Kiminsə qəfil ölüm xəbərini eşidəndə bəzən belə deyirik: «Elə bu cür yaxşıdır. Kimsəyə əziyyət vermədən, quş kimi uçub gedirsən, vəssalam». Nə bilim, vallah. Biz kimik ki? Bu dünyaya gəlişimizi özümüz planlaşdırmadığımız kimi, gedişimizin vaxtına da, qaydasına da özümüz qərar vermirik.
   ...Dünən səhər belə bir qəfil ölüm xəbəri mədəniyyət aləmini, bütün teatrsevərləri sarsıtdı. Xalq artisti Telman Adıgözəlov səhərə yaxın dünyasını dəyişmişdi. Dünən bütün günü teatrda olan 57 yaşlı aktyor axşam evdə özünü pis hiss etdiyni deyib, yatağına uzanıb... Gecə çağırılan təcili yardım aktyorun son səfərini təxirə sala bilməyib. Deyilənə görə, infarkt!
   ....İlham Rəhimlinin «Füzuli meydanındakı sənət məbədi» kitabını vərəqləyirəm. 1996-cı ildə çıxan kitabda Telman Adıgözəlov barədə məlumatı tapıb oxuyuram, gənclik şəklinə baxıram. Əslində, Telman müəllim zahirən çox dəyişməmişdi. Bir dəfə onunla söhbətimdə gileyləndi ki, 90-cı illərdə teatrda uzanan təmir onun yaradıcılığından «oğurladı». Yaşının ən gözəl vaxtında istədiyi qədər rol oynamadı, ürəyindən keçən obrazları yarada bilmədi. Yadıma düşür ki, Akademik Milli Dram Teatrında yenə də təmir gedir.
   
   Xalqın onu daha çox televiziya tamaşalarındakı rollarından, «Kinoklub» verilişindəki aparıcılığından tanıdığını da özünə qarşı gizli istehza ilə vurğulayırdı. Çünki istəyirdi ki, onu daha çox tamaşalardakı rollarından, çəkildiyi filmlərdəki obrazlarından tanısınlar. Nədənsə Telman Adıgözəlov öz rolunu oynamadı, ən yaxşı obrazını yaratmadı. Hər halda, mənə belə gəlir. Hərçənd 30-35 yaşlarında «Nişanlı qız» tamaşasında Qoca kişi rolunda da çıxış etmişdi, sonralar az qala 50-ni haqladığı yaşda «Ah, Paris, Paris!» tamaşasında cavan oğlan obrazını da yaratmışdı.
   Ondan niyə kinoda, teatrda baş rolları az oynadığını soruşanda yanıb-tökülürdü: «Aktyor asılı peşə sahibidir, bu sualı rejissorlara verin» deyirdi.
   Bir neçə il əvvəl Mədəniyyət və İncəsənət Telman müəllimin dərsindən reportaj hazırlamışdım. Telman müəllim bütün sənət müəllimləri kimi tələbələrinə həm çox mehriban yanaşırdı, həm də onlara münasibətində bir qədər rəhmdil görünürdü. Uşaqlar auditoriyanın bir küncünə çəkilib jurnalistin qarşısında öz məharətlərini göstərmək üçün obraza girməyə çalışdığı zaman düşündüyümü Telman müəllimlə bölüşdüm. Bir an tutuldu: «Yəni belə hiss olunur?» Cavab verdim ki, uşaqları deyə bilmərəm, amma mən hiss elədim. Ağır-ağır başını yellətdi: «Yazıqdırlar... Onlar da asılı peşə sahibi olacaqlar. Universiteti bitirib hansı teatrda işləyəcəklər, necə dolanacaqlar...».
   
   Komik aktyor ampluası Telman Adıgözəlovun boynuna biçilmişdi. Amma o, Azərbaycan komik aktyorlarının səhnədən kənardakı ciddi davranış ənənələrini davam etdirirdi. Dəvət olunduğu verilişlərdə (əslində, onu birbaşa sənətə aidiyyəti olmayan televiziya proqramında gördüyüm yadıma gəlmir), müsahibələrdə ciddi danışar, təmkinini pozmaz, yersiz lətifə söyləməz, həmsöhbətini güldürməyə, onun qılığına girməyə çalışmazdı.
   
   Səhv eləmirəmsə, teatrda onun son rollarından biri «Müsyö Jordan və Dərviş Məstəli şah»dakı dərviş obrazı idi. Eyni əsərin bir neçə quruluşunu da görmüşəm, həmin əsər əsasında çəkilmiş filmi isə demək olar, hamı görüb. Telman Adıgözəlovun dərvişinədək gördüyüm Məstəli şahlar yalnız fırıldaqçı və şarlatan kimi yadımda qalmışdı, Telman müəllim isə onu daha çox “avam qadın” psixologiyasına yaxşı bələd olan çoxbilmiş kimi təqdim edirdi. Bilmirəm, bu tamaşa bütünlükdə zəif olduğundanmı, ya da yenə də təmir üzündənmi repertuarda tez-tez görünmədi. Heyif...
   
   Yeni ilin ilk günlərində «Evləri köndələn yar»ın davamını - «Evləri göydələn yar»ı göstərdilər. Telman müəllimin obrazı - foto həvəslisi gənc Kamil artıq məşhur foto ustasına, ərgən qız atasına çevrilmişdi. Dəyişən təkcə ifaçının və obrazın yaşı idi. Onun tamaşaçıya sevdirdiyi Kamil öz cazibəsini, əqidəsini zərrəcə itirməmişdi.
   
   ... Dünən yaradıcılıq planı quran, təzə nəsə axtaran, yaratmaq istəyən insan barədə bu gün keçmiş zamanda danışmaq çətindir. Amma neyləyəsən ki, həyat budur!
   Telman müəllim ömür boyu qalmaqallardan uzaq olmuşdu, müsahibələrində şok açıqlamalar verib, rol davasını, teatrın mətbəxində olanları mətbuata açıqlamamışdı. Amma deyəsən, «mən aktyoram» deyən hər kəsin ömründə heç olmasa, bir şok olaya ehtiyac var.
   Telman Adıgözəlov da bu şok olayı qəfil ölümü ilə teatrsevərlərə yaşatdı. Nə ailəsindən, balalarından doydu, nə də sənətdən. Biz də onun ifasından doymadıq!
   Çoxdan oxunmayan bir mahnıda deyildiyi kimi: vaxtsız gələn təkcə əcəldir.
   
   Allah rəhmət eləsin!
   
   Gülcahan Mirməmməd