Professor Anar İsgəndərovun kitabı ABŞ-da nəşr olunub
   
   Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərovun “Azərbaycan həqiqətləri: 1917-1920-ci illər” (“Realities of Azerbaijan: 1917-1920”) kitabı Amerika Birləşmiş Ştatlarında nəşr olunub. 
   Kitaba türk-erməni araşdırmaları üzrə görkəmli mütəxəssis, tarix elmləri doktoru, professor Castin Makkarti ön söz yazıb.
   Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması, onların Osmanlı imperiyasının tərkibində fəaliyyəti, 1918-1920-ci illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən, Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiya, Maku və Xoyda türk-müsəlman əhalisinə qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımları, Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam Ordusunun Azərbaycana xilaskar yürüşü, Azərbaycan parlamentinin təşkili, Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti, 1920-ci il aprelin 28-də Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı və s. mövcud arxiv sənədləri və Qərb müəlliflərinin əsərləri əsasında tədqiq edilib.
   1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, işğalçı siyasəti, o cümlədən BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qətnaməsi də kitabda əksini tapıb.
   Professor C.Makkarti etiraf edir ki, Azərbaycanın 1917-1920-ci illər tarixi sovet dönəmində tədqiqat mövzusu olmadığına görə Qərb oxucusu bu problemlərdən xəbərsizdir. Kitabın ABŞ-da nəşr olunması Qərb oxucularına Azərbaycanda həmin illərdə baş verən proseslərlə obyektiv və qərəzsiz tanış olmağa imkan verəcək.
   Kitab ABŞ-ın ən nüfuzlu təşkilatlarına, o cümlədən, konqres kitabxanasına təqdim olunub.