Bəşər tarixinə ən qanlı-qadalı illəri yazmış İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 66 il ötür. Bu zəfərin əldə olunmasına həmyerlilərimiz də öz tarixi töhfələrini veriblər.
   
    Azərbaycan xalqının oğulları ilə yanaşı, qızları da cəsarətlə odun-alovun içinə atılıb əllərindən gələni əsirgəməyiblər. O dəhşətli günlərdən illər keçsə də, ölüm saçan güllələrdən həyatını xilas edə bilmiş və bu gün də aramızda olan insanlar müharibədə gördüklərini unutmayıblar, bu gün də dünən kimi xatırlayırlar. 90 yaşlı müharibə veteranı Fatma Səttarova deyir:
   - 1941-ci ildə müharibə başlayanda hələ 20 yaşım tamam deyildi, yeni ailə qurmuşduq, beş ayın gəlini idim. Tibb texnikumunu bitirib kiçik leytenant rütbəsi almışdım. Yoldaşım Məmməd maşınqayırma zavodunun direktoru idi. Müəssisə sursat istehsalına başlamışdı - onlar da cəbhə üçün çalışırdılar. Anamın göz yaşlarına baxmayaraq (axı, onun yeganə övladı idim, atam repressiya qurbanı olduğundan məni özü böyütmüşdü) könüllü olaraq hərbi komissarlığa müraciət etdim. Bizi Qoşa qala qapısının yanından yola saldılar, mən olan qrupda daha 7 qız vardı. Leninqrad cəbhəsinə düşdüm, blokada zamanı da orada idim. Cəbhədən cəbhəyə keçib Moskva ətrafında, Stalinqrad uğrunda gedən döyüşlərdə səhra hospitallarında tibb bacısı kimi xidmət göstərmişəm. İşim təkcə bununla bitmirdi. Çox vaxt elə döyüş bitər-bitməz irəli çıxıb yaralı və ölənləri daşıyırdıq. Heç bilmirəm, onlara necə gücüm çatırdı - cəmi 47 kiloqram çəkim vardı, zəif, uzun hörüklü qız idim. Qan içindəki o dəhşətli səhnələri görəndə döyüşçülərimiz üçün öz sağlamlığımdan belə keçməyə hazır idim. Dəfələrlə onlara qan da vermişdim.
   Qələbəyə 3 ay qalmış ayağımdan yaralandım, məni geri göndərdilər. Az sonra Moskvada Ticarət İnstitutunda qiyabi təhsil aldım, quruculuq işlərində fəal iştirak etdim. Artıq 3 oğul, 1 qız anası idim. Ataları dünyasını tez dəyişdiyindən onları özüm böyütdüm, hamısı ali savad alıb cəmiyyətdə layiqli yer tutdular. İndi 11 nəvəm, bir o qədər də nəticəm var. Sinəmi 20-dən artıq orden, medal bəzəyir. Sonuncusunu mənə ötən ilin sentyabrında Sankt-Peterburqdan gələn nüfuzlu heyət təqdim etdi. Bu, “Leninqradın müdafiəsi uğrunda” medalıdır. Əlbəttə, fədakarlığımın unudulmaması fərəhlidir. İndi də hər yerdə böyük hörmətlə qarşılanıram.
   Musiqiyə, incəsənətə böyük marağım var. Muğam tədbirlərində gözəl səsə malik istedadlarımızı yaxından görmək, səslərini dinləməkdən zövq alıram. Onların uğuru məni çox sevindirir. Bu yaşımda ürəyimdə bir arzum da var - tezliklə ölkəmizin ərazi bütövlüyü təmin olunsun.
   
   İradə