Deyirlər ki, musiqi qidadır ruha, bədənə. Doğrudan da musiqi ruhumuzun və cismimizin ən böyük loğmanıdır. Şərq dünyasının görkəmli alim və mütəfəkkirləri musiqinin bir çox dərdlərin davası olduğunu, hətta musiqi ilə hansı xəstəliklərin necə sağalmasını da müəyyən ediblər. 
   
   Bu barədə İbn Sinanın, Mir Möhsün Nəvvabın və başqalarının fikirlərini misal göstərə bilərik. Amma görkəmli söz ustadı Əliağa Vahidin bir beytini yada salıb mətləbə keçəcəyik.
   
   Musiqiylə ola xəstəyə aləmdə əlac,
   Bu təbabət neçə min çareyi loğmana dəyər.
   
   Musiqini təbabətlə təsadüfi əlaqələndirmədik. Haqqında söhbət açacağımız sənətkar həm təbib, həm də musiqiçi olub. Adı bu gün geniş ictimaiyyətə az bəlli olsa da, əməlləri ilə unudulmayan bir sənətkardır. Bu, musiqi tariximizə məşhur kamança ifaçısı kimi daxil olan Firuz Əlizadədir. Belə maraqlı taleyi olan bir neçə sənətkarımız var. Məsələn, unudulmaz Hacı Məmmədov da həm həkim, həm də tarzən idi. Firuz Əlizadə də belə bir sənətkardır. Təəssüf ki, musiqi sənətindən, daha doğrusu, səhnədən tez gedib. Bəli, yalnız səhnədən. Çünki o, ömrünün sonuna qədər kamançadan ayrılmayıb. Bu yerdə Firuz Əlizadənin həyat və yaradıcılıq yoluna qısa nəzər salaq.
   Firuz Məmməd oğlu Əlizadə 1923-cü il yanvarın 9-da Bakıda anadan olub. Musiqi Texnikumunu, sonra Dövlət Tibb İnstitutunu bitirib. Firuz Əlizadə uzun illər Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində işləyib. O, həm də musiqi sənətini bir müəllim kimi təbliğ və tədris edib. Bir çox kamança ifaçıları bu sənətin sirlərini məhz Firuz Əlizadədən öyrəniblər. Kamança ustası Mütəllim Novruzov və başqaları onun tələbələri olublar. Firuz Əlizadə 1987-ci ildə vəfat edib. Ömrünün son illərini o, yalnız həkimlik peşəsinə həsr edib. Amma çox təəssüf ki, belə bir sənətkar barədə az məlumatımız var. Onun ifaları bugünkü nəsil üçün az qorunub. Nə yaxşı ki, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işıq üzü görən «Muğam ensiklopediyasında» Firuz Əlizadə barəsində məlumat var.
   Odur ki, onun sənətinin izinə düşüb mahir kamança ifaçıları olan Xalq artisti Şəfiqə Eyvazovaya və onun həyat yoldaşı, professor Arif Əsədullayevə üz tutdum. Hər iki sənətkar Firuz Əlizadənin ilk növbədə gözəl insanlığından söz açdılar. Arif müəllim hətta belə bir xatirəni də yada saldı:
   «Bir dəfə A.Zeynallı adına Musiqi Texnikumunda bəstəkar Cahangir Cahangirovla imtahan götürürdük. Tələbə “Şüştər” muğamı çalanda Cahangir müəllim mənə belə bir sualla müraciət etdi: «Arif, əgər desən ki, “Şüştər”i kamançada kim yaxşı çalır, onda bilərəm ki, sənə bu sənətdə zaval yoxdur”. Mən dərhal Firuz Əlizadənin adını çəkdim. Cahangir müəllim cavabımdan çox məmnun qaldı və Firuzun sənəti barədə çox yüksək fikirlər söylədi.
   Həyatda Firuz Əlizadə kimi son dərəcə xeyirxah insanlar azdır. O, ilk növbədə özünə qarşı çox tələbkar bir insan idi. Baxmayaraq ki, o, iki sənətin sahibi idi, bu iki sənətə eyni dərəcədə məhəbbətlə yanaşırdı. Həm yaxşı həkim, həm də yaxşı ifaçı idi. Amma Dövlət Filarmoniyasındakı işindən, musiqi mühitindən erkən uzaqlaşdı. Səhnədən uzaqlaşıb həkim kimi fəaliyyətini davam etdirdi. Amma həmişə kamançanı dilləndirər və ondan bir mənəvi güc alardı. Deyərdi ki, mən günümü musiqisiz təsəvvür edə bilmərəm.
   Mən Firuz Əlizadənin bir peşəkar, savadlı həkim olmasını da xüsusi qeyd etmək istəyirəm. Onun sayəsində həm özüm, həm də neçə-neçə insanlar şəfa tapıb. Firuz Əlizadə unudulmayan bir insandır. Mən onun ifalarını yada salanda çox təəssüf edirəm ki, belə bir ifaçının lent yazılarını layiqincə qoruya bilməmişik. Belə sənətkarları yada salmaq lazımdır. Qoy sənətsevərlər bilsinlər ki, belə bir unudulmağa layiq olmayan, yaddaşlarda qalacaq Firuz Əlizadəmiz də var».
   Haqlı olaraq deyirlər ki, unutsaq unudarlar. Belə sənətkarları xatırlamaq bizim mənəvi borcumuzdur. Beləliklə, əlinin şəfası ilə insanlara həm cismən, həm də ruhən sağlamlıq verən Firuz Əlizadəni xatırladıq. Həkim-sənətkarın şəfalı əlləri ilə dilləndirdiyi kamançanın sədalarını eşitməsək də, keçdiyi həyat və yaradıcılıq yolu onun ömür kitabının maraqlı səhifələrindən soraq verir. Biz də onun bəzi məqamlarını xatırladıq. Ruhu şad olsun.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas