Azərbaycan
   
   9 may 1909 - Görkəmli ədəbiyyatşünas-alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov, 1909 - 11.5.1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin, dərsliklərin, estetik və pedaqoji problemlərə aid kitabların müəllifidir.
   
   10 may 1914 - Tanınmış inşaatçı, Əməkdar mühəndis Əliş Cəmil oğlu Ləmbəranski (1914 - 1.5.1999) Bərdənin Ləmbəran kəndində doğulub. Uzun müddət Bakı Şəhəri İcraiyyə Komitəsinin sədri işləyib.
   10 may 1926 - Nasir, ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 - 4.8.2001) anadan olub.
   10 may 1934 - Tanınmış ədəbiyyatşünas alim, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934-2004) Borçalıda, Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Rus-Azərbaycan ədəbi əlaqələri mövzusunda tədqiqat əsərlərinin müəllifidir.
   10 may 2004 - Böyük öndər Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və təbliği, onun adına və irsinə layiq xeyriyyə və maarifçilik layihələrinin həyata keçirilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.
   
   11 may 1906 - "Bakinski raboçi" qəzeti nəşrə başlayıb.
   11 may 1915 - Məşhur heykəltəraş, Xalq rəssamı Fuad Əbdürrəhmanov (1915 - 15.6.1971) Şəkidə anadan olub. Azərbaycanın görkəmli ədiblərinin, mədəniyyət xadimlərinin büst-portretlərini, Nizaminin heykəlini yaradıb.
   11 may 1935 - Xalq yazıçısı Maqsud İbrahimbəyov anadan olub. Mənəvi-əxlaqi problemlərdən bəhs edən povest, hekayə və pyeslərin, ssenarilərin müəllifidir. 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gəlmədi”, ”Bütün yaxşılıqlar üçün-ölüm!” və s.) əsasında filmlər çəkilib.
   
   12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907-1983) İrəvanda anadan olub. 1919-cu ildə erməni qırğınları zamanı ailəsilə Bakıya köçüb. Azərbaycanın ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı, musiqi məktəbləri üçün bir çox dərs vəsaitlərinin müəllifidir.
   12 may 1925 - Nasir Bayram Həsən oğlu Həsənov (1925 - 28.2.1979) Qərbi Azərbaycanda - Ermənistanın Allahverdi (indiki Tumanyan) rayonunun Böyük Ayrım kəndində anadan olub. Uşaqlar üçün bir çox əsərlərin müəllifidir.
   12 may 1940 - Şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından (Taras Şevçenko, Lesya Ukrainka və d.) dilimizə tərcümələr edib.
   
   Dünya
   
   9 may II Dünya müharibəsində (1939-1945) faşizm üzərində Qələbə günüdür. Bu tarixi gün Avropada mayın 8-də qeyd olunur. Çünki alman faşist rəhbərliyi kapitulyasiya aktını imzalayanda Avropada mayın 8-i gecə, Moskvada isə artıq ayın 9-u idi.
   
   9 may 1883 - Tanınmış ispan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883-1955) anadan olub. Əsərləri: “”Kütlələrin üsyanı”, “İncəsənətin dehumanizasiyası” və s.
   9 may 1924 - Gürcü əsilli görkəmli sovet şairi, nasir, ssenarist Bulat Şalvoviç Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb, populyar müəllif mahnılarının ifaçısı kimi tanınıb.
   9 may 1936 - İngilis rejissoru və aktyoru Albert Finni (Albert Finney) anadan olub.
   9 may 1940 - Məşhur Amerika rejissoru, ssenarist Ceyms Bruks (James L. Brooks) anadan olub. “Zəriflik sözləri” (1983) filmi beş “Oskar” alıb. Məşhur “Simpsonlar” çizgi filmlərinin prodüseridir.
   
   10 may 1888 - Görkəmli Amerika kino bəstəkarı Maks Stayner (Maximilian Raoul Steiner; 1888-1971) anadan olub. Ən yaxşı kino musiqisinə görə üç dəfə “Oskar” alıb.
   10 may 1903 - Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.
   10 may 1926 - Rus dramaturqu, ssenarist Kirill İosifoviç Rapoport (1926-1983) anadan olub. “Azərbaycanfilm”in istehsalı olan “Qatır Məmməd” filminin (1974) ssenari müəllifidir.
   10 may 1931 - Məşhur İtaliya rejissoru və ssenaristi Ettore Skola (Scola) anadan olub. Filmləri: “İyrənc, çirkin və zalımlar”, “Bal” və s.
   10 may 1937 - Məşhur tacik aktyoru, SSRİ Xalq artisti Həşim Qadoyev anadan olub. Azərbaycanda “Dədə Qorqud” filmində (1975) Qazan xan rolunda çəkilib.
   10 may 1938 - Rus mənşəli fransız aktrisası (şair, müğənni və aktyor Vladimir Vısotskinin həyat yoldaşı) Marina Vladi (Polyakova-Baydarova) anadan olub.
   10 may 1946 - Ötən əsrin 60-cı illərinin populyar şotland müğənnisi Donovan (Donovan Leitch) anadan olub.
   
   11 may 1864 - İngilis yazıçısı Etel Lilian Voyniç (1864 - 28.7.1960) anadan olub. Polşa inqilabçısı M.Voyniçin həyat yoldaşı olub. Məşhur “Ovod” əsərini italyan xalqının XIX əsrin 30-40-cı illərindəki azadlıq mübarizəsinə həsr edib.
   11 may 1882 - Avstriya bəstəkarı və pedaqoqu Yozef Marks (1882-1964) anadan olub.
   11 may 1904 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 - 23.1.1989) anadan olub. Sürrealizimin banilərindən biridir.
   11 may 1916 - İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela, 1916-2002) anadan olub.
   11 may 1937 - Məşhur gürcü kinorejissoru, ssenarist Georgi Şengelaya doğulub.
   
   12 may 1842 - Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet, 1842-1912) anadan olub. Əsərləri: “Verter”, ”Tais” və s.
   12 may 1899 - Fransızdilli Belçika şairi Moris Karem (Maurice Careme, 1899-1978) anadan olub.
   12 may 1907 - Amerikanın əfsanəvi kinoaktrisası Ketrin Hepbern (Katharine Hepburn, 1907-2003) anadan olub. Kino tarixində ən çox - dörd dəfə «Oskar» mükafatına layiq görülüb.
   12 may 1909 - Rus şairi və yazıçısı Yuri Dombrovski (1909-1978) anadan olub. “Gərəksiz əşyalar fakültəsi” romanı ilə tanınıb.
   12 may 1930 - İspan kinorejissoru Xesus Franko (Jesus Franco Manera Cao) anadan olub.
   12 may 1933 - Tanınmış rus şari Andrey Andreyeviç Voznesenski (1933 - 1.6.2010) anadan olub.
   12 may 1942 - Amerikanın fantast yazıçısı Barri Lonqier (Barry Brookes Longyear) anadan olub.
   12 may 1966 - Məşhur amerikalı kinoaktyor Stiven Bolduin (Stephen Baldwin) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan