Üzeyir Hacıbəyli - 125
   
   Bu mövzu üzərində düşünərkən ölməz Səməd Vurğunun misraları keçdi fikrimdən:
   
   Yüksəl, fəqət insanlığa
    pis gözlə baxanlar,
   Dünyada bir ad qoysa da,
    insan ola bilməz.
   
   Doğrudan da əbədiyaşarlıq insanlığa bağlıdır. Məsəl var, deyərlər ki, alim olmaq asandır, insan olmaq çətin. İndi görün, gözəl alim, gözəl müəllim, gözəl sənətkar və ən başlıcası, gözəl insan olmaq nə qədər böyük xoşbəxtlikdir. Bu söz böyük hərflərlə yazılan İNSAN obrazının ifadəsidir. Üzeyir Hacıbəyli həyatın və sənətin hər bir sahəsində uğurlar qazanıb, dahilik səviyyəsinə yüksəlib. Bütün bunlar onun yüksək insani keyfiyyətlərindən irəli gəlirdi. Özündən sonra layiqli davamçılar yetişdirməsi də böyük insanlığa əsaslanır. Üzeyir bəyin bu humanist cəhətləri bu günün və gələcəyin nəsillərinə bir örnəkdir.
   Bu yazıda Üzeyir bəyi bir insan kimi xatırlayacağıq. Çünki onun böyük sənətkarlığı onun humanistliyindən başlayır.
   Üzeyir bəyi insan kimi xatırlamaqda ilk bələdçiniz elə xatirəli ömürdən olacaq. Səs arxivimdən unudulmaz bəstəkarımız Süleyman Ələsgərovun lent yazısını dinləyir və dediklərini qələmə alıram:
   “Üzeyir bəy son dərəcə xeyirxah bir insan idi. O, yaxşılıq etməyi özünə borc sayırdı. Çünki həmişə deyirdi ki, insan gərək ancaq özünü düşünməsin. Belə də edirdi. Nə qədər ciddi sənətlə məşğul olmasına baxmayaraq insanlara qayğı göstərməyi də unutmurdu. Xüsusən biz tələbələri ondan əsil atalıq qayğısı görmüşük. Evlə təmin olunmağımıza, maddi təminatımıza, hətta geyimimizə belə Üzeyir bəy diqqətlə yanaşardı. Çox vaxt biz bunu hiss etmirdik. Yaxşı yadımdadır, qış ayı idi. Hava da çox soyuq idi. Mən dərsə pencəkdə gəlmişdim. Sinfə daxil olanda Üzeyir bəy məni xüsusi nəzərlərlə süzüb dedi: “Cavan oğlan, sənə belə soyuq deyil?” Mən heç bir söz demədən sadəcə gülümsünüb onun icazəsi ilə yerimdə əyləşdim. Ertəsi gün o məni yanına çağırıb dedi: “Cavan oğlan, get bizə, Məleykə xanım sənə bir şey verəcək onu gətir mənə”.
   Mən Üzeyir bəyin tapşırığı ilə onlara getdim və Məleykə xanımın verdiyi bağlamanı ona gətirdim. O, bağlamanı açıb içindəki paltonu çıxartdı və mənə uzadaraq “Hə, cavan oğlan, deyəsən, əyninə yaxşı olacaq”, - dedi. Mən utana-utana paltonu əynimə geydim. O, bunu hiss edib “Özümə almışdım, əynimə kiçik oldu. Sağlıqla geyin” - dedi. Amma əslində belə deyildi. O, paltonu elə mənim üçün almışdı. Üzeyir bəydən yadigar qalan belə insani dəyərlər çoxdur. Bir tələbə dostumuz vardı. Bəstəkar Məmməd Cavadov. Bir neçə tələbə dəhlizdə dayanıb söhbət edirdik. Birdən Üzeyir bəy gəldi və bizi ciddi nəzərlərlə süzərək dərslərimiz barədə soruşdu. Sonra isə otağına keçdi. Bir neçə dəqiqədən sonra katibəsi gəlib dedi ki, Üzeyir bəy Məmmədi yanına çağırır. Biz də onunla Üzeyir bəyin otağına tərəf getdik. Qapısı açıq idi. Məmməd içəri daxil oldu, biz isə bayırda durmuşduq. Bir də gördük ki, Üzeyir bəy öz ayaqqabılarını çıxarıb Məmmədə verir. O, isə “Yox, müəllim, istəmirəm. Bəs siz ayaqyalın qaldınız”, - deyir. Üzeyir bəy isə hökmlü səsi ilə “Götür. Məndən nigaran qalma. İndi Məleykə mənə ayaqqabı göndərər”, - dedi.
   Məmməd otaqdan həm həyəcanlı, həm də sevincli halda çıxdı. Sən demə, Üzeyir bəy bizimlə söhbət edərkən Məmmədin ayaqqabılarının son dərəcə köhnə və cırıq olduğunu görübmüş.
   Mən Üzeyir bəyin insanlığı barədə nə danışacağımı bilmirəm. Çünki o, başdan-ayağa xeyirxahlıq təcəssümü və əsil insanlıq nümunəsi idi. Bu, Üzeyir bəyin sadəliyindən irəli gəlirdi. O, nə qədər yüksək zirvələr fəth etməsinə baxmayaraq sadə bir insan idi. Bir dəfə Üzeyir bəyin dərsində idik. Qonşu otaqda Bülbülün səsi eşidildi. O, mənim yeni yazdığım “Gözlə məni” mahnısını ifa edirdi. Bu zaman tələbə dostlarım mənə baxıb gülümsündülər. Üzeyir bəy dərhal bunu duyub soruşdu: “Nə olub?” Dostlarım dedilər ki, bu mahnı Süleymanındır. O, çox sevincək halda “Lap yaxşı, gəlin, keçək Bülbülün otağına, orada mahnıya birgə qulaq asaq”, - dedi. Biz Üzeyir bəylə birlikdə Bülbülün sinfinə daxil olduq. Üzeyir bəy otağın qapısını açdı, “Gəlmişik, bu cavan oğlanın mahnısına qulaq asaq”, - deyib içəri keçdi. Bülbül də çox mehribancasına Üzeyir bəylə görüşüb “Məmnuniyyətlə oxuyaram”, - dedi.
   Beləliklə, Üzeyir bəyin təşəbbüsü ilə mənim mahnıma hamı birlikdə qulaq asdı. Bu, bəlkə də ilk baxışdan sadə və adi görünə bilər. Amma əslində bu çox qiymətli bir xatirədir. Böyük sənətkarın öz qiymətli vaxtını tələbə bəstəkarın yazdığı bir mahnıya sərf etməsi həm sənətə məhəbbətin, həm də sadəliyin ifadəsidir. Mənim qəlbimdə Üzeyir bəylə bağlı belə işıqlı xatirələr çoxdur. Odur ki, mən daim ona Tanrıdan rəhmət diləyib, ruhu qarşısında baş əyirəm”.
   Əziz Süleyman müəllim, elə biz də sizin ruhunuza duaçıyıq. Çünki siz Üzeyir bəyin əsərlərini, ənənələrini layiqincə davam etdirən tələbələrindən olmusunuz.
   Süleyman müəllimin vəfatından sonra ona həsr etdiyim “Süleyman Ələsgərov xatirələrdə” kitabına material toplayarkən çoxları yazılarını bu başlıqla təqdim etdilər: “Üzeyir yadigarı”, “Üzeyir ruhlu sənətkar”, “ Üzeyir bəyin layiqli tələbəsi” və.s. Əlbəttə, öz əməlləri ilə belə böyük bir sənətkarın adına layiq olmaq doğrudan da xoşbəxtlikdir. Nə yaxşı ki, bizə belə sənətkarlarla bir dövrdə yaşamaq, onların xeyirxah əməllərinin şahidi olmaq və sənət dünyalarından bəhrələnmək nəsib olub. Bu sənətkarlar həm də bizim üçün Üzeyir bəyin canlı yadigarları idi. Onlardan biri də bəstəkar, Xalq artisti Şəfiqə Axundovadır.
   Bu gün Üzeyir bəyin irsindən danışarkən Şəfiqə xanımla görüşməsək bəlkə də Üzeyir bəyin ruhu inciyər. Çünki o, Şəfiqə xanıma çox böyük qayğı və diqqətlə yanaşıb.
   Üzeyir bəylə bağlı o günləri Şəfiqə xanımla birgə xatırlamaq çox maraqlıdır. Yaşının 80-ni keçməsinə baxmayaraq o illər Şəfiqə xanımın hafizəsindən silinməyib:
   “Üzeyir Hacıbəyov deyəndə, keçdiyim həyat yolu pillə-pillə gözüm önündə canlanır. Çünki o mənə sözün əsil mənasında mənəvi ata olub. Sənət yolunda ən böyük yaxşılıqları Üzeyir bəydən görmüşəm. O, mənə elm öyrədib, yol göstərib, istiqamət verib, lazım olanda hətta pulla da, çörəklə də təmin edib”.
   Şəfiqə xanım bu xatirələrini danışdıqca çox kövrəlir. Amma yenə də sözünə davam edir:
   “Müharibə dövrü idi. Bütün ailələr kimi biz də maddi baxımdan çətinlik çəkirdik. O vaxtlar hətta çörəyi belə talonla verirdilər. Yaxşı yadımdadır. Bir gün mən çörək talonumuzu itirib çox məyus olmuşdum. Konservatoriyaya gəldim. Üzeyir bəy dərhal mənim narahatlığımı duydu və soruşdu: “Şəfiqə, nə olub sənə, niyə ağlamısan?” Yenə məni qəhər boğdu. Gizlətməyə çalışsam da, mümkün olmadı. Çünki Üzeyir bəy çox həssas adam idi. Nəhayət, başıma gələni ona danışdım:
   “Heç narahat olma”, - deyib mənə bir kağız uzatdı. Bu, Üzeyir bəyin öz çörək talonu idi, onu mənə verdi. Əlbəttə, mən etiraz etdim. Buna baxmayaraq Üzeyir bəy talonu mənə verdi. Hətta o zaman maddi çətinliyimizi nəzərə alıb məni işə də düzəltdi. Opera və Balet Teatrının direktoruna zəng edərək məni işə qəbul etməsini xahiş etdi. O da Üzeyir bəyin təklifinə cavab olaraq məni teatra işə götürdü. Və mən bir neçə il teatrda suflyor işlədim.
   Üzeyir bəy doğrudan da mənə mənəvi ata olub. O, daim yaradıcılıqla bərabər mənim maddi vəziyyətimə də nəzarət edib. Tələbələr ayda 30 manat təqaüd alırdılar. Mən isə 80 manat alırdım. Bir dəfə öyrəndim ki, Üzeyir bəy o 50 manatı öz cibindən verirmiş mənə. Mən bunu biləndə çox utandım və dedim ki, Üzeyir bəy, daha mənə əlavə pul verməyin. O, isə “Ay qız, gənc bəstəkarın maddi imkanı da yaxşı olmalıdır. Bu sənin işin deyil”, - dedi. Üzeyir bəyin bir insan kimi ətrafında olanlara - tələbələrinə, dostlarına, tanıyıb-tanımadığı bütün insanlara etdiyi yaxşılıqlardan çox danışmaq olar. Bu dediklərimiz həmin xidmətlərin bir damlasıdır. Amma bu xatirələr bir daha sübut edir ki, Üzeyir bəy doğrudan da əvəzolunmaz şəxsiyyətdir. Hələ ki, biz qarşımızda belə bir insan görmürük.
   “O, təkdir, yeganədir” - deyərək Şəfiqə xanım kövrəlir və söhbətinə davam edir:
    “Mən bu xatirələri sizə danışıram ki, siz də yazıb onları gələcək nəslə yadigar qoyasınız. 1944-cü ildə Azərbaycanın himnini yazmaq üçün müsabiqə elan olundu. Həmin müsabiqədə iştirak edən gənc bəstəkarlar içərisində mən də var idim. Müsabiqəyə bizi Üzeyir müəllim cəlb etmişdi. Özü də bizimlə bərabər orada iştirak edirdi. Təbii ki, münsiflər heyətinin qərarı ilə Üzeyir bəyin ölməz şairimiz Səməd Vurğunun sözlərinə bəstələdiyi musiqi bəyənildi və Azərbaycan Sovet Sosialist Respublikasının himni kimi qəbul olundu. Bu ərəfədə o, məni yanına çağırıb dedi:
   - Şəfiqə, get, pianoçu V.Kozlovla birgə bu himni yaxşıca öyrən, filarmoniyada oxuyacaqsan.
   Beləcə, mən himni öyrəndim və onun ilk ifaçısı oldum. Ümumiyyətlə, Üzeyir müəllim mənə deyirdi ki, Şəfiqə, əgər sənin bəstəkarlıq qabiliyyətin olmasaydı, yaxşı vokalist olardın, səndən yaxşı Gülçöhrə çıxar. Yəni demək istəyirəm ki, o istedadın hər yönünə diqqət yetirirdi. Nə deyim, Üzeyir bəy haqqında danışmaq azdır. Onun əməllərini layiqincə davam etdirmək həmişə mənim sənət amalım olub. İndi hərdən arxivimdəki əlyazmalarıma baxıram. Hansı ki, burada Üzeyir bəyin düzəlişləri var. Hətta onun özünün elə əsərləri var ki, üstünü yazıb, bağışlayıb mənə. Bütün bunları nəzərdən keçirəndə deyirəm: “Əziz müəllimim, gözəl insan, dahi şəxsiyyət, məni belə bir sənətkar kimi yetişdirdiyiniz üçün sizə minnətdaram”...
   Bəli, biz də bu xatirələri qəlbində yaşadan və bu gün onları bizimlə bölüşən Üzeyir bəy yadigarlarına, o cümlədən, Şəfiqə xanım, Sizə minnətdarıq.
   Şəfiqə xanım öz müəlliminə, böyük sənətkara - Üzeyir bəyə olan minnətdarlıq hissini yaradıcılığında da tərənnüm edib. Üzeyir bəyə bir neçə əsər ithaf edib. Onlardan fortepiano üçün “Xatirə” pyesini, Xuraman Vəfanın sözlərinə bəstələdiyi “Yaşadacaq el səni” adlı xor əsərini misal göstərə bilərik. Bu əsərlər böyük şəxsiyyətin ruhu qarşısındakı mənəvi borcun az bir hissəsidir.
   Bu yerdə Süleyman Ələsgərovun da Üzeyir bəyə həsr etdiyi, sözləri Səməd Vurğuna aid olan “Eşq olsun sənətkara” odasını da xatırlamalıyıq. Çünki bu da dahi sənətkara ithaf olunan ən gözəl əsərlərdən biridir. Elə bu yazını da həmin odanın sözlərindən misralarla tamamlayırıq:
   
   Ölüm sevinməsin qoy,
    Ömrünü vermir bada,
   El qədrini canından,
    Daha əziz bilənlər.
   Şirin bir xatirə tək,
    Qalacaqdır dünyada,
   Sevərək yaşayanlar,
    Sevilərək ölənlər.

   
   Səadət Təhmirazqızı,
   musiqişünas