Hər sözün bir lətafəti olduğu kimi, hər səsin də bir məlahəti var. Yurdun səs gülüstanına bir nəzər yetirsək ahəngindəki titrəyiş, səsindəki müdriklik və avazındakı həlimliklə könüllərdə, yaddaşlarda yaşamış yüzlərlə sənət fədaisini görərik. Belə səs sahiblərindən biri də görkəmli sənətkar, Əməkdar artist, Azərbaycan teleradiosunda diktorluq məktəbinin banilərindən biri Aydın Qaradağlı (1929-1980) olub.
O, 1929-cu il avqustun 20-də anadan olub. Müəllim ailəsində böyüyüb. O, XIX əsrin görkəmli maarifçisi, xalqın savadlanmasında böyük xidmətləri olan, Şuşada ilk məktəb açdıran qabaqcıl ziyalı Həsənəli xan Qaradağinin nəvəsi olub.
Uşaqlıq və gənclik illəri çətin dövrə, Böyük Vətən müharibəsinin (1941-1945) qanlı-qadalı illərinə təsadüf edib. Orta məktəbi bitirdikdən sonra sənədlərini M.F.Axundov adına Teatr Texnikumunun aktyorluq fakültəsinə verir və qəbul olur. Texnikumda oxuduğu zaman onun səsindəki bənzərsizlik sezilir. Parlaq diksiyası bəyənilir. Beləliklə, radioda əməkdaşlığa dəvət olunur.
1947-ci ildə radioda diktor kimi fəaliyyətə başlayır. Radio onun üçün əsl sənət meydanına çevrilir. Burada sənətin əsl peşəkarlarından Fatma Cabbarova, Soltan Nəcəfov, Sabutay Quliyev, Züleyxa Hacıyeva və başqaları ilə çiyin-çiyinə çalışır. Qısa vaxt ərzində tanınır və məşhurlaşır. Səsi ictimai yerlərdə, hətta respublikanın ən ucqar yaşayış məntəqələrində tanınır, duyulur və sevilir. Eyni zamanda işgüzarlığı və işə məsuliyyəti rəhbərliyin diqqətindən kənarda qalmır. Diktorluq işinə keçməsindən az vaxt ötməsinə baxmayaraq, radionun baş diktoru vəzifəsinə irəli çəkilir. Çox keçmir Dövlət Radio və Televiziya Verilişləri Komitəsindəki fəaliyyətinə daha yüksək qiymət verilir. 1964-cü ildə Əməkdar artist (diktorlar arasında ilk dəfə) fəxri adına layiq görülür. 1961-1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda oxuyur. 1966-cı ildən radioda Proqram Baş redaksiyasında çalışır. 1970-ci ildən isə həmin redaksiyanın baş redaktoru olur.
Hansısa bir müdrik deyib ki, səsləri də hisslər idarə edir. Bu, doğrudan da, belədir. Qürurlu, təmkinli və həssas duyumlu insanların səsləri çox vaxt özlərinə bənzəyir. Bu mənada Aydın Qaradağlı bir diktor kimi radionun yaradıcı heyəti arasında nüfuz-hörmət sahibi olur. Doğrudan da, bir vaxtlar Aydın Qaradağlıya "Azərbaycanın Levitanı" deyilirdi. Çünki onun səsində bir əzəmət, möhtəşəmlik, yenilməzlik, hər kəsi öz sehrində saxlaya biləcək qəribə bir cazibə vardı.
Onun xüsusi diktorluq istedadı olub. Bədii qiraəti ilə siyasi mövzuda informasiya oxusu bir-birindən tamamilə fərqlənərmiş. O, efirdə oxuyacağı hər bir mətn üzərində böyük diqqətlə işləyər və həmkarlarından da bunu tələb edərmiş. Məhz bu məsuliyyət və işgüzarlığın bəhrəsi idi ki, onun ifasında səslənən hər bir məzmunlu veriliş radionun "Qızıl fond"una düşüb. O, cəmi 51 il yaşayıb. Bu qısa, ancaq maraqlı, mənalı ömründə xeyli iş görüb. Ömrünün 34 ilini həsr etdiyi diktorluq sənətini incəsənətin bir növünə çevirməyə müvəffəq olub, diktorluq məktəbi yaradıb. Demək olar ki, bu gün respublikada tanınmış diktorların əksəriyyəti Aydın Qaradağlı diktor məktəbindən bəhrələnib.
Savalan Fərəcov