Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəli xalqımız üçün üzüntülü olaylarla, Qarabağ müharibəsində erməni cəlladlarının xalqımızın başına gətirdiyi ağır müsibətlərlə yadda qalıb. Həmin qanlı hadisələrin bir qismi şair və yazıçılarımız tərəfindən qələmə alınıb, bu mövzuda müxtəlif nəzm və nəsr əsərləri yaradılıb.
   
   Özünəməxsus yaradıcılıq üslubu ilə seçilən Ziyəddin Sultanov qələmi süngüyə çevirən yazıçı-jurnalistlərdəndir. Qarabağ müharibəsi mövzusu onun yaradıcılığının ana xəttini təşkil edir. Yazıçı «Qarabağ gündəliyi», «Qarabağın qara günləri», «Xocalı faciəsi», «Ağdərədən gələn var», «Burdan bir atlı keçdi», «Əsirlər, girovlar, itkinlər», «Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr» kitablarının müəllifidir.
   Z.Sultanovun «Göylərdən gələn gəlin» («Çinar-çap» nəşriyyatı, Bakı-2010) sənədli povesti bütün məziyyətlərinə görə diqqəti cəlb edir. Real həyat həqiqətlərinin acı mənzərəsinin əks olunduğu povest erməni vəhşilərinin xalqımızın başına açdığı saysız faciələrin birindən bəhs edir.
   Naşir Qoşqar İsmayıl oğlu Qarayevin yaxından köməyi ilə işıq üzü görən kitaba Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov «Qeyrət və qəhrəmanlıq heykəli» adlı ön söz yazıb. O, Şamkənd obasından və bu obada yaşayan Kərimov və Hümbətov ailələrindən, faciəli şəkildə həlak olan Vətən övladlarımızdan, onların keçdiyi şərəfli ömür yolundan ürək yanğısı ilə söz açır.
   «Göylərdən gələn gəlin» sənədli povestinin baş qəhrəmanı Səma 1969-cu il dekabrın 31-də Laçın rayonunun dilbər guşələrindən olan Şamkənddə Kərimovlar ailəsində dünyaya göz açmışdı. Yazıçı Səmanın uşaqlıq və orta məktəbdə oxuduğu illərdən xüsusi məhəbbətlə danışır. Atası Aydın müəllim və anası Sevda xanım Səmanı çox istəyirdilər. Səma onlar üçün evlərinin işıq saçan nuru idi. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. Bundan sonra ata-anasının xeyir-duası ilə onu həmkəndliləri, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun axırıncı kursunda oxuyan Arif Hümbətova nişanlayırlar. Arif institutu bitirib kəndə gəlir, gənclərin toyu olur. Lakin onların xoşbəxt həyatı uzun sürmür. Erməni silahlı qüvvələrinin Laçın rayonunun kəndlərinə hücumları başlanır.
   Müəllif povestin «Yaxınlaşan təhlükə» bölümündə erməni basqınları nəticəsində camaatın başına gələn fəlakətləri təsvir edir. 1992-ci il mayın 18-də Laçın rayonu işğal olunur. Səmagilin ailəsi də yurd-yuvasından didərgin düşür, Bərdə rayonunun Əyricə kəndində məskunlaşır. Az sonra Səmanın anası Sevda xanım Hacıkəndə köçür, qızını, nəvələrini özü ilə aparır. Şamkəndin igid oğulları, o cümlədən Səmanın həyat yoldaşı Arif, eləcə də bir neçə qonşu kənddən gənclər Şamkənddə qalmışdılar. Onlar Kəlbəcər rayonundan (tunel vasitəsilə) keçərək yaxınları ilə əlaqə saxlayırdılar. Azərbaycan ordu hissələrinin ön cəbhəsi də Şamkənddə yerləşirdi.
   Bir qədər sonra Arif Hacıkəndə gəlir və həyat yoldaşı Səmanı, yaşyarımlıq qızı Nurlanəni də götürüb Şamkəndə aparır. Kənddə 6-7 ailə yaşayırdı. Səma məktəbdə həmin ailələrin uşaqlarına dərs deyirdi. Səmanın dayısı Yusif Əliyev kənd icra nümayəndəsi idi. Kənd hər an erməni cəlladları tərəfindən işğal oluna bilərdi. Belə bir vəziyyətdə Sevda xanım qızını kənddən aparmağa çox çalışsa da, Səma buna razı olmur. Şamkənddə həyat bir neçə ay belə davam edir. 1993-cü il martın 31-də kəndin başı üzərini qara buludlar alır. Ermənilərin hucumu başlanır, sakinlər kəndi tərk etməli olur.
   Müəllif povestin «Yol» və «Tuneldə faciə» bölümlərində bu hadisəni təsvir edir: «Köç tunelə yaxınlaşırdı. Tunelə az qalmış bir nəfər dedi ki, tunelə girməyin, ermənilər sizi orda qıracaq, Qamışlı yolu ilə gedin». Yusif Əliyev öz dəstəsini tunelə tərəf aparsa da, karvanın arxa hissəsi Qamışlı yolu ilə getdi. Yazıçı xalqın çəkdiyi müsibətləri bədii ifadələrlə oxucuların diqqətinə çatdırır.
   Tuneldən çıxan UAZ və kuzası dolu yük maşınını ermənilər gülləbaran edirlər. Səmanın dayısı Asif Əliyev erməni gülləsindən yerindəcə keçinir. Yusif Əliyev, onun həyat yoldaşı Qənirə ağır yaralanır. Səma topuğundan ağır yara alır, erməni cəlladları kiçik Nurlanənin başına avtomatın qundağı ilə vururlar. Ermənilər 30-a yaxın adamı girov götürürlər. Onları əvvəlcə Vəng kəndinə, sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin təkidi ilə Xankəndinə aparırlar.
   Kamerada Səma ilə birgə kəlbəcərli Nəsibə, Yeganə, Arzu və başqaları var idi. Ermənilər Nəsibənin üç qardaşını gözünün qabağında güllələmişdilər: Nəsibə Səmadan danışarkən söyləmişdi:
   - Girov düşdüyüm ilk gündən son günə kimi Səma ilə bir yerdə olmuşuq. Özüm ağır vəziyyətdə yaralı olsam da, Səmanın halı ürəyimə dağ çəkirdi.
   Yazıçı bu hissədə Səmanın çəkdiyi əzablardan, onun Şamkənd, Nağdalı, Çorman kəndlərini yuxuda görməsindən, dayıları Yusif və Asifin, dayısı arvadı Qənirə xanımın ermənilər tərəfindən öldürülməsi səhnələrini xatırlamasından və kamera yoldaşları Nəsibə və Yeganədən geniş bəhs edir. Burada Səmanın məktubu da verilib:
   «...Mən və qızım uşaq xəstəxanasındayıq. Özüm bir aydır ki, arxası üstəyəm. Ayağa qalxa bilmirəm. Sol ayağım tərpənmir. Əməliyyat ediblər... Qızıma da kəlbəcərli Arzu baxır. O da ayağından yaralanıb... Məni buradan çıxarın, məni evə qaytarın... Öpürəm sizi, 3 aprel 1993-cü il. Xankəndi».
   Z.Sultanov məktub vasitəsilə Səmanın öz dili ilə ömür yoluna bir daha nəzər salıb, mərd, mübariz, ölümün gözünə dik baxan Azərbaycan qızının parlaq obrazını yaradıb.
   «Dünyanın nizamı pozulmuşdur» bölməsində Səmanın xəyalından keçirdiyi illər, kəndlərində olan əhvalatlar anılır, oğlu Rüfət yadına düşür və ürəyindən bu anları keçirir: «Hə, bu da dünyanın axırı, 24 illik ömrümün sonu. Görəsən, Rüfət balam hardadır? Ay Rüfət, kaş səni bircə dəfə görə biləydim».
   Səmanın yaxınları, ata-anası, həyat yoldaşı Arif, qardaşı Əli onu girovluqdan qurtarmaq üçün çalışırlar. Nəyin bahasısına olursa-olsun, xəstə bacısını azad etmək bütün yollara baş vurur. Nəhayət, vaxtilə Tuğ kəndində sahə müvəkkili işləmiş, sonra isə erməni silahlı birləşmələrinin mayoru olan Edik adlı erməni ilə razılıq əldə edirlər, onun tələb etdiyi «külli miqdarda pulu» toplayırlar. Bu yolda Kərimovlar ailəsinin necə əzab çəkdiyini müəllif ürək ağrısı ilə qələmə alıb.
   Lakin Səmanın girovluqdan azad edilməsi ərəfəsində faciə baş verir. Povestin «Yaşamaq istəmirəm» bölümündə Səmanın girovluqdan qayıtmaq fikrindən daşındığı, saçına vurduğu baş sancağı ilə vena damarını kəsərək özünü öldürduyü bildirilir, mayor Edikin intihar hadisəsini telefonla Səmanın qardaşı Əliyə xəbər verməsi və Səmanın yaxınlarının bu faciədən sarsılması təsvir edilir. Yazıçı intihar hadisəsini olduqca qəmli notla, Azərbaycan xalqının iniltili harayı kimi təsvir edib.
   Səmanın meyitini gətirib Bərdə rayonunun Əyricə kəndinin qəbiristanlığında dəfn edirlər. Müəllifin təsvir etdiyi bu anları həyəcansız oxumaq olmur. Xalqımızın, onun övladlarının başına açılan belə faciə insanı daxilən sarsıdır, mənəvi aləminə böyük zərbə vurur. Z.Sultanov bu həyatı faktları göstərməklə xalqımızı mübarizəyə, milli birliyə səsləyir.
   Yazıçı sonda Kərimovlar ailəsi haqqında məlumat verir: «... Hazırda Sevda xanım qızı Səbinə və iki nəvəsi - Rüfət və Nurlanə ilə birlikdə Bakıda, Dövlət İdarəçiliyi Akademiyasının 1 saylı yataqxanasında yaşayır. Oğlanları Əli və Anar isə Bərdə rayonunun Əyricə kəndində məskunlaşıblar. Aydın müəllim böyük faciəyə, ağır dərdə tab gətirə bilmədi, dünyasını dəyişdi».
   Z.Sultanov povestin epiloqunu bədii paralellik notu ilə bitirib. Sevda xanım tez-tez qızının adını daşıyan orta məktəbə baş çəkir, qızına Səma adını verməklə özündə təskinlik tapır: «Axı, Səma həmişə bizimlədir, başımızın üstündədir» deyən ananın sözlərini gələcək nəsillər üçün örnək hesab edən yazıçı əlavə edir: «Mən dərhal başımı qaldırıb göyün üzünə baxdım. Səma aydın, təmiz və gözəl idi...»
   «Göylərdən gələn gəlin» sənədli povestində Ziyəddin Sultanov hadisələri aydın, ardıcıl, lakonik, oxunaqlı bir dillə qələmə alıb. Oxucu bu təhkiyə üslubundan yorulmur, əsəri birnəfəsə oxuyur. Xalqımızın başına erməni cəlladlarının zaman-zaman açdığı faciələri göstərməklə müəllif bizi yağı düşməndən intiqam almağa səsləyir.
   
   Sabir Rüstəmoğlu,
   Azərbaycan Müəllimlər İnstitutunun
   Ağcabədi filialının dosenti