Azərbaycan tərəfi “5 A-Mədəniyyətlərarası Əməkdaşlıq Platforması” təklifi ilə çıxış edəcək
   
   Xəbər verdiyimiz kimi, aprelin 7-8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Belə bir mötəbər forumun keçirilməsi təşəbbüsünün əsası 2008-ci ilin dekabrın 2-3-də Bakıda keçirilən Avropa və İslam Konfransı Təşkilatı ölkələri mədəniyyət nazirlərinin konfransında qoyulub. Konfransda prezident İlham Əliyev tərəfindən irəli sürülmüş müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünün davamı olaraq Bakıda ilk dəfə olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
   Bakının bütün qitələr və dünya xalqları mədəniyyətlərinin ab-havasına köklənəcəyi əsas götürülərək forumda Azərbaycan tərəfdən “5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması”nın əsasının qoyulması təklifinin irəli sürülməsi nəzərdə tutulur. Tədbirdə təmsil olunacaq Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində “A” hərfi ilə başlandığı nəzərə alınaraq rəmzi olaraq yeni platformanın adı “5 A” kimi təklif edilir.
   * * *
   Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi sessiyaları və tədbirləri ilə yanaşı, xüsusi mədəni proqram da təşkil ediləcək. Bu proqram da bilavasitə mədəniyyətlərarası dialoq mövzusuna həsr olunacaq.
   Mədəni proqram çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın Federal Təhsil, İncəsənət və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığıyla “Yəhudi, xristian və müsəlmanlar: mədəniyyətlərarası dialoq ən qədim yazılarda” adlı sərgi keçiriləcək. Sərgidə ən qədim əlyazmalar nümayiş etdiriləcək. Artıq Avstriyanın Azərbaycandakı səfirliyi ilə bu istiqamətdə iş aparılır. Eyni zamanda, tədbir çərçivəsində UNESCO, Avropa Şurası və AŞ-ın Sivilizasiyalar Alyansının birgə sərgisi açılacaq.