Xanımana Əlibəylinin dramaturgiyası haqqında
   
   Azərbaycan uşaq ədəbiyyatının zəngin tarixi var. Şifahi xalq ədəbiyyatında yeni nəslin bədii-estetik və mənəvi-ruhi tərbiyəsi üçün müxtəlif janrlar tapmaq olar. Uşağın dilini yanıltmac və düzgülər nizamlayırsa, nağıllar və dastanlar mənəviyyat və tarix dərsi keçir, fəlsəfi dünyagörüşü aşılayır, sevməyi, nifrət etməyi, vətəni qorumağı təlqin edir. Klassik yazılı ədəbiyyatımızda da uşaqların mənəvi tərbiyəsi üçün çox mətləblər var. Burada pedaqoji istiqamət də özünü açıq büruzə verir (məsələn, Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət”i kimi), hərəkətli-yumorlu bədiiyyat da (məsələn, Məhəmməd Füzulinin “Söhbətül-əsmar”ı - “Meyvələrin söhbəti”, Sabirin “Ağacların bəhsi” əsərləri kimi). A.Səhhətin “Vətən” şeiri isə uşaqlara ata nəsihəti, Vətən sevgisinin bədii nümunəsidir.
   Azərbaycan uşaq ədəbiyyatı yazarları arasında şair-dramaturq Xanımana Əlibəylinin (1920-2007) özünəməxsus yeri var.
   Xanımana Əlibəyli 1920-ci il aprelin 20-də Bakıda ziyalı ailəsində anadan olub. Babası general Ağasəlim bəy və nənəsi Xanımana dövrün təhsilli insanları olublar. Atası Sabir bəy Əlibəyov Sankt-Peterburq Universitetini bitirib, yüksək təhsilli hüquqşünas kimi tanınıb. Anası Məsumə Qarayeva H.Z.Tağıyevin məşhur “Qızlar gimnaziyası”nı və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, pedaqoji sahədə, məsul işlərdə çalışıb, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Xanımana yeniyetmə vaxtlarında ədəbiyyata maraq göstərir, şeirlər yazır. Bununla belə, həkimlik peşəsinin dalınca gedir, Tibb İnstitutunu bitirir. 1945-ci ildə cərrah Həsən Abdullabəyovla ailə qurur. Bir il sonra dünyaya gələn qızları Gülər Abdullabəyova hazırda filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir.
   Xanımana Əlibəyli ixtisasca həkim olsa da, uşaqlara olan sevgisi onu şair eləmişdi. O öz misralarında bunu belə ifadə edir:   

   Sanki Allah bir qarlı qış
   Mənə şeir verdi baxşış.
   O, qışımı yaz eylədi,
   Bəxtimi bəyaz eylədi.
   

   Xanımana Əlibəyli uşaqlar üçün yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Onun yaradıcılığı həmişə tənqidin və ədəbi ictimaiyyətin diqqət mərkəzində olub. “Aycan” pyesinin uğurlu tamaşası münasibətilə yaradıcı heyətin üzvləri - rejissor Ulduz Rəfili, bəstəkar Şəfiqə Axundova və baletmeyster Nailə Nəzirova ilə birlikdə Xanımana Əlibəyli də respublika Dövlət mükafatına layiq görülmüşdü.
   Ötən il Xanımana Əlibəylinin anadan olmasının 90 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilmiş ikicildlik onun xatirəsinə böyük ehtiramın nümunəsidir. Kitabın tərtibçisi şairənin qızı, professor Gülər Abdullabəyovadır. Akademik Bəkir Nəbiyev nəşrə “Uşaq ədəbiyyatımızın Xanım anası” adlı sanballı ön söz yazıb.
   İkicildliyin birinci cildi şairənin poema və şeirlərindən ibarətdir. Bu poemalardan bəziləri isə sonradan drama çevrilib, məsələn, “Dovşanın ad günü” əsəri kimi. İkinci cilddə ədibin yeddi pyesi toplanıb. Əsərlərin adları da uşaq təfəkkürünə uyğundur: “Dovşanın ad günü”, “Aycan”, “Gözəllər gözəli”, “Kənd həkimi”, “Cunquş”, “Ləpələrin nağılı”, “Nişanlı quş”.
   Böyüklər üçün ədəbiyyat yaratmağın yolu aydındır - onu uşaqlara tövsiyə etmirlər, “sən başa düşməzsən, böyüyəndə oxuyarsan” deyirlər. Uşaqlar üçün ədəbiyyat isə hər iki “senzuradan” keçməlidir. Onu uşaqlar oxuyub başa düşməli, nəticə çıxarmalı, gülüb-əylənməlidirlər, böyüklər də bu əsərlərin uşaqlara nə dərəcədə yararlı olması haqqında fikir söyləməlidirlər. Elə işin çətinliyi də buradadır. Təcrübə göstərir ki, uşaqlar körpəlikdən təbiətə yaxın olmalı, təbiəti qavramalı, sonra cəmiyyət haqqında fikir söyləməlidirlər. Ona görə də heyvanlar haqqında olan bədii əsərlər, cizgi filmləri uşaqların sevdiyi əsərlərdir. Bu mühiti başa düşmək üçün kodlar da aydındır: Ayı kobud, qanmazdır, Tülkü hiyləgərdir, bicin biridir, Dovşan qorxaq, səmimi və köməksizdir, Canavar rəhmsiz yırtıcıdır, Şir isə meşələrin sultanı, ağasıdır, həm də ədalətlidir, Qarışqa zəhmətkeşdir, Cırcırama səfeh nəğməkardır, mütrübdür və s.
   Xanımana Əlibəylinin “Dovşanın ad günü” ikihissəli pyesinin personajları Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş, Tülkü və Canavardır. Obrazlar hər kəsə əsərin ideyasının istiqamətini nişan verir. Pyesin janrı haqqında danışarkən, ümumiyyətlə, uşaq dramlarının daha çox komik üslubda olan əsərlər olduğuna diqqəti çəkmək lazımdır. Əks-təqdirdə, uşaq psixikasına pis təsir edən bədii əsərlər meydana çıxa bilər.
   Bu pyesdə də hər bir motiv uşaqların anlayışlarına uyğun verilib. Kirpi qorxmazdır, zəiflərə kömək edir, təcavüzkarlara qarşı amansızdır (ilanın qənimidir!). Süjet xəttinin inkişafı zamanı hər dəfə uşaqların həyəcanla izlədiyi hadisələr bir-birini əvəz edir. Pyesdə ac-yalavac Canavar obrazına da yer verilib. Tülkü isə onun işinə yarayan köməkçidir. Onun “Tülkünün nəğməsi” adlanan “monoloqu” da əslində öz xarakterini açmağa yönəlib. Qaranquş da öz “missiyasına” sadiqdir. Bu əsərdə sanki iki cəbhə var - bir tərəfdə mənfi qüvvələr - Tülkü və Canavar, o biri tərəfdə isə xeyirxah qüvvələr - Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş. Onların mübarizəsi konflikti müəyyənləşdirir. Təbii ki, tamaşanın sonu uşaqların arzusuna uyğun olaraq şər qüvvələrin məğlubiyyəti və müsbət surətlərin qələbəsi ilə bitir.
   İki pərdəli “Nişanlı quş” pyesi yaxşı bir kinossenaridir, desək, yanılmarıq. Əsərin çox sadə bir süjet xətti var: meşələrin qüdrətli Qoca Palıdının yarpaqları qurumağa başlayıb. Ona kim kömək edə bilər? Pyesdə meşə üçün xarakterik olan Külək, Çay, Bayquş, Ağacdələn, Cüyür, Sərçə kimi obrazlar yer alıblar.
   Uşaq pyeslərinin bir qayəsi də maarifçilikdir. Yəni uşaq təbiətlə bağlı fikir və mülahizələri teatrda estetik-bədii cəhətdən yenidən öyrənir, yadda saxlayır. Aparıcı meşələrin sultanı Palıdın mövqeyini belə izah edir:
   
   Axşam oldu, yuxusu var çiçəklərin,
   Alabəzək böcəklərin.
   Axşam oldu, mürgüləyir ağaclar da,
   Meşələr də, yamaclar da.
   Bir Palıddır səhərəcən oyaq qalan,
   Dərin-dərin fikrə dalan.
   
   Buradakı fikirlər sətiraltı məna kimi də xarakterizə edilə bilər: “Bir Palıddır səhərəcən oyaq qalan”. Yəni ailənin başçısı daim oyaqdır, oyaq qalmalıdır. Amma onun quruması əsil fəlakətdir və bu çətin işin qarşısı alınmalıdır. Burada Bayquş “gecələrin hakimi” adlandırılır. Ağacdələn isə “meşə həkimi”dir. O, Palıdı “müalicə edir” və Palıd yarpağından “nişan” alır ki, bu da ən böyük “meşə təltifi”dir.
   Bu əsərdə çox maraqlı obrazlar Külək və Çay obrazlarıdır. Əgər hörmətli oxucu xatırlayırsa, Xətainin “Dəhnamə”sində də bir Səba Yeli obrazı var. Pyesdə hər obrazın vəzifəsi də yaxşıca izah olunur. Külək: “Gedirəm, işləsin yel dəyirmanı”.
   Çay: “Mən axıram göy tarlalar boyunca, Əkinçilər sudan içsin doyunca”. Bu xəyali obrazların canlandırılması isə artıq güclü rejissor işi tələb edir.
   
   Seyfəddin Eyvazov,
   Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya elmləri namizədi