O, yaradıcılığının ən coşqun, çiçəkləndiyi bir vaxtda dünyanı tərk edib. 45 illik ömründə qayğılı, gərginliklə dolu illər yaşayıb bəstəkar Qəmbər Hüseynli. Sənət aləmində xalqına can-başla xidmət etmək vəzifəsini həyatının əsas mənası hesab edirdi. O, özünəməxsus musiqi duyumu, deyim tərzi, orijinal üslubu ilə yazıb-yaradıb. Bütün yaradıcılığı boyu professional musiqi sənətimizin xalq tərəfindən daha çox sevilən janr və formalar hesabına zənginləşməsinə çalışıb.
Unudulmaz bəstəkarımızdan bizə yadigar qalan mahnılar, romanslar və digər janrlarda sənət inciləri bədii-estetik dəyərinə görə bu gün də çox qiymətlidir. Bəstəkarın Dövlət Radiosunun “Qızıl fond»unda qorunub saxlanan və müxtəlif sənətkarlar tərəfindən ifa olunan əsərləri həmişə xüsusi şövqlə dinlənilir. Həmin əsərlər müxtəlif konsertlərdə, ədəbi-musiqili verilişlərdə tez-tez səsləndirilir. Qəmbər Hüseynli deyirmiş ki, bəstəkar hər hansı janrda yeni əsər yaradarkən onun ünvanını - kimlər üçün yazdığını qabaqcadan nəzərə almasa, özünü dinləyici yerində təsəvvür edib, ona "yad" gözlə baxmasa, həmin əsərin müvəffəqiyyətinə tam əmin ola bilməz. Ona görə də görkəmli bəstəkarın bütün əsərləri XALQ ünvanlıdır.
Mahnı yazmaq həvəsi
Qəmbər Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə doğulub. Həmin gün atası Məşədi Muxtarın sevinci yerə-göyə sığmırdı. Qohumlar, dost-tanışlar onu təbrik edir, gözaydınlığı verir, körpəyə cansağlığı arzulayırdılar. Sadə peşələrdən baş çıxaran, həmçinin dəmirçi kimi şəhər əhalisinin böyük hörmətini qazanan Muxtar kişi ikinci oğluna Qəmbər adını verdi. Körpə xoşbəxt, qayğısız uşaqlıq illərini yaşayırdı. Ancaq 6 yaşı olanda atasının qəfil vəfatı onun uşaq qəlbini yaraladı. Əmisi Xəlil kişi, böyük qardaşı Məmməd balaca Qəmbəri diqqətdən kənarda qoymadılar. Çalışdılar ki, atasının yoxluğunu hiss etməsin, oxusun, musiqi məktəbində də təhsil alsın.
1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı. Balaca Qəmbərin bir şakəri də var idi: qrammofon vallarına qulaq asmaq...
Oxuyub öyrənməyə, sənətə olan böyük maraq Qəmbəri 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna gətirdi. O, eyni zamanda şəhərdəki orta ixtisas musiqi məktəbinin tar şöbəsində təhsil almağa başladı. Həssas musiqi duyumu ilk məşğələlərdən məşhur tarzən-pedaqoq Həmzə Əliyevin diqqətini cəlb etdi. O, çox böyük həvəslə tarda çalmağı, xüsusilə muğam ifaçılığının sirlərini şagirdlərinə həvəslə öyrədirdi. Qəmbərin bəxti gətirmişdi. Sonrakı təhsil illərində böyük bəstəkar Fikrət Əmirov, istedadlı tarzən Zərif Qayıbovla birlikdə uğurlu addımlarını atırdı. Hər uğurlu addım sənət zirvəsinə gedən yolun başlanğıcı idi. Təhsil illərinin ilk müvəffəqiyyətləri həm yeniyetmə Qəmbəri, həm də tar müəllimi Həmzə Əliyevi ürəkdən sevindirirdi. Fərəh doğuran cəhətlərdən biri onun tarda notla çalmaq bacarığına mükəmməl yiyələnməsi idi. O, muğamlara böyük maraq göstərirdi. Həmzə müəllimin qayğısı və səyi nəticəsində muğamları məharətlə ifa etməyi öyrənmişdi. "Rast"ı, "Şur"u, "Zabul segah"ı şövqlə, daha təsirli çalırdı.
Pedaqoji texnikumda və orta ixtisas musiqi məktəbində eyni vaxtda oxuduğu illərdə Qəmbər Hüseynli gənc musiqiçi kimi Gəncə şəhərinin mədəni həyatında yaxından iştirak etməyə çalışırdı. 30-cu illərdə şəhərdə istedadlı aktyor kimi tanınan və sonralar Xalq artisti adını daşıyan Məmmədrza Şeyxzamanovun Gəncə İnşaat Texnikumunda yaratdığı dram dərnəyində Qəmbər də yaxından iştirak edirdi. O, ayrı-ayrı tamaşaların musiqi müşayiətində fəallıq göstərirdi.
1932-ci ildə baş verən bir təsadüf gənc tarzənin musiqi istedadını üzə çıxardı. O zaman Moskvadan Gəncəyə qastrola gələn Şərq simfonik orkestrində bas tarı çalan musiqiçi konsert günü ağır xəstələnmişdi. Tamaşaçılarla görüşə isə çox az vaxt qalırdı. Orkestrin rəhbəri Musiqi Texnikumunun kollektivinə müraciət etdi. Hamının fikri bu oldu ki, bu işin öhdəsindən ancaq Qəmbər gələ bilər. Doğrudan da, bir neçə saat ərzində gənc tarzən orkestrdə bas tara aid olan partiyanı demək olar ki, mükəmməl öyrəndi və konsert zamanı bacarıqla ifa etdi. Orkestrin rəhbəri, yaradıcı heyətin üzvləri Qəmbərin musiqi təfəkkürünə heyran qaldılar.
1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə "özününküləşdirməyi" bacarır.
Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə rahat buraxmır. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı" romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyir.
1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.
Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.
Gənc bəstəkar 1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. Üç ildən sonra tanınmış şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi "Qızıl quş" operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir.
Azərbaycanı dünyada tanıdan mahnı
Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" və s. əsərlərindəki şəffaflığı, şairanə ehtiras və incəliyi duymayan çətin tapıla!
Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var - "Cücələrim". Qəmbər Hüseynli deyəndə "Cücələrim", "Cücələrim"in sədası, qəlboxşayan təranələri ətrafa yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratması böyük sənət uğuru idi.
"Cücələrim" o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada "Cücələrim" qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın "vizit vərəqi"nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi.
Tofiq Mütəllibov xatirələrində yazır: "Bir gün Qəmbər Hüseynli mənə zəng edib evlərinə dəvət etdi. "Cücələrim" mahnısının melodiyasını çaldı. Dedi ki, bu musiqiyə mətn yaza bilərsənmi? Razılıq verdim. Bir neçə gündən sonra mətn hazır oldu. Onunla birlikdə mətndə bir sıra dəyişikliklər etdik. Beləliklə, məşhur "Cücələrim" meydana gəldi. O, həmişə deyərdi: "Mən əminəm ki, "Cücələrim"in səyahəti böyük olacaq". Görkəmli bəstəkar sözlərində yanılmamışdı. Əgər o, ömrü boyu "Cücələrim" mahnısından başqa heç bir əsər yazmasaydı, yenə də musiqi tarixində layiqli yer tutacaqdı. Bir əsərlə dünyada məşhurlaşmaq hər sənətkara nəsib olmur. Qəmbər Hüseynli "Cücələrim" mahnısı ilə sağlığında özünə abidə ucaltdı".
Baba yolunun davamçısı
Bəstəkarın ailəsində yolunu davam etdirən olmayıb. Oğlu Nəsimi mühəndisdir. Atası dünyasını dəyişəndə onun 3 yaşı olub. Ona görə də atasını daha çox dost-tanışların xatirəsi əsasında tanıyıb. "Atamı heç cür xatırlaya bilmirəm. Onun haqqında yalnız anamdan, qohumlarımdan, atamın dostlarından eşitmişəm" - deyə Nəsimi danışır:
- Hamı deyir ki, atam çox mərd, özünə və ətrafdakılara qarşı tələbkar insan olub. O, heç vaxt quru şan-şöhrətə uyan adam olmayıb. Atam yazdığı əsərlərin ifaçılarına qarşı da çox tələbkar idi. O, həmişə deyirmiş: "Mən xalq musiqisini əsaslı surətdə öyrənməyincə böyük əsərlər yazmağa tələsməmişəm". Onun sənətə məsuliyyəti buradan qaynaqlanırdı. Atam həmişə istəyirdi ki, yazdıqları dinləyicilər tərəfindən bəyənilsin. Qəmbər Hüseynlinin əsərləri çoxdur. O, klassik və müasir şairlərin şeirlərinə əsərlər yazırdı. Atam "Qızıl quş" uşaq operettasını bitirə bilmədi. Bu, onun son əsəri oldu».
Bu ocaqda daha bir Qəmbər böyüyür. Deyəsən, bu balaca uşaq babasının yolunu, yarımçıq arzularını davam etdirəcək. Musiqiyə yaman həvəsi var. Lap babasının uşaqlığında olduğu kimi. Kim bilir, bəlkə vaxt olacaq böyük bəstəkarın yarımçıq əsərləri onun zəhməti sayəsində dolğunluq tapacaq. Çünki bu əsərlərə ürəyinin odunu, qəlbinin atəşini yalnız bu ocağın davamçısı verə bilər.
Təranə Sərdarqızı