Azərbaycan heykəltəraşlıq məktəbinin banilərindən biri, görkəmli sənətkar Cəlal Qaryağdı 1915-ci il iyulun 15-də Şuşada anadan olub. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır.
   
   30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır.
   İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli (memar Ə.İsmayılov və Q.Əlizadə, 1958-ci il) Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. Əlində kitab, oturmuş halda təsvir olunan şairin baxışlarından «süzülüb gələn» satirik misralar sanki tamaşaçını ovsunlayır.
   Bakıda N.Nərimanovun, vaxtilə Lenin (indiki Azadlıq) meydanında qoyulmuş V.İ.Leninin heykəllərini də C.Qaryağdı yaratmışdı. Sənətkar həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb.
   Nizami adına Ədəbiyyat Muzeyinin binası heykəltəraşlıqla memarlığın sintezinə ən gözəl nümunədir. Burada tətbiq olunan milli memarlıq elementləri binanın xarici görünüşünə bir incəlik və zəriflik gətirir. Muzeyin qərb fasadının eyvanında qoyulmuş ədəbiyyatımızın görkəmli xadimlərinin heykəlləri binanın arxitekturası ilə plastik əlaqə və həmahənglik təşkil edir. Burada görkəmli sənətkarlardan F.Əbdürrəhmanov M.Füzulinin, C.Qarayağdı M.P.Vaqifin, E.Tripolskaya X.Natəvanın, P.Sabsay M.F.Axundovun, N.Zaxarov C.Məmmədquluzadənin, S.Klyatski C.Cabbarlının heykəllərini (1939-1940-cı illər) ustalıqla işləyiblər.
   C.Qaryağdının monumental-dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli (1972), Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir.
   O, rəssam, heykəltəraş kimi müxtəlif janrlarda monumental heykəl, portret, büst, barelyef və s. əsərlər yaradıb. Bu cür yaradıcılığı ilə seçilən rəssam Azərbaycanda keçirilən sərgilərdə sənət nümunələrini təqdim edib və uğurlar qazanıb. Çox keçmir ki, onu keçmiş Sovet İttifaqı səviyyəsində təşkil olunan sərgilərdə iştirak etməyə dəvət edirlər.
   Onun rəssamlıq fəaliyyətinin əsas mərhələsi Böyük Vətən müharibəsi (1941-1945) illərinə təsadüf edib. Bu illərdə, o, insanların bədii obrazını, onların hünər və rəşadətini əks etdirərək, qəhrəmanlıq nümunəsindən çıxış edən şəxslərin portretini yaradıb.
   Cəlal Qaryağdının yaradıcılığı zamanın müxtəlif dövrlərini özündə yaşadır. Bu mənada ki, Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında hazırlanmış "Fərhad Bisütun dağını yararkən" barelyefi, Xurşidbanu Natəvanın büst və portretləri diqqəti cəlb edir.
   Onun "Tarçalan", "Kamançaçı", "Xanəndə" fiqurlarında obrazların yığcamlığı və milli kolorit özünu göstərir. Cəlal Qaryağdı bədii təfəkküründən yaranan incə ştrixləri rənglərin və fırçanın köməyi ilə kətan üzərində əks etdirərək, əsərlərinin hər birində yüksək sənətkarlıq nümayiş etdirib.
   Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.
   
   Vüqar Orxan