Mədəni-maarif tariximizdən:
   
   XIX əsrin sonundan etibarən Azərbaycanda mədəni-maarif işi canlanmağa başladı. Azərbaycanın bir sıra şəhərlərində yeni məktəblər açılırdı. Məktəblərin çoxalması ilə mədəni-maarif işinə tələbat da artmışdı. Azərbaycanın görkəmli maarifpərvər ziyalıları uşaqlar üçün faydalı qəzet və jurnallar, kitab və dərsliklər nəşr etmək üçün böyük səy göstərirdilər. 
      
   Çar hökuməti Rusiya imperiyasının əyalətlərində maarifçiliyin, mütərəqqi fikirlərin yayılmasına hər vəchlə qarşı olsa da, ziyalılarımız bu çətinlikləri fədakarlıqla dəf edirdilər. Azərbaycanda uşaq ədəbiyyatı, milli mətbuat, məktəb işi ləng də olsa, inkişaf edirdi. Görkəmli maarif xadimi Əli İsgəndər Cəfərovun təşəbbüsü ilə 1906-cı ildə “Dəbistan” adlı ilk uşaq jurnalının nəşrə başlaması da bu fədakarlığın nəticəsi idi.
   Əli İsgəndər Hacı Baba oğlu Cəfərov 1875-ci il oktyabrın 14-də Bakıda anadan olub. Mixaylov adına şəhər məktəbini bitirir, rus və fars dillərini mükəmməl öyrənir. 1897-ci ildə Bakıda İmperator Aleksandr adına III kişi gimnaziyasına Azərbaycan (türk) dili müəllimi təyin olunur. Məktəblərdə fars dilinin tədrisinin düzgün təşkili məqsədi ilə fars dilində mənsur və poetik əsərlərdən ibarət “Kilidi ədəbiyyat” adlı məcmuə tərtib edib nəşr etdirir. 1894-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda müsəlman əhali üçün ilk kitabxana açılır. 1895-1898-ci illərdə kitabxanaya Ə.İ.Cəfərov rəhbərlik edir.
   1901-ci ildə o, R.Əfəndiyevin tərtib etdiyi “Bəsirət-Ul-Ətfal”adlı türk dilində dərsliyi redaktə edərək nəşr etdirir. Bu həmin dövrdə ali dərəcəli şəhər məktəblərində yeganə dərs vəsaiti hesab olunurdu.
   1906-cı ilin 7 aprelində “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması milli mədəniyyət və mətbuat tariximizdə yeni səhifə açdı. “Molla Nəsrəddin”in təsiri ilə bir sıra nəşrlər fəaliyyətə başladı: “Dəbistan”, “Rəhbər” (1906), “Məktəb”, “Bəhlul”(1907) və s. Bu jurnallar Azərbaycanda uşaq ədəbiyyatının inkişafına geniş yol açır. Xüsusilə “Dəbistan” jurnalında dövrün qabaqcıl ziyalıları, yazıçıları ədəbi və pedaqoji fəaliyyətlərinin ən gözəl nümunələrini yaratmışlar.
   Görkəmli maarifpərvər ziyalı Ə.İ.Cəfərov “Dəbistan” jurnalının nəşrinə razılıq almaq üçün böyük zəhmət sərf edir. O, Bakı şəhər rəisinə ərizəsində yazırdı: “Bizdə Rusiyada xüsusi və ümumi müsəlman məktəblərində təhsil alan müsəlman uşaqlar üçün vaxtaşırı nəşriyyat olmadığından biz bir xalq müəllimləri kimi müsəlman uşaqlar üçün Azərbaycan dilində ayda bir dəfə nəşr olunacaq illüstrasiyalı “Dəbistan” adlı bir jurnalı faydalı hesab edirik”.
   Jurnalın nəşrinə icazə verilir. “Dəbistan”ın ilk nömrəsi 1906-cı il aprel ayının 16-da işıq üzü görür. Jurnal 1906-1908-ci illərdə (ayda 1 dəfə) Bakıda nəşr olunur. Son nömrəsi 1908-ci il mart ayının 10-da çıxır.
   Jurnal təlim-tərbiyə işində ailəyə kömək məqsədilə “Valideynə məxsus vərəqə” adlı əlavə ilə nəşr olunub. Burada uşaqların tərbiyə olunması haqqında valideynlərə nəsihətlər də verilirdi. “Dəbistan”ın çap olunmasında əsas məqsəd gənc nəsli-uşaqları maarifləndirmək, onlarda elmə-biliyə maraq oyatmaq, elmin müxtəlif sahələri ilə, Azərbaycan, həmçinin dünya ədəbiyyatı nümunələri ilə uşaqları tanış etmək idi. Jurnalın ilk sayının baş məqaləsində valideynlərə müraciətlə bildirilirdi ki, sinifdənxaric oxu və elmi cəhətdən faydalı olan məqalələrin, hekayələrin, tapmaca və bilməcələrin oxunması uşaqlar üçün çox faydalıdır.
   Jurnalda pedaqoji məsələlərlə yanaşı uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, görkəmli şəxsiyyətlərimizin, şairlərimizin, yazıçılarımızın həyat və yaradıcılıqları, elm və texnikada baş verən ən son yeniliklər, coğrafiya, fizika, heyvanat aləmi və s. haqqında yazılar dərc olunurdu.
   “Dəbistan”da Azərbaycan şair-yazıçılarının əsərləri ilə yanaşı, əcnəbi dillərdən (əsasən rus dilindən) tərcümə olunmuş nağıl və hekayələr, tarix və təbiətə, coğrafiya və səyahətə dair yazılar, pedaqoji, ədəbi hekayələr, məqalələr çap olunurdu. Jurnalın daha da maraqlı olması və geniş yayılması üçün son səhifələrdə müxtəlif məktublar, redaksiyaya cavablar, uşaq nağılları, təmsil və tapmacalar dərc olunurdu. Suallara, tapmacalara düzgün cavab tapan uşaqlara 3 ay ərzində jurnalın çapdan çıxan yeni nömrələri göndərilirdi. Jurnalın hər nömrəsinin sonunda lüğət verilirdi, burada ərəb və fars dillərində olan anlaşılmayan sözlərin mənaları yazılırdı.
   N.Nərimanov 1906-cı ildə “İrşad” qəzetində “Dəbistan”ın milli uşaq ədəbiyyatının, maarif işlərinin inkişafında fəaliyyətindən bəhs edərək yazırdı: “Bu vaxtadək uşaqlarımız kitabsızlıqdan zərərli, əqidəni pozan kitablar oxuyurdular, naəlac qalmışdırlar. “Dəbistan” isə bu növ kitabların aradan götürülməsinə səbəb olub, onun zəmanəmizə lazım olan məlumatlar verməyini gözləyirik”.
   “Dəbistan” dilinin sadə, xalqa yaxın olmasına çalışır, dil haqqında məqalələr dərc edir, çap olunan əsərlərdəki əcnəbi sözlərə aid lüğət və hər nömrəyə dair mündəricat verirdi. Tanınmış ədiblər uşaqlar üçün yazdıqları əsərləri jurnala göndərirdilər. Cəfərov böyük satirik şair Sabirlə görüşlərin birində ona müraciət edir ki, “Dəbistan”a bir töhfə kimi məktəbə dair şeir yazsın. Sabir dərhal stolun üstündən kağızlardan birini götürüb, cibindən karandaşın çıxarır. Əlüstü “Məktəb şərqisi” şeirini yazır və bu şeir “Dəbistan”ın növbəti nömrəsində dərc olunur:   

    Məktəb, məktəb nə dilguşəsən,
    Cənnət, cənnət desəm sazəsən,
    Şadəm, şadəm təfərriyində,
    Əlhəq, əlhəq güzəl binasən.
   
   Jurnalda S.M.Qənizadənin, H.Zərdabinin və bir çox başqa ədib və yazarların uşaqlar üçün əsərləri, rus ədiblərindən İ.Krılovun, A.Puşkinin, L.Tolstoyun əsərlərindən tərcümələr dərc olunur.
   İki ilə yaxın fəaliyyət göstərərək milli maarifçilik tariximizdə özünəməxsus iz qoyan “Dəbistan” jurnalı maddi sıxıntılar üzündən bağlandı. Ə.İ.Cəfərov artıq bağlanmaq ərəfəsində olan jurnalın axırıncı sayında yazırdı: “Oxucular, bəllidir ki, jurnalın axırıncı nömrəsi artıq gecikir. Mən işimi lazımı səviyyədə aparıram, bütün müsəlman əhalisi mənim işimə deyil, “Dəbistan”ın artıq qaçılmaz olan ölümünə, vəfatına acıyırlar. Bütün müsəlman cəmiyyəti dərin yuxudadır, hərəkətsizdir və çox baha da olmayan qəzeti almağa qadir deyildi. Və mən məcburiyyət qarşısındayam ki, öz həmvətənlərimin yuxudan oyanmasını gözləyim. Mən dərin təəssüflə öz istəkli balamın - “Dəbistan”ın həyatını bağlayıram. Tərəqqiyə gedən yolu dəstəkləmək asandır, ancaq onu yenidən bərqərar etmək çətindir”.
   M.Ə.Sabir “Dəbistan” jurnalının fəaliyyətini dayandırması ilə bağlı acı təəssüf hissi ilə bu şeiri yazmışdı:
   
   Əlminnətü-lillah ki, "Dəbistan"da qapandı!
   Bir badi-xəzan əsdi, gülüstan da qapandı!
   
   Hasilləri puç oldu bütün məzrəəcatın,
   Yel vurdu qovun-qarpızı, bostan da qapandı!
   
   "Ülfət" kəsilib toxdadı "Bürhani-tərəqqi",
   Məhv oldu "Həmiyyət", ədəbistan da qapandı!
   
   "Rəhbər" yorulub, yuxladı "İrşad", "Təkamül",
   Aslanlara ox dəydi, neyistan da qapandı!
   
   Meydani-rəqabətdə bizim himmətimizdən
   Dəva qapanıb Rüstəmi-dəstan da qapandı!
   
   Ətfali-vətən qoy bağırıb ölsün acından,
   Yandı analar sinəsi, püstan da qapandı!
   
   Qoy köhnələrin daş ürəyi gül tək açılsın,
   Darüzzəfəri-tazəpərəstan da qapandı!   

   “Dəbistan”ın bağlanmasından sonra Ə.İ.Səfərov maarifçilik fəaliyyətini davam etdirir. Qeyd edək ki, o, 1906-1908-ci illərdə Bakıda müsəlmanlar arasında savadlılığın yayılmasında rol oynamış “Nəşri-Maarif” adlı cəmiyyətin təşkilində fəal iştirak etmişdi. “Nəşri-Maarif cəmiyyəti” məktəblərə maddi yardım göstərir, yeni ibtidai məktəblər, kitabxanalar, qiraətxanalar açır, yetim, yoxsul uşaqların təhsil xərclərini ödəyirdi. Bilavasitə Ə.İ.Səfərovun iştirakı ilə Bakı və ətraf kəndlərdə 18 məktəb açılmışdı. Bunlardan ikisi Balaxanıda və Zabratda kəndlilər üçün açılan qızlar məktəbi idi.
   Azərbaycan sovetləşdirildikdən sonra Ə.İ.Səfərovun rəhbərliyi altında “Kommunizm əlifbası”, “Füqara-Füyuzati” adlı jurnal və bir çox başqa inqilabi ədəbiyyat nəşr olunur. 1921-ci ildə Xalq Təhsil Komissarlığının əmri ilə Cəfərov dərsliklərin və dərs vəsaitlərinin tərtib edilməsi üçün komissiyanın üzvü təyin edilir. Uşaqlar üçün türk dilində çap olunan “Maarif” adlı jurnalın nəşri üzrə kollegiyanın üzvü olur. Xalq Təhsil Komissarlığı ona böyük şair Sabirin “Hophopnamə” adlı əsərlər toplusunun redaktə və illüstrasiyalaşdırılması üzrə xüsusi tapşırıq verir və o, qiymətli əməyinə görə mükafatlandırılır.
   1923-1926-cı illərdə Ə.İ.Cəfərov “Azərbaycan” nəşriyyatında işləyir, dərs vəsaitlərinin nəşrində fəal iştirak edir. “Azərbaycan” nəşriyyatının tapşırığı ilə o, 1925-ci ildən başlayaraq 1932-ci ilə qədər türk-rus təqvimini tərtib edir. O həmçinin 1925-ci ildə türk əlifbası əsasında SSRİ-nin coğrafi xəritəsini hazırlayır, orta məktəblərdə işlədilən 3000-ə yaxın terminin tərcüməsini yerinə yetirir.
   Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Əli İsgəndər Cəfərovun uzun müddət pedaqoji, mədəni-maarif fəaliyyətini yüksək qiymətləndirərək ona 1933-cü ildə “Əmək qəhrəmanı” fəxri adı verir.
   
   Zərifə Babayeva,
   Dövlət Tarix Arxivinin əməkdaşı