Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay: “Türk dünyası mədəniyyətinin təbliğində qəzetinizin kollektivinə böyük uğurlar arzulayıram”
   
   Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY türk dünyasının ölməz şəxsiyyətlərinin mədəni irsinin yaşadılması ənənəsinə sadiq qalaraq 2011-ci ili böyük tatar şairi və yazıçısı Abdulla (Qabdulla) Tukayın xatirəsinə həsr edib. 
   
   TÜRKSOY həmçinin təşkilata üzv ölkələrin kütləvi informasiya vasitələrini türk dünyası mədəni irsinin təbliğində, təşkilatın fəaliyyətinin işıqlandırılmasında göstərdiyi xidmətlərinə görə “Mətbuata şərəf mükafatı” ilə təltif edir. 2011-ci il TÜRKSOY-un “Mətbuata şərəf mükafatı»na layiq görülən mətbu orqanlar arasında “Mədəniyyət” qəzeti də var.
   Yanvarın 25-də Ankarada, TÜRKSOY-un baş qərargahında «2011 - Abdulla Tukay ili”nin təntənəli açılışı və “TÜRKSOY-un mətbuatda şərəf mükafatı»nın təqdimat mərasimi keçirildi. Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Rusiya Federasiyası Tatarıstan Respublikası baş nazirinin müavini və mədəniyyət naziri Zilya Valiyeva, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrdən olan mətbuat nümayəndələri və Türkiyədə fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələri təmsil olunurdu.
   Tədbirdə əvvəlcə Abdulla Tukayın həyatından bəhs edən film nümayiş olundu. Qeyd edək ki, tatar ədəbiyyatının klassiki olan görkəmli şair və yazıçı Abdulla Tukay (1886-1913) təkcə tatarlar arasında deyil, türkdilli xalqlar arasında tanınmış qələm sahibidir. Daha sonra çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın türkdilli xalqlar arasında mədəni münasibətləri genişləndirmək məqsədilə böyük layihələr həyata keçirdiyini vurğuladı: “Bu layihələrdən biri də türk dünyasına xidmət etmiş dəyərli şəxsiyyətlərin anılması və gələcək nəsillərə tanıdılmasıdır. Hər bir xalqın tarixində xüsusi dəyərə malik olan şəxsiyyətlər özünə yer alır. Bunlardan biri də tatar xalqının mənəvi dəyəri və milli simvolu olan Abdulla Tukaydır”.
   A.Tukayın üzüntü və dərd dolu qısa ömründə gələcək nəsillər üçün hər zaman əxlaq, insanlıq və azadlıq timsalı olduğunu deyən D.Kaseinov bu dəyərli şəxsiyyətin əsərlərinin bütün türk dünyasının ortaq mirası olduğunu vurğuladı: “Qısa ömrü ərzində ölməz əsərlər yaratmış ədib gələcək nəsillərin gözündə yeni fəlsəfi anlam və önəm qazanan dəyərli bir şəxsiyyətdir. Böyük tatar şairinin 125-ci ildönümü münasibətilə TÜRKSOY 2011-ci ili “Abdulla Tukay ili” elan edib».
   Sonra Muğla Universitetinin müəllimi Çolpan Zaripova Çetin A.Tukayın yaradıcılığından bəhs etdi: «Tatar ədəbiyyatının klassiki olan bu şəxsiyyətin yaradıcılığı Tatarıstan sərhədlərini aşaraq dünyaya tanıdılıb. O yalnız tatarlar arasında deyil, türkdilli xalqlar arasında tanınmış qələm sahibidir».
   Tatarıstan Yazıçılar Birliyinin rəhbəri İrfak İbrahimov A.Tukayın ən çox sevilən şeirlərindən biri olan «Ana dilim» adlı əsərini səsləndirməsi və Tatarıstan xalq rəqsinin nümayişi tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.
   Tatarıstanın mədəniyyət naziri Zilya Valiyeva A.Tukayın türk dünyası ədəbiyyatında qoyduğu izlərdən bəhs etdi. O, 2011-ci ilin “Abdulla Tukay ili” elan edilməsindən məmnunluğunu dilə gətirdi.
   Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay “Abdulla Tukayı ili” çərçivəsində böyük ədibin həyat və yaradıcılığının türk dünyasında geniş təbliğ olunacağını bildirdi: «Tukayın əsərlərini və həyatını oxuduqda bir dahi ilə üz-üzə qalıram. Gənc vaxtında, 27 yaşında vəfat edib. Yazdığı əsərlər sadəcə Tatarstanda, Rusiyada deyil, dünyada müasir dəyərə malikdirsə, həyatının parlaq çağında bir insan dünyasını dəyişib deməkdir. Bu il ərzində müxtəlif tədbirlər keçirəcək, dəyərli işlərə imza atacağıq».
   Bunun ardınca nazir Tukayın şeirlərindən birini söylədi.
   Sonra TÜRKSOY-un “Mətbuata şərəf mükafatı»nın («Basın onur ödülü») təqdimatı keçirildi. Əvvəlcə Azərbaycandan olan mətbuat nümayəndələri mükafatlandırıldı. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanı «Mədəniyyət» qəzetinə TÜRKSOY-un “Mətbuata şərəf mükafatı»nı təqdim etdi. Nazir «Mədəniyyət» qəzetinin türk dünyası mədəniyyətinə dair tədbirlərin işıqlandırılmasında xüsusi rolunu yüksək qiymətləndirdi: “Türk dünyası mədəniyyətinin təbliğində qəzetinizin kollektivinə böyük uğurlar arzulayıram”.
   Mərasimdə «Mədəniyyət» qəzetinin baş redaktoru İntiqam Hümbətovun yüksək mükafata görə təşəkkür məktubu TÜRKSOY-un baş katibi Düsen Kaseinova təqdim olundu. D.Kaseinov da öz növbəsində «Mədəniyyət» qəzetinin qurumun fəaliyyəti və eləcə də türk dünyasının tarix və mədəniyyətinin işıqlandırılması istiqamətində gördüyü işləri xüsusi vurğuladı. Baş katib xüsusilə son bir il müddətində TÜRKSOY-un reallaşdırdığı layihələrin «Mədəniyyət» qəzetində geniş işıqlandırıldığını diqqətə çatdırdı.
   Bunun ardınca Azərbaycanın “AzərTAc” Dövlət Teleqraf Agentliyi və müstəqil yazar, türk mədəniyyətinin tədqiqatçısı Elmar Əmrah TÜRKSOY-un mükafatı ilə təltif olundular.
   Tədbirdə digər türkdilli ölkələrdən Qazaxıstan Dövlət Televiziyası, «Aykın» qəzeti, Türkiyədən «Sabah” qəzeti, “CCN Türk” kanalının əməkdaşı, «Zaman» qəzetinin mədəniyyət-sənət redaktoru, «Öncə Vətən» qəzetinin xəbər müdiri, TRT - Türkiyənin səsi radiosunun «Türk dünyasından xəbərlər proqramı», Hatay Radio Televiziyası, Turkish Music Box TV, Başqırdıstan Dövlət Televiziyasının müxbiri, Başqırdıstan “Başinform” Xəbər Agentliyi, TNV və Radiosu baş müdirinin köməkçisi, Şimali Kipr Respublikasından Kanal T və “Yeni Volkan” qəzetləri də mükafatla təltif olundu.
   
   * * * 
   
   Tatarıstan Respublikasının mədəniyyət naziri Zilya Valiyeva:
   «Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə mütəmadi əlaqə saxlayırıq»

   
   Rusiya Federasiyası Tatarıstan Respublikası Baş nazirinin müavini, mədəniyyət naziri Zilya Valiyeva «Mədəniyyət» qəzetinə açıqlamasında Azərbaycanla mədəni əlaqələrin daha da möhkəmlənməsini və inkişaf etdirmək istədiklərini dilə gətirdi: «2008-ci ilin oktyabrında Bakıda Tatarıstan Mədəniyyəti Günlərinin keçirilməsini bu əməkdaşlığın inkişafında mühüm addım kimi dəyərləndirirəm. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, hörmətli nazir həmkarım Əbülfəs Qarayevlə mütəmadi əlaqə saxlayır, mədəni əməkdaşlıqla bağlı müzakirələr aparırıq. İlk dəfə Bakıya gələndə mənə elə gəldi ki, bir-birimizi çoxdan tanıyırıq. Mədəniyyətimizdə ümumi və oxşar məqamlar çoxdur. Bu yaxınlarda Kazanda fəaliyyətə başlayacaq kukla teatrının açılış mərasiminə bu sahədə zəngin təcrübəyə malik Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyini də dəvət etmək niyyətindəyik. Bundan başqa, bu il Kazanda keçiriləcək Moskva mədəniyyət günləri çərçivəsində təşkil olunacaq konsertlərdə azərbaycanlı musiqiçilər də iştirak edəcəklər».
   Z.Valiyeva Azərbaycanda yeni fəaliyyətə başlayan «Mədəniyyət» kanalından da bəhs etdi: «Mən sizi və həmkarlarınızı yeni fəaliyyətə başlayan «Mədəniyyət» kanalı münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bu kanal Abdulla Tukayın yubileyinə böyük diqqət ayıracaq».
   
   
   Türkiyə Cümhuriyyəti mədəniyyət və turizm naziri Ərtoğrul Günay:
   «Ölkələrimiz arasında mədəni əlaqələr günü-gündən inkişaf edir»
   
   Ankarada “2011 - Abdulla Tukay ili”nin təqdimatında iştirak edən Türkiyə Cümhuriyyəti mədəniyyət və turizm naziri Ərtoğrul Günay «Mədəniyyət» qəzetinə müsahibəsində Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin günü-gündən inkişaf etdiyini dilə gətirdi: «Azərbaycan bizim ən yaxın dostumuz olan bir ölkədir. Aramızda iqtisadi, siyasi və bunlardan ən önəmlisi mədəni əlaqələr, əməkdaşlıq yüksək səviyyədə davam edir. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mənim ən sıx əməkdaşlıq etdiyim həmkarımdır. Ötən il Azərbaycanın böyük şairi Rəsul Rzanı anmışdıq. Ondan əvvəl Bəxtiyar Vahabzadə ilə bağlı bir tədbir keçirdik. Mən özüm isə Türkiyədə yaşamış şair Almas İldırımla bağlı Bakıda keçirilən tədbirdə iştirak etdim. Göründüyü kimi, ölkələrimiz arasında çoxlu sayda mədəni münasibətlər var. Və bu işlər artaraq davam edəcək».
   Nazir yaxın gələcəkdə Azərbaycanla birlikdə reallaşdıracaqları layihələrdən də bəhs etdi: «Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə tez-tez qarşılıqlı şəkildə əməkdaşlıqlarımız, danışıqlarımız olur. Sərgilər, səhnə əsərləri ilə bağlı mübadilələr etmək istiqamətində də planlarımız var». 
      
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar