də İrəvanda təqdimatı keçirilən Xocali.net saytında iddia etdiyi kimi: guya Azərbaycan tərəfi ermənilərə qarşı effektli təbliğat materialına malik olmadığı üçün saxtakarlığa əl ataraq Srebrenitsadakı qətliama və Türkiyədəki “kürd talanları”na aid fotolardan istifadə edir. Təəssüfedici məqamlardan biri də bəzən öz soydaşlarımızın bu xüsuslarda düşmənə bəhanə vermələridir. Belə ki, həmin sayt Eynulla Fətullayevin “Skot uspeli vıvesti, a lyudey net” məqaləsindən də istifadə edərək, Xocalı soyqırımının günahını öz üstümüzə atmağa cəhd göstərir. Qeyd edək ki, bir neçə il öncə, Rüstəm İbrahimbəyovun da bir ifadəsini öz səsiylə erməni müəllifinin pyesində əleyhimizə səsləndirmişdilər...
  
 Özlərinin saxtakarlıq fəaliyyətini başqalarının üzərinə atan ermənilər həm təbliğat materiallarına, həm də beynəlxalq məhkəmələrə saxta dəlillər təqdim etməkdə mahirdirlər: 1920-ci illərdə Tehleryanın sui-qəsdə əl ataraq Tələt Paşanı öldürməsi ilə bağlı Berlindəki məhkəmə prosesinə saxta teleqram və s. önəmli dəlillər sunan Aron Andoniyanın yolu ilə gedən erməni yazıçısı Eduard Patrisyan Nyu-Yorkda rusca nəşr olunan “V novıy svet” qəzetinin 30 oktyabr 2007-ci il tarixli sayında “erməni soyqırımı”na növbəti sübut kimi “Xocalı soyqırımı”nın istintaq materiallarına aid olan qarnı yarılaraq körpəsi çıxarılmış bir hamilə azərbaycanlı qadının şəklini verməsi buna əyani sübutdur. 
   Ermənilərin məsuliyyətdən yayınma və əks-ittiham cəhdlərinin qarşısını almaq üçün Azərbaycan sözün əsl mənasında informasiya müharibəsi aparmalıdır. Qısası, tərəfimizdən görülən və görülməsi nəzərdə tutulan işlərə əlavə olaraq, tam aşkarlıq şəraitində ciddi ssenarist-rejissor qrupu formalaşdıraraq sənədli, tarixi-bədii film çəkilməli, dünyanın müxtəlif ölkələrinin (ən azı İslam Konfransı Təşkilatı dövlətlərinin) telekanalları vasitəsilə xarici dillərdə səsləndirilməlidir. Ekranlaşdıracağı halda, bu filmdə dönəmin tarixi şəxsiyyətlərinin obrazları və məsələyə dəxli olan ən ciddi siyasi-hərbi proseslərin əsas cizgiləri canlanmalıdır. Bu film Xocalı soyqırımındakı əsas səhnələri, həmçinin erməni vəhşiliyinə xas önəmli detalları dünya tamaşaçısına tanıtdıqdan və tarixi dürüstlüyü, bədii yönləri ilə sevildikdən sonra bu istiqamətdə erməni müqavimətinin önü əhəmiyyətli dərəcədə kəsiləcəkdir. Ermənilər məhz bu yolla (ancaq min bir saxtakarlıq edərək) - “Ararat” filmi vasitəsilə öz yalançı dəlillərini və faciələrini dünya tamaşaçısına təlqin etdilər...
   Bundan başqa, Xocalı məsələsini öncəki faciələrimizin, xüsusilə də 31 Mart faciəsinin davamı kimi təqdim edərək, 24 apreldə də gündəmə gətirib erməni saxtakarlığının və diplomatik basqısının qarşısını imkan çərçivəsində almaq gərəkdir.
   Bütün bu proseslər uzun müddət və sürəkli çalışmalar tələb etdiyi üçün ruhdan düşüb ümidsizliyə qapılmağa dəyməz; müqayisə üçün bildirim ki, 19-cu əsrin əvvəllərində erməniləri də Avropada tanıyan yox idi, iki əsr ərzində onlar həm “siyasətin manşetinə dırmaşmağa”, həm də müstəqil dövlət yaratmağa nail oldular. Hər cür müqayisə qüsurlu olsa da, tarixi proseslərdən öyrənəcəyimiz çox şeylər var...
   
   Xaqani İSMAYIL,
   tədqiqatçı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar