Hər kəs yaxşı xatirə danışmağı bacarmır. Amma öz sənət taleyi boyunca yaşadıqlarını, gördüklərini, eşidib bildiklərini məndən, eləcə də başqa mədəniyyət yazarlarından əsirgəməyən Bala müəllim çox gözəl xatirə söyləyərdi.
Ona görə yox ki, lap ahıl yaşınadək Bala müəllimin yaddaşı korlanmamışdı...
Ona görə yox ki, söz ehtiyatı zəngin idi...
Əslində, Bala müəllimin yaddaşı da yaxşı idi, söz ehtiyatı da zəngin idi, gözəl danışıq qabiliyyəti də var idi. Amma ən başlıcası, teatra sonsuz məhəbbəti olan insan idi. Konkret sənətkar, ya da sənət hadisəsi barədə faktları dəqiq, hadisə iştirakçılarının rolunu kiçildib-şişirtmədən təsvir edərdi. Bəli, məhz təsvir edərdi: hadisənin ovqatını, xatırlanan şəxsin obrazını dəqiq cizgilərlə çatdırardı. Həmin xatirədə də öz varlığını yalnız mövzu ilə bağlı xatırladardı.
Qismətə bax ki, teatr tariximizlə bağlı, xüsusilə də musiqili teatr tarixinə dair yazı hazırlayanda öz xatirələrini səxavətlə bölüşən bir insanın özü barədə xatirə yazıram.
Hamı onu ya Bala müəllim, ya da sovet dönəmindən alışdığımız tərzdə Bala Əliyeviç deyə çağırırdı. Balağa Qasımov 18 yaşından ömrünü teatra həsr etmişdi. Azərbaycanda nadir rast gəlinən işin sahibi - teatr təşkilatçısı idi. 1945-ci ildə gənc kadrlara olan ehtiyac orta ixtisas musiqi məktəbinin tələbəsini eyni vaxtda həm konservatoriyanın tələbəsi etmişdi, həm də Opera və Balet Teatrının orkestrinin solisti. Dövrün karyera qaydasına uyğun olaraq komsomol-partiya məktəbi keçmişdi. Teatr rəhbərliyində pillə-pillə yüksəlmişdi. Konservatoriyanın ardınca ozamankı Teatr İnstitutunda təhsil almışdı. On il Gənc Tamaşaçılar Teatrında, on altı il də Musiqili Komediya Teatrında direktor işləmişdi.
Ömrünün son 20 ilini Teatr Xadimləri İttifaqında çalışmışdı. İdarə heyətinin sədr müavini, təşkilatı işlər üzrə katib olmuşdu. Son illər isə səhhəti heç qulaq asmırdı Bala müəllimə. Yaş, uzun illərin gərgin işi, sənət çarpışmaları içində keçən illər repressiya qurbanının övladı kimi damğalanmış uşaqlığın, müharibəyə düşən yeniyetməliyin məhrumiyyətlərinin üstünə qalanaraq Bala müəllimin şux qamətini əyirdi. Onun içindəki teatr ovqatı, qəlbindəki sənət sevgisi isə tükənmirdi.
Bala Qasımov respublikanın Xalq artisti Firəngiz Şərifova ilə 60 il birgə ömür sürdü, iki övlad böyütdü, iki nəvə sahibi oldu. Bütün gərginliklərə, inciklərə, teatr aləmindən intriqaları bu teatral ailəyə sızdırmaq istəyənlərin çabalarına baxmayaraq, ailəsini, sevgisini qoruyub yaşatdı.
...Heç yadımdan çıxmaz. Teatr Xadimləri İttifaqında Firəngiz xanımın 80 illik yubileyi qeyd edilirdi. Hamı yubilyara baxırdı, onu təbrik edənləri dinləyirdi. Mənimsə bir gözüm elə arxa cərgədə əyləşib üzündən heç zaman əksik olmayan və ona çox yaraşan zərif təbəssümlə ömür-gün yoldaşını, şıltaqlıqlarına dözdüyü sənətkar xanımını süzürdü. Belə məclislərin qaydasına uyğun olaraq, sonda Firəngiz xanım ürək sözlərini söylədi. Firəngiz xanım danışandasa, sanki Bala müəllimin nuru azalmış gözlərinin işığı artdı. Mən qəti əmin idim ki, o, balalarının anası olan görkəmli aktrisaya baxırdı, amma gözəlliyi, işvəsi canlar yaxan, böyük rejissorların ümidlə baxdığı gənc zərif qızın sevgisini qazandığı gənclik çağlarının Firəngizini görürdü. Həmin məclisdə Bala müəllim çıxış etmədi. Qonaqlar dağılışandasa ömür-gün yoldaşına yaxınlaşdı. Həmişəki tək sakit səslə dedi: «Sən danışanda mənim gözlərim doldu». Firəngiz xanım təəccübünü gizlətmədi: «Niyə?» Cavab isə qısa və çox dərin idi: «Sənə görə».
Deyirlər ki, insan haqq dünyasına qovuşandan sonra onun ruhu qırx gün əzizlərinin başı üzərində dolaşır. Qoy Bala müəllimin ruhu ömrün ahıl çağında can sirdaşının, ömür dostunun itkisindən yetimləşən Firəngiz xanıma, uğurlarından qanadlandığı balalarına, nəvələrinə daima duaçı olsun!..
Allah rəhmət eləsin!
Gülcahan Mirməmməd
P.S. Bala müəllimin ruhu qarşısında son borcumu yerinə yetirərkən bir məqamı düşünürəm. Məni övlad qədər sevən, aramızdakı yaş fərqimizə baxmayaraq, dost münasibətilə fəxr etdiyim Bala müəllimin 70 illiyində ondan aldığım müsahibəni, 80 yaşında yazdığım təbriki çox bəyənmişdi. Görəsən, ondan sonra yazdığım bu xatirə yazısını bəyənərdimi? Axı, hər kəs xatirə yazmağı bacarmır.