Həmkarları dövrün ədəbi əsərlərini yazanda o, yaddaşımıza çökmüş hisi, pası, unutqanlıq qalıqlarını bir kənara atıb əsl ədəbiyyat nümunələri yaratdı
   
   Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İndi nə Vedi var, nə Böyük Vedi, nə də Fərman Kərimzadə... Ancaq Vedinin və vedililərin bol-bol xatirələri, dərdləri, yaşantıları var. Bir də Fərman Kərimzadənin yazdıqları...
   
   “Ə, nə hökumət, hansı hökumət? Mən belə hökumət tanımıram!”. Bu sözləri “Axırıncı aşırım” filmində Kərbəlayi İsmayıl deyir. Ancaq bu sözləri sovet hökumətinin qılıncının tiyəsi də, qəbzəsi də kəsdiyi 1967-ci ildə yazıçı, 60-cı illər nəslinin görkəmli nümayəndəsi Fərman Kərimzadə deyirdi. Qırmızı ilğımın puç və əfsanə olduğunu yazıçı fəhmi ilə çoxlarından əvvəl o duymuşdu. “Qarlı aşırım” romanı ilə aldanmış insan selini dayandırıb bəylikdən köləliyə sürüklənən bir xalqa aşırımın o üzündəki həqiqəti göstərirdi...
   İllər keçdi, ilğım dağıldı, ədəbiyyatımızda və kinomuzda “Qarlı aşırım” (“Axırıncı aşırım”) qaldı...
   İllər öncə isə Fərman Kərimzadəni böyük ədəbiyyata gətirən iki səhifəlik “41 nömrəli ayaqqabı” hekayəsi olmuşdu. “Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, Fərman Kərimzadə Azərbaycan ədəbiyyatında “Qanlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifi kimi tanındı və sevildi.
   Fərman Kərimzadə həyatı ədəbiyyata gətirdiyindən yaradıcılığında obrazlar qalereyası da olduqca real və zəngindir. Ziddiyyətli, koloritli obrazlar, min illərin o üzündəki tarixi məqamlar və yaşantılar, xalqın milli və mənəvi yüksəlişi, uğurlar və məğlubiyyətlər, şərlə xeyrin amansız mübarizəsi və bütün bunların fonunda yazıçı şəxsiyyəti. O, sənətkar kimi də, şəxsiyyət kimi də vaxtdan ucada dayanmağı bacardı. Çünki həmkarları dövrün ədəbi əsərlərini yazanda o, yaddaşımızın üstünə çökmüş hisi, pası unutqanlıq qalıqlarını bir kənara atıb əsl ədəbiyyat nümunələri yaratdı.
   Fərman Kərimzadə maraqlı yazıçı olduğu kimi, həyatda da özünəməxsus insan idi. Sabir Rüstəmxanlı “Salam Fərman” memuarında yazır: “Bütün ağlı, insanlığı, mənəvi gözəlliyi ilə Allah onu xoşbəxt yaratmışdı. Amma bu xoşbəxtliyin içində kənardan heç kəsin görmədiyi, duymadığı bir dərd vardı...”
   Doğrudan da, Fərman Kərimzadənin ədəbi taleyi ilə şəxsi taleyi arasında qəribə bir oxşarlıq vardı. Əsrlər boyu xalqının başına gələn dərdlər, faciələr, bəlalar onun da taleyindən yan keçmədi. XX əsrdə ən faciəli tarixini yaşayan Vedi və vedililər dəfələrlə məkrli erməni siyasətinin qurbanı olub, deportasiyaya məruz qaldı. 1948-ci ildə başlanan deportasiyada onun da nəsli, el-obası sürgünlərə, səs-küysüz soyqrımlara düçar oldu. Fərman Kərimzadə də bu taleyi yaşadı. Ancaq illər keçsə də Vedini unuda bilmədi. Ağrı dağının ağrılarını ürəyində daşıdı. 1988-1989-cu illərdə Vedinin qara günləri yenidən başladı. Bu dəfə dərd batmanla gəldi. Bu dəfə Vedidə bir nəfər də azərbaycanlı qalmadı.
   Fərman Kərimzadə Vətənini sevirdi. Bu özgə bir sevgi idi. Bəlkə ona görə də xalqının başına gələn fəlakətlərin kökünü keçmişdə axtarırdı.
   O illərdə Fərman Kərimzadə Vedibasarın sözə qarışıb qələmlə döyüşən sərkərdəsi, başındakı tüstü-dumanı ilə elə bil Ağrı dağının özü idi. Vedinin adı çəkilən kimi gözündə yaş gilələnir, dilindənsə ürəkləri titrədən bayatı qopurdu:
   Vedinin yanı dağlar,
   Ürəyi, canı dağlar,
   Burda bir el var idi,
   Siz deyin, hanı dağlar?!
   Çox az adam bilir ki, bu bayatının müəllifi Fərman Kərimzadədir.
   O, yazıçı olmamışdan əvvəl rəssam idi. Şair Musa Yaqubun təbirincə desək, “Fərman rəssam təfəkkürü, şair zərifliyi ilə nəsrimizə bir şirinlik gətirdi”.
   Deyirlər, Fərman Kərimzadə bahar çağı çiçəkləyən şaftalı ağacını çox sevərdi. Bəlkə ona görə ki, çiçəkləyən şaftalı ağacı insanın çəhrayı arzularına bənzəyir. O, ömrü boyu ağlı-qaralı dünyadan çəhrayı rəngə doğru can atdı. Arzuları, əməlləri, istəkləri şaftalı ağacının çiçəkləri kimi işıq saçdı. Bir də onu deyirlər ki, Fərman Kərimzadə haqqını sağlığında almayan, layiqincə qiymətləndirilməyən sənətkar taleyi yaşadı. Əslində yazıçı heç vaxt sənəti müqabilində təmənna güdmədi. Meyarlar dəyişsə də, o öz zirvəsində necə varsa, eləcə də əzəmətli qaldı.
   Baharda dünyaya gələn sənətkar elə baharda da - 1989-cu il mayın 17-də dünyasını dəyişdi.
   Bizə qalan isə əsərləri və Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında rejissor Kamil Rüstəmbəyovun 1971-ci ildə elə yazıçının öz ssenarisi əsasında ekranlaşdırdığı “Axırıncı aşırım” filmi oldu. O film ki, Azərbaycan kinosunun şah əsrlərindən biridir.
   O, ömrün aşırımlarını aşa bilməsə də, tarixin aşırımlarını aşacaq və ədəbiyyatımızda özünəməxsus, təkrarsız Fərman Kərimzadə kimi qalacaq.    

    Təranə Vahid