Azərbaycan
   
   14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 - 16.11.1852, Tiflis) Gəncədə anadan olub. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas-səyyah Fridrix Bodenştedtlə tanış olur. Şair ona öz qəzəllərini hədiyyə edir. Bodenştedt onları tərcümə edərək öz imzası ilə nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfi Vazehə məxsus olduğunu etiraf edir.
   14 iyun 1888 – İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib. 1938-ci ildə repressiya olunub, 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat edib.
   14 iyun 1926 - Xalq artisti, məşhur tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 - 15.8.1994) anadan olub. 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək kollektivin bədii rəhbəri olub.
   14 iyun 1947 - Bəstəkar, Əməkdar incəsənət xadimi, Xalq artisti Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub. Piano və simfonik orkestr, piano və kamera orkestri üçün konsertlərin, “Atatürk” odası, «Vətən» oratoriyası, caz kompozisiyaları, mahnıların müəllifidir.
   
   15 iyun - Azərbaycanda Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Azərbaycanda vətəndaş qarşıdurmasının yaşandığı böhranlı zamanda Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçilib. 24 iyunda parlamentin qərarı ilə prezident səlahiyyətlərinin icrası Heydər Əliyevə həvalə edilib. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması tarixi zərurət və zamanın tələbi idi. Bu qayıdış Azərbaycanda sabitlik və dövlətçiliyi bərqərar etdi. 1997-ci il iyunun 27-də Milli Məclis 15 iyunu rəsmi bayram - Milli Qurtuluş Günü elan etdi.
   15 iyun 1918 - Tanınmış bəstəkar, pedaqoq, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918 - 7.4.2005) Dərbənddə anadan olub. 1932-ci ildə Bakıya gəlib. Dövlət Radiosu nəzdində Üzeyir Hacıbəylinin rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyətə başlayır. Dövlət Konservatoriyasında bəstəkarlıq təhsili alır. İlk dəfə tar ilə orkestr, kamança ilə orkestr üçün konsertlər yazıb. Simfoniya və süitaların, “Bir dəqiqə”, “Bütün ərlər yaxşıdır” musiqili komediyalarının, 150-dən çox mahnının (“Yadıma düşdü”, “Gözünə qurban”, “Getmə, amandır” və s.) müəllifidir.
   15 iyun 1924 - Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə; 1924 - 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində doğulub. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub, şeirlərinə çoxlu mahnılar bəstələnib. Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) olub.
   15 iyun 1934 - Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934-2003) Laçın rayonunun Mollaəhmədli kəndində anadan olub. AMEA-nın Şərqşünaslıq İnstitutunun «İran ədəbiyyatı» şöbəsində, Nizami adına Ədəbiyyat İnstitutunda işləyib.
   15 iyun 1945 - Görkəmli aktrisa, teatr xadimi, Xalq artisti Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən çalışdığı Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra rəhbərlik edir. “Arxadan vurulan zərbə” (Ziba), “Qərib cinlər diyarında” (Zərrintac), “Babək” (Zərnisə), “Gözlə məni” (Fəxrəndə), “Cavad xan” (Darya) və s. filmlərdə çəkilib. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, sənətşünaslıq elmləri doktorudur.
   15 iyun 1949 - Əməkdar incəsənət xadimi, xor dirijoru Rəfail Musa oğlu Kərimov anadan olub.
   15 iyun 1992 - Tanınmış telejurnalist Çingiz Mustafayev Dağlıq Qarabağın Naxçıvanik kəndi yaxınlığında Azərbaycan və erməni hərbi qüvvələrinin döyüşünü lentə alan zaman həlak olub. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
   
   16 iyun 1888 - Xalq artisti, aktyor Hacıağa Abbasov (1888-1975) Bakının Maştağa kəndində doğulub. H.Abbasovun səhnə fəaliyyətinin mühüm hissəsi 1921-ci ildə özünün yaratdığı və rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı ilə bağlıdır. 1927-1929-cu illərdə Akademik Milli Dram Teatrına, 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir. 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görülüb.
   16 iyun 1939 - Şair, ədəbiyyatşünas, filosof, ictimai xadim Rəfiq Zəka Xəndan (1939 - 7.1.1999) anadan olub. "Çağlayan" adlı ilk şeir kitabı 1962-ci ildə nəşr olunub. “Baharın heykəli”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir. "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının mətnini yazıb. Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm xidmətlər göstərib.
   
   Dünya
   
   14 iyun 1811 - Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. Yazıçının ən məşhur əsəri olan “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.
   14 iyun 1835 - Məşhur yəhudi pianoçusu və dirijoru, pedaqoq Nikolay Qriqoryeviç Rubinşteyn (1835-1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir.
   14 iyun 1933 - Rus kinorejissoru, ssenarist Vladimir Krasnopolski (əsl soyadı Ledov) anadan olub. “Kölgələr günorta yox olur”, “Əbədi çağırış”, “Yermak” teleseriallarının müəlifidir.
   14 iyun 1956 - Məşhur rus kinoaktrisası Yelena Safonova anadan olub. “Qış albalısı”, “Qara gözlər”, “Taksi-blüz” və s. filmlərdə çəkilib.
   
   15 iyun 1594 - Fransız rəssamı, klassizm cərəyanının tanınmış nümayəndəsi Nikola Pussen (Nicolas Poussin, 1594-1665) anadan olub.
   15 iyun 1843 - Görkəmli Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub. “Per Günt” süitasının, 600-dən çox mahnı və romansın müəllifidir.
   15 iyun 1920 - İtalyan kinoaktyoru və rejissoru Alberto Sordi (Alberto Sordi, 1920-2003) anadan olub. Filmləri: “İtaliyalı Amerikada”, “Taksi sürücüsü Nyu-Yorkda”, “Mən bilirəm ki, sən bilirsən ki, mən bilirəm” və s.
   15 iyun 1936 - Rusiyanın Xalq artisti, tanınmış teatr və kino aktyoru Mixail Mixayloviç Derjavin anadan olub.
   15 iyun 1946 - Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos) Misirin İsgəndəriyyə şəhərində doğulub.
   15 iyun 1954 - Alban əsilli Amerika aktyoru və rejissoru Ceyms Beluşi (James Adam Belushi) anadan olub. “K-9”, “Qırmızı hərarət” və s. filmlərdə çəkilib.
   
   16 iyun 1313 - İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Təxminən 100 povest və hekayədən ibarət məşhur «Dekameron» əsərinin müəllifi kimi dünya şöhrəti qazanıb.
   16 iyun 1754 - Məşhur başqırd şairi Salavat Yulayev (1754-1800) anadan olub. Ədəbi yaradıcılığı ilə yanaşı, rus üsyançısı Yemelyan Puqaçovun silahdaşlarından biri kimi tarixə düşüb.
   16 iyun 1871 - Rus filosofu, yazıçı, publisist Sergey Nikolayeviç Bulqakov (1871-1944) anadan olub. “Təsərrüfatın fəlsəfəsi”, “Adın fəlsəfəsi” və s. əsərlərin müəllifidir.
   16 iyun 1937 - Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub. Ən məşhur əsəri olan “Məhəbbət tarixçəsi” povesti 20-dən çox dilə tərcümə olunub, povest əsasında eyniadlı film çəkilib.
   16 iyun 1950 - Məşhur hind kinoaktyoru Mithun Çakroborti (Mithun Chakraborty) anadan olub. 1982-ci ildə ekranlara çıxan “Disko rəqqası” filmi (Cimi) ilə böyük şöhrət qazanıb. “Üç muşketyor kimi”, “Oyna, oyna” və s. - ümumilikdə 200-dən çox filmə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan