Fevralın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Mədəniyyət haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi müzakirə olunub. 
      
   Komitənin sədri Nizami Cəfərov bildirib ki, sözügedən qanun ötən əsrin 90-cı illərinin ortalarında qəbul olunub və üstündən xeyli müddət keçdiyinə görə artıq sənəddə ciddi dəyişikliklərə ehtiyac yaranıb: “Bu məsələ neçə vaxtdır gündəmdədir. Doğrudan da, bu qanunda ciddi dəyişikliklərə ehtiyac var. Hətta vaxtilə mən “Mədəniyyət haqqında” yeni qanunun deyil, Mədəniyyət Məcəlləsi hazırlanmasının vacibliyini dilə gətirmişdim. Azərbaycanda mədəniyyət sahəsi ilə bağlı bir sıra qanunlar var. Yaxşı olar ki, bu qanunlar hamısı Mədəniyyət Məcəlləsində birləşdirilsin”.
   Sənədə vahid mədəni məkanın qorunub saxlanılması və inkişafı, mədəniyyət təşkilatlarının səlahiyyətləri, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı şəxslərin hüquq və vəzifələri, beynəlxalq əməkdaşlıq, xaricdə mədəniyyət mərkəzlərinin fəaliyyəti və s. məsələləri əhatə edən yeni maddələrin əlavə olunması nəzərdə tutulub.
   İclasda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov bildirib ki, qanun layihəsində əksini tapan müddəaların geniş açıqlanması olacaq: “Bununla bağlı xüsusi paraqraflarda hər bir maddənin fəaliyyət istiqaməti, onların işləmə mexanizmi göstəriləcək və müəyyən olunacaq. Eyni zamanda, ola bilsin, bu qanunu dünya təcrübəsinə əsaslanaraq gələcəkdə məcəllə də adlandıraq”.
   F.Qurbanovun sözlərinə görə, “Mədəniyyət haqqında” qanunun ikinci fəslinə yeni maddələr daxil edilib ki, burada da mədəniyyət sahəsinin dövlət tərəfindən tənzimlənməsi və idarə olunması nəzərdə tutulur: “Əsas məqsəd ondan ibarətdir ki, səlahiyyətlər dəqiqləşdirilsin və bu dəqiqləşdirmələr imkan yaratsın ki, mədəniyyət sahəsinin idarə olunmasında gələcəkdə ziddiyyətlər baş verməsin. Üçüncü fəsildə mədəniyyət sahəsində vətəndaşların hüquq və vəzifələri daha aydın açıqlanır ki, buraya bir neçə yeni maddə əlavə olunub. Məsələn, “Estetik tərbiyə”, “Bədii və kulturoloji təhsil almaq hüquqları”, “Milli-mədəni ənənələri inkişaf etdirmək və qorumaq hüquqları” və s. Bunlar hazırkı qanunda yoxdur.
   Dördüncü fəsildə mədəniyyət təşkilatları, mədəniyyət sahəsində fəaliyyət məsələləri əksini tapıb. Yəni mədəniyyət təşkilatlarının səlahiyyətləri dəqiq olmalıdır ki, bunlar da məhz dördüncü fəslə daxil edilən müddəalarda əks olunub. Burada investisiya siyasəti və mədəniyyətin maddi-texniki təminatı da xüsusi vurğulanır”.
   F.Qurbanovun qanun layihəsi ilə bağlı məlumatı dinləndikdən sonra müzakirələr nəticəsində qərara alınıb ki, layihə üzərində təkmilləşdirmə işləri davam etdirilsin və bu işlər yekunlaşdıqdan sonra sənəd bir daha komitənin müzakirəsinə çıxarılsın.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar