Yeni il... O qədər yeni ki, düz 365 gün köhnəlmir, xronoloji kəmiyyəti artdıqca sosioloji, kulturoloji keyfiyyəti, sivilizasion məziyyətləri də çoxalır. Bunun görkü üçün elə bizim ən son «yeni il»lərimizin görkəmli nəticələrini göstərmək olar.
   
   Yeni il... Ən qədim, ən dəyişilməz, ən bəşəri bayram. «Bayram» ifadəsi, əslində, hansısa bir çətinlikdən, çıxılmazlıqdan qurtuluşu ehtiva edir. Yeni il qutlamı isə, elə bir ciddi qurtuluş-xilasla bağlı olmasa da, bəşəriyyəti tarix-tarixçəsizlik sindromundan qurtarışla əlaqəlidir.
   «Ən qədim, ən dəyişilməz, ən bəşəri» dedim? Bəli. Özü də düz dedim, müstəcəb dedim və Bəhlul Danəndə demişkən, əcəb elədim!
   İndi də - gün-gün, həftə-həftə, ay-ay, fəsil-fəsil gəlib tamamlanan bu bayramı - ömür üstə astaca-astaca ömür gətirib ustaca-ustaca ömür aparan bu «yeni»ləri xırdaca-xırdaca xırdalayaq.
   Başlayaq «ən qədim»liyindən
   Ona görə ən qədim ki, dünyanın təvəllüd tarixi, doğuluş hadisəsi haçansa başlamış ilk anlı, ilk günlü ilk illə bağlıdır. Həmin «ilk» bizimçün nə qədər qaranlıq, qeyri-müəyyən, mübhəm-müəzzəm olsa da, haçansa olub və gərək o, doğula, tarix başlaya, ibtidai insan ayıla, bir balaca qana, aliləşə ki, növbəti əlamətdar hadisələri, olayları da qutlayıb yeni bayramlar yarada bilə. Deməli, tarixin ilk ilindən üzü bəri - üzü bizə gələn və bizdən üzü bu yana - gələcəyə gedən bütün illər ən köhnə (hər birinin əvvəlində «yeni» təyini olsa da), ən qədim olaydır, hadisədir, bayramdır. Və buradan belə bir Məşədi İbad məntiqi də çıxır ki, hər gələn il nə qədər yeni (yəni cavan bayram) olsa da, dəyər min köhnəyə (yəni il içində qeyd olunan min qoca bayrama)!
   İlin növbəti təyin-təyinatı: «ən dəyişilməz»
   Ona görə ən dəyişilməz ki, bütün bayramlar, əlamətdar günlər tarixin ictimai redaktəsinə məruz qala bilər, il isə yox . «Gah-gah» günlü fevralla əlaqədar bir-iki ildən bir bircə gün artıb-əskilməklə gah 365, gah da 366 gün ömür sürən bu bayram öz mücrüsündə neçə-neçə bayram, yubiley, hər insanın timsalında milyardlarla ad günləri sanalayıb-sonalayır. İstər miladisi olsun, istər hicrisi - mücrüsü boşalmır ki boşalmır. Davamiyyəti tükənmir, usanmır, küsənmir. Biri o birini doğur, o biri ta birini doğurur. Törəyə-törəyə törənləyir, yalxı çapıb cüt olur, cütlər cəm-comalaşıb ilxılaşır. Dilimizdə «at murad, it sədaqət, qoyun dövlət» dediyimiz dilsizlər üstdə təhvil-təslim ola-ola qərinələrə calanır, yüzilliklərə, minilliklərə qovuşurlar. Yer kürəmizə dürlü-dürlü olumlar, Dədəmiz Qorqudun təbirincə «son ucu ölümlər» saça-saça, elmlər, mədəniyyətlər, hikmətlər, mütəfəkkirlər yarada-yarada nimdaşlaşıb-yeniləşir, bəşəriyyəti beyinləşdirib-yeyinləşdirir, dünyanı arxaikləşdirib-sivilləşdirirlər. «Özgə» yazı-pozuları qocaltsalar da, öz kitablarını hər dörd fəsildən bir «yeni»ləşdirir, təkrar «çap» olunurlar. Köhnəlmirlər ki köhnəlmirlər - bu dörd fəsil balalı, 12 aylı, 52 həftəli, 365 günlü, 8760 saatlı, 525 min 600 dəqiqəli, 3 milyon 153 min 600 saniyəli ən qədim və ən yeni il! Biri tamamlanan anda o biri davamlanır. Nə köhnəsi «astagetçi» olaraq gecikir, nə yenisi «estafetçi» olaraq tezikir. Birinin o birindən bircəcə, təkcəcə, yeganəcə fərqi var ki, bu da - yuxarıda ərz etdiyim kimi - çəm-xəm xasiyyətli, kəsir-kəm limitli ayla bağlıdır - illərlə, əsrlərlə gözləyib nəinki yanvar, mart, may, iyul, avqust, oktyabr, dekabr kimi 31-ə, heç aprel, iyun, sentyabr, noyabr kimi 30-a da çata bilməyən fevralla... Hələ bu kəsbi-kasıbın ən «kalan» dövründə - 29-da anadan olanların necə məşəqqətli bir problem yaşamalarını demirəm; fağırlar öz ad günlərini ya vaxtından əvvəl - fevralın 28-də, ya da iş işdən keçəndən sonra - martın 1-də qeyd etməli olurlar. Özü də - ayyy-ayy-ay - vay o gündən ki, həmin bu gizlənpaç tarixçədə doğulanların dostları bir az məzə (hələ super baməzə!) olalar! Onda daha “dostlar” demə, “prikol-prikol tostlar” de! Əgər o yubiley personası tibb işçisidirsə, «onda həkim, salamməleykim!» Şairdirsə, ad günü çönüb olacaq qafiyələr günü: bad, bərbad, ey dad-ey dad və dadi-bidad. Fəhləsənsə, olacaqsan «rüsvayı»-məhəllə. Məşədi İbadvari desəm; yoox, əgər jurnalistsənsə, ad günün olacaq mövzuyi-jarqonist günü.
   Hə, daha nəyi-nəmənəliyi qaldı? «Yeni il»in yeni təyinləri sarıdan deyirəm. Təbii, sual özümə ünvanlıdır və özü də çox yaxşı bilirəm nə qalıb; xitabım elə belə - modal sualdır.
   Sonuncu məsələ bu bayramın bəşəriliyinə dairdir ki, bu da hər il köhnələnib-yenilənən illərin bütün millətlərə, xalqlara, qəbilələrə, xüsusən dövlətlərə aid olması və sairdir. Heç kəs, heç nə bu zaman-vaxt aktından kənarda qala bilməz. Necə ki, bu günlər, bu saatlar, bu dəqiqələr dünyanın hər yerində, hər millət, hər xalq, bir-birilə rastlaşan hər kəs öz dilində «salam», «sabahın xeyir-axşamın xeyir»dən sonra mütləq belə deyir: «Yeni iliniz mübarək!» Hər kəs bu sözdən sonra başqa sözlər, arzular da deyir və mən də bu təbrikdən savayı iki-üç kəlmə də demək fikrindəyəm. Bu isə ibarətdir bundan ki, bayramlayıb-təbriklədiyimiz 2011-ci il bizi - «Mədəniyyət»çiləri daha bir əlamətdar günə qovuşdurur. Belə ki, bizim... həm də sizin - deməli, bütün millətimizin «Mədəniyyət» qəzetinin 20 yaşı tamam olur. Bu qəzet həm də ona görə gərəkli və şərəflidir ki, böyük Hüseyn Cavid əfəndimiz milyonlarla misraları içərisində yalnız bu ifadəni üç dəfə təkrar edib:
   
   Turana qılıncdan daha kəskin, ulu qüvvət - 
   Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..
   
   T. Abbaslı