Çar Rusiyasının arxivləri, İran və Osmanlı mənbələri, Qərb diplomatlarının hesabatları, müxtəlif alim və səyyahların əsərləri, həmçinin o zamankı və sonrakı bir çox erməni müəllif və mənbələrinin hamısı birmənalı şəkildə ermənilərin Çar Rusiyasının himayəsi ilə Qafqaza və İranın şimalına (Cənubi Azərbaycana) köçürüldüyünü dəfələrlə qeyd etsə də, əksər çağdaş erməni «tarixçilərinə» və siyasətçilərinə bu həqiqət sərf etmədiyi üçün onlar hələ də dünya oxucusunu çaşdırırlar. Onların dırnaqarası arqumentlərini yerlə yeksan etmək üçün hörmətli tarixçi-alim İsrafil Məmmədov erməni müəllifi T.M.Avetisyanın özünə istinadən 1420-ci illərdən (Pir Yaqub Hüseynoğlu dövründən) 1827-ci ilədək (Hüseyn xan Qacarın (1807-1827) dövrünədək İrəvan hökmdarlarının siyahısını təqdim edib. Bu da ermənilərin sonralar “Yerevan”a döndərdikləri İrəvanın bir şəhər və bir xanlıq kimi tarixdə mövcud olan bütün məlum dövrünü əhatə edir. Buradakı bütün hökmdarlar türk olduğu halda, bəs bir neçə il öncə ermənilər guya «erməni şəhəri İrəvan»ın 2500 illiyini hansı məntiqlə qeyd edirdilər?!..
   
   
   Doğrudur, Rusiya tərəfindən «Erməni vilayəti» yaradılanadək ( 1828-ci il martın 21-i) də ermənilər Qafqaza köçməyə davam etmiş, daha doğrusu, orta əsrlərin sonuna nisbətdə nəzərəçarpacaq intensivliklə könüllü qaydada mülklər almaq və fəhlə-sənətkar kimi çalışmaq yolu ilə İrəvan bölgəsinə köçmələrini sıxlaşdırmışdılar. Bu köçlər, xüsusən də Çar Rusiyasının Qafqaza sahib olmaq üçün aşkar savaşa baş­ladığı XVII əsrin sonundan daha fərqli sürət kəsb etməyə başlamışdı. «Erməni vilayəti» adlandırılan əyalətin başkəndi İrəvanda 1828-ci ildə azərbaycanlılar hələ də mütləq əksəriyyət - 75,6% təşkil edirdilər. Bu rəqəm əsrin sonuna yaxın (1897) 43,1%-ə, 1916-cı ildə isə 24,4%-ə düşmüşdü.
    Rusların da Cənubi Qafqaza köçürülməsi haqda Dövlət Şurası 1830-cu ildə ayrıca qərar qəbul etmişdi.
   Rusiya quberniyalarından «narazı» rus (malakan) kəndliləri Şimali Azərbaycana, onun tərkib hissəsi olan İrəvan quberniyasına köçürüldu. Sektantların ilk köçü 1803-cü ildə Zəngəzur mahalının Nəzərçay kəndinə gəldi.
   Tambov və Saratov quberniyasından malakanlar Göyçə mahalının kəndlərinə köçürüldülər.
    Aborigen xalq xristian idarəçiliyinin zülmü altında inləyirdi. Məhkəmələrdə hakimlər mütləq rus millətinin nümayəndələrindən təyin olunurdu. Hər beş nəfər məhkəmə iclasçısının üçü rus, biri erməni, biri isə müsəlman əhalidən seçilirdi. Şəraitdən bəhrələnərək ermənilər hər cür imtiyazlardan istifadə edirdilər. Qafqazda, xüsusən də İrəvan çevrəsində etnik «təmizləmə» siyasətinin izləri hətta küçələrə, bağlara kimi sirayət etməkdəydi. Birdən-birə İrəvan küçələrinin adları dəyişdirilərək - Tsarskaya, Tserkovskaya, Ter-Quqasovskaya, Armyanskaya, Xotsents və s. adlandırılmağa başladı. Hətta İrəvan xanlığından xatirə qalmış bağ adlarını da dəyişməyi unutmadılar...
    Çar Rusiyasının Qafqazı işğal etməsindən sonra burada türk yer adlarının erməni-rus adları ilə əvəzlənməsi sonralar da davam etdirildi: Gümrü-Aleksandropol, Gəncə-Yelizavetpol və başqaları bu qəbildəndir.
   Ancaq yer adlarının dəyişdirilməsi siyasəti sovetləşmədən sonra Ermənistanda daha böyük vüsət aldı.
   Xüsusilə də 1935-ci il yanvarın 3-dən etibarən Ermənistan ərazisində görünməmiş bir tarixi saxtakarlığa, cinayətə əl ataraq bu məmləkətdəki gerçək yer adlarının dəyişdirilməsinin kütləviləşdirilməsinə start verildi. Sovet hakimiyyəti qurulduqdan 1935-ci ilə qədər bu ölkədə 190-dan artıq toponim dəyişdirilmişdisə, sonrakı dönəmlərdə (Ermənistanın müstəqillik əldə etdiyi 1991-ci ilədək) bu qəsdləri əsl soyqırım adlandıra bilərik.
    Bununla qonşularımız (hələ sovetlər dönəmindən etibarən də) YUNESKO-nun mədəni dəyərlərin qorunması haqqında 1954, 1970 və 1972-ci il konvensiyalarını kobud şəkildə pozmuşlar.
   Ermənistanın başqa bölgələrində olduğu kimi, Talin rayonu ərazisində də yer, yaşayış məskəni adlarını dəyişdirməkdə təcrübəsi dalana dirəndikcə metodlarında “yeniləşmələrə” əl atan ermənilər bəzi kənd adlarını sonralar “erməni redaktəsi”ndə vermişlər: Haqqa-Akko, Gəlto-Qalto,Tilik-Tlik, Məsdərə-Mastara, Aşna-Aşnak, Əgərək-Aqarak, Dayan-Dian, Zərincə-Zarnca və b.
   Ermənistanda türk yaşayış məskəni kimi tarixə düşmüş rayon adları da bu minvalla dəyişdirilmişdir: Aparan- Abaran, Ani-Agin, Allahverdi-Tumanyan, Axta-Hrazdan, Aşağı Qaranlıq-Martuni, Barana-Noyemberyan, Basarkeçər-Vardenis, Böyük Qarakilsə-Quqark, Vedi-Ararat, Qarakilsə-Sisiyan, Qəmərli-Artaşat, Qızıl Qoç- Qukasyan, Düzkənd-Axuryan, Ellər-Abovyan, Ərtik-Artik, Əştərək-Aştarak, Zəngibasar-Masis, Karvansaray-İcevan, Keşişkənd-Yeğeqnadzor, Kəvər-Kamo, Gorus-Qoris, Sərdarabad-Hoktemberyan, Soylan-Əzizbəyov-Vayk, Üçkilsə-Eçmiədzin, Hamamlı-Spitak, Çəmbərək-Krasnoselsk, Calaloğlu-Stepanavan, Şəmşəddin-Berd.
   Bu məqamda Sərçəbet (el arasında: Sərçəvet) adlı bir kəndin nümunəsində Ermənistan ərazisində bir məntəqənin ad dəyişməsinin təfərrüatlarına nəzər salmaq istərdik:
    Sərçəbet - Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Taşir rayonunda) kənd adı. XIX yüzilliyin sonundan etibarən bu kənd haqda bilgimiz yoxdur. Sərçəbet həm də Cılğaçayın bir qolunun adıdır. Əsli Sarıcabət. Azərbaycan dilində sarıca (torpağın süxurunun sarı rəngə çalmasını bildirir) və türk dillərində bət- “üz”, “səth” sözlərindən ibarətdir. (Akademik Budaq Budaqov, professor Qiyasəddin Qeybullayev).
    Xatırladaq ki, ermənilər bu adı “Sarçapet” formasına salaraq “orfoqrafik dəyişikliyə uğratmış” - guya erməniləşdirməyə nail olmuşdular. Əslində dilimizə bələd olan hər bir kəs Sarçapet sözünün türk dillərindən alınmış mürəkkəb isim olduğuna şübhə etməz... Eyni bölgədəki Şahnəzər kəndini də “Şaxnazar” adlandıraraq tələffüzündə ermənilik yaratmaq istəyən qonşularımız, sonralar bunun gülünc olduğunu duyunca, 1978-ci ildən başlayaraq, “Metsavan” adlandırmağa başladılar.
   
   Xaqani İSMAYIL