Böyük ədib, maarifçi və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 140 ili tamam olur
   
   Azərbaycan xalqının böyük oğlu, ictimai-siyasi xadim, görkəmli yazıçı-publisist, həkim Nəriman Nərimanov düz 140 il bundan öncə, 1870-ci il aprelin 14-də Tiflis şəhərində, yoxsul bir ailədə anadan olub. 1882-ci ildə Nərimanov Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olub. Seminariyada oxuduğu illərdə o, Azərbaycan, rus və Avropa ədəbiyyatı klassiklərini həvəslə öyrənir. Onun ilk qələm təcrübəsi də məhz həmin illərə təsadüf edib.    

    Seminariyanı bitirdikdən sonra Nərimanov 1890-cı ildə Tiflis quberniyasının Qızılhacılı kəndində müəllim işləyir. Bir il sonra Bakıya köçür və müəllimlik fəaliyyətini burada davam etdirir. Nərimanovun 1894-cü ildə Bakıda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə təşkil etdiyi kitabxana bütün Qafqazda məşhur idi.
   Bu dövrdə ədəbi fəaliyyətə başlayır. 1894-cü ildə "Şamdan bəy" komediyasını, 1896-cı ildə məşhur "Bahadır və Sona" romanının birinci hissəsini, 1899-cu ildə isə "Nadir şah" faciəsini nəşr etdirir, böyük rus yazıçısı N.V. Qoqolun məşhur "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə edir.
   Nərimanov 1902-ci ildə Odessa Universitetinin tibb fakültəsinə daxil olub. Odessada həmçinin siyasi fəaliyyətə başlayır. 1905-ci ildə Bakıya qayıdır və burada aktiv ictimai-siyasi fəaliyyətə başlayır, «Hümmət» sosial-demokrat partiyasının rəhbərliyində yer alır. 1906-cı ildə Nərimanov Zaqafqaziya müsəlman müəllimlərinin qurultayına rəhbərlik edir. 1909-cu ildə Nərimanov siyasi fəaliyyəti ilə bağlı çar rejimi tərəfindən həbs olunur və Həştərxana sürgün edilir.
   1913-cü ildə Bakıya qayıdan Nərimanov Qaraşəhər xəstəxanasında həkim işləməklə yanaşı, ədəbi fəaliyyətini də davam etdirir. "Pir" (1913), "Bir kəndin sərgüzəşti" (1915) hekayələrini yazır.
   1918-ci ildə Bakıda bolşevik hökuməti (Bakı Soveti) qurulanda Nərimanov şəhər təsərrüfatı xalq komissarı təyin edilir. Həmin ilin yayında bolşevik hökuməti süqut edəndən sonra Həştərxana gedir və Həştərxan Quberniya İcraiyyə Komitəsinin rəhbəri işləyir.
   1919-cu ildə Rusiya bolşevik hökumətinin rəhbəri Lenin Nərimanovu Moskvaya çağırır və o, xarici işlər komissarının Şərq şöbəsinin müdiri təyin edilir.
   1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Nərimanov Müvəqqəti İnqilab Komitəsinin, sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri işləyib. 1922-ci ildə Nərimanov Zaqafqaziya İttifaq Sovetinin (Azərbaycan, Ermənistan, Gürcüstan) sədri, sonra isə SSRİ-nin yaranması ilə ittifaq hökumətinin (Mərkəzi İcraiyyə Komitəsi) həmsərlərindən biri seçilib. 1925-ci ilədək bu vəzifədə çalışan Nərimanov həmin ildə vəfat edib.
   Nərimanovun maarifçi fəaliyyəti və ədəbi yaradıcılığı çoxşaxəlidir. O, xalqının maariflənməsi yolunda yorulmadan çalışıb, rus məktəbləri üçün «Azərbaycan dili», Azərbaycan məktəbləri üçün «Rus dili» dərslikləri, qrammatika kitabları, lüğətlər hazırlayıb.
   Nərimanov realist yazıçı idi. O, «Nadir şah» pyesi ilə Azərbaycan ədəbiyyatında tarixi faciə janrının əsasını qoyub. Nərimanov alovlu publisist idi. Öz dövrünün bir sıra qəzet və jurnallarında məqalələrlə çıxış edərək istibdadı, gerilik və cəhaləti, fanatizmi qamçılayıb, Azərbaycan dilinin təmizliyi, saflığı, inkişafı uğrunda mübarizə aparıb.
   Nərimanovun zəngin ictimai-siyasi fəaliyyəti və əbədi irsi ilə bağlı çoxsaylı materiallar onun Bakıdakı ev-muzeyində qorunub saxlanılır. İstiqlaliyyət küçəsində yerləşən xatirə muzeyi 1977-ci ildən fəaliyyət göstərir.
   İşıqlı və geniş otaqları olan bu ev-muzeydə qəribə bir aura var. Nərimanov 1913-cü ildən bu evdə yaşayıb. O dövrün görkəmli ziyalıları, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq və başqaları hər həftənin cümə günləri bu evdə süfrə arxasına toplaşar, maraqlı söhbətlər edərdilər. Həmin otağa nəzər yetirəndə gözlərim önünə ziyalılarımız gəldi... Qonaq otağı ilə üzbəüz Nərimanovun iş otağıdır. İçi kitab dolu rəflər, yazı masası və üstündə bir neçə köhnə kitab... Marağımı boğa bilməyib kitablara baxıram: Puşkin, Qoqol, Lermantov, Turgenev və başqa rus yazarlarının əsərləri...
   Həkim kimi də fəaliyyət göstərən Nərimanov xəstələri burada qəbul edirdi. Xeyirxahlığı ilə seçilən bu insan hətta imkanı olmayan xəstələrin dərmanları alması üçün də onlara yardım edərdi.
   Burada onun bitirdiyi Novorossiysk Universitetinin tibb fakültəsinin diplomunu görürəm. Bu otaqda ani olaraq qəribə hisslər keçirirdim, sanki zaman geri dönəcək, bu boş qalmış stulda doktor Nəriman əlində qələm nəsə yazacaq... xəstələr qapıda növbə gözləyəcək...
   Muzeyin direktoru Kamilə xanım Nərimanov haqqında fikirlərini bizimlə bölüşür: “Onu daima sıxışdırır, müxtəlif böhtanlar ataraq gözdən salmağa çalışırdılar. 1956-cı ilə qədər N.Nərimanov «xalq düşməni» kimi damğalanıb və bundan bütün qohumlar, biz əziyyət çəkmişik. Stalin dünyasını dəyişəndən sonra artıq ona bəraət verildi. İlk dəfə onun ədəbi fəaliyyəti haqqında Mir Cəlal Paşayev “Ədəbiyyat və incəsənət” qəzetində məqalə yazmışdı”.
   Təsadüfən stolunun üstündə Nərimanovun 1925-ci ilin yanvarında 6 yaşlı oğlu Nəcəfə yazdığı bitməmiş məktubuna rast gəlirəm.
   Nərimanov oğluna yazırdı: «...mənim həyatım daim qayğılarla dolu olmuşdur: Mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu öz az maaşımla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra mən yenə də təhsil almağa başladım. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün məzəmmət etməyəsən...”
   Məktubun bir hissəsində isə deyilir: “...Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürləri - nə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və imkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim...”
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar