Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyət göstərdiyi 76 il ərzində bu sənət məbədinə görkəmli musiqiçilər rəhbərlik edib. Lakin bu qurumun ilk sədri Asan Rifatov haqqında geniş oxucu kütləsinin o qədər də məlumatı yoxdur. Bu boşluğu qismən də olsa doldurmaq üçün Asan Rifatovun həyat və yaradıcılığını tədqiq etmiş alim, AMEA-nın Folklor İnstitutunun Xarici ölkələrlə folklor əlaqələri sektorunun müdiri Əli Şamilova müraciət etdik:   

   - Asan Rifatov kim olub?
   - Asan Rifatov istedadlı bəstəkar olub. Əslən Krım tatarı (türkü) idi. Mənbələrdə onun adı və soyadı Asan Refatov, Həsən Rüfatov və Qasan Rifatov kimi yazılıb. Bu fərqli yazılış rus, Azərbaycan və Krım tatarlarının orfoqrafiyasından irəli gəlir. Krım tatarları söz önündə “h” səsi işlətmirlər, rus dilində isə “h” səsi yoxdur. Alınma sözlərdə isə onu “q” və “x” səsi ilə əvəz edirlər. Ona görə də Azərbaycanda “Həsən”, “Hasan” kimi çağırılan ad, tatarlarda “Asan”, ruslarda “Qasan”, “Xasan” kimi yazılır.
   A.Rifatov 1902-ci ildə Krımın Bağçasaray şəhərində müəllim ailəsində doğulub. 0rta təhsilini atasının dərs dediyi orta məktəbdə alıb. Erkən yaşlarından simli instrumental alətlərdə, fortepianoda çalmağı öyrənib. İlk not dərslərini isə böyük qardaşı, mahir kamançaçı Midətdən (Rusiyadakı vətəndaş müharibəsində (1918-1922) bolşeviklərin tərəfində vuruşub, general Vrangel tərəfindən güllələnib) alıb. Sonra qardaşı ilə birlikdə musiqi proqramı hazırlayıb.
   Fəallığı və təşəbbüskarlığı onu bölgədə tanıdır. Tanınmış tarixçi-etnoqraf Osman Nuri Akçokraklı (1879-1938) Asan Rifatova bəzi məsləhətlər verir. Ona türklər arasında məşhur olan “Çorabatır” mövzusunda opera yazmağı tövsiyə edir. Rifatovun “Çorabatır“ operası 1923-cü ilin sentyabrında sənhəyə qoyulur. Krım tatarlarının görkəmli oğlu, Azərbaycanda dilçilik elminin banilərindən biri Bəkir Çobanzadə tamaşa haqqında yazmışdı: “Bu opera Krım-tatar sənət tarixində ilk görülən ən güclü, ən sevimli mədəni və siyasi vaqiyə oldu. Əsərin müəllifləri Osman Akçokraklı və Asan Rifatov bununla xalqının mədəni həyatında silinməz izlər qoydular”. “Çorabatır“ operası 1924-cü ildə ikinci dəfə səhnəyə qoyulur. Lakin kommunist rəhbərliyi operanın xalq arasında böyük maraq, insanlarda vətənpərvərlik və milli hisslər oyatmasından narahat olur. Ona görə də əsərə qadağa qoyulur.
   A.Rifatov, eyni zamanda, bir sıra tamaşalara musiqilər yazır, bəstəkarlıq fəaliyyətini davam etdirir.
   - Onun Azərbaycana gəlişi nə ilə bağlı olub? Həyatının Bakı dövrü yaradıcılığına necə təsir edir?
   - A.Rifatov 1926-ci ildə ali musiqi təhsili almaq məqsədilə Bakıya gəlir. Burada xalqımızın görkəmli bəstəkarı Üzeyir Hacıbəyli ilə tanış olur, onun yaradıcılığını dərindən öyrənir. 1930-cu ildə konservatoriyada təhsilini başa vursa da geri dönməyə tələsmir. 1931-ci ildə konservatoriyaya prorektor təyin edilir. 1934-cu il onun həyatında yüksəliş ili olur - 32 yaşlı A.Rifatov yeni yaranan Azərbaycan Bəstəkarlar İttifaqına sədr seçilir. Lakin onun bu quruma sədrliyi uzun çəkmir. 1935-ci ildə Krım Mərkəzi İcraiyyə Komitəsi onu vətənə dəvət edir və o Krıma dönür. Orada dövlət işi ilə yanaşı, bəstəkarlıq fəaliyyətini də davam etdirir.
   Yusif Balotovun “Toy davam edir“, “Nəsrəddin Xoca”, İlyas Tarkanın “Hücum“ pyeslərinə musiqi yazır, tatarların xalq mahnılarını nota köçürür. Onun “Şüştər“ süitası isə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Parisdə keçirilən festivala göndərilir.
   - Repressiya dövründə Rifatovlar ailəsi nədə təqsirli bilinib?
   - Bolşeviklər milli ruhlu ziyalıları sevməyiblər. 1937-ci ilin aprelində Asan və qardaşı Refat vahid Turan dövləti yaratmaqda ittiham olunaraq həbs edilirlər. Bir il sonra, 1938-ci ilin avqustunda onların 78 yaşlı atası Mamut ağa da həbs olunur. Rus-bolşevik müstəmləkəçiləri Krımda maarif və mədəniyyət yayan bir ailənin yaşamına son qoyur. Lakin onların ideyalarını məhv edə bilmirlər. Rifatovların irsi öyrənilir, əsərləri təbliğ olunur.
   
   Savalan Fərəcov