Azərbaycan
   
   24 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin 9 noyabrında qəbul edildi.
   24 iyun 1939 - Azərbaycan (türk) əsilli İran yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (1939 - 31.8.1968) Təbrizdə anadan olub. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib. İtaliyada (Bolonya) Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Araz çayında müəmmalı şəraitdə boğulub. "Məhəbbət nağılı" adlı kitabı Bakıda (1987) nəşr edilib.
   24 iyun 1955 - Görkəmli jurnalist, ictimai-siyasi xadim Nəcəf Nəcəfov (1955- 17.12.1999) anadan olub. 1986-1988-ci ildə “Molodyoj Azerbaydjana”, 1989-1992-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru olub. Azərbaycan Ali Sovetinin (1990-1995) deputatı olub, 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə (ölümündən sonra) təltif olunub.
   
   25 iyun 1907 - Xalq artisti, tanınmış aktrisa Sona Salman qızı Hacıyeva (1907 - 24.12.1979) Şəkidə doğulub. Səhnə fəaliyyətinə 1920-ci ildə Bakıda Əli Bayramov klubu nəzdindəki dram dərnəyində başlayıb, 1923-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrının aktrisası olub. «Bəxtiyar» filmində Zəhra xala rolu ilə məşhurlaşıb, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, "Səhər" filmlərində çəkilib.
   25 iyun 1930 - Şair Şərif Yusif oğlu Tahirli Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Satirik şeirlərin, “Şikayətnamə”, “Babam yaxşı kişi olubdu”, “Ürəyimin güzgüsü” və s. kitabların müəllifidir.
   25 iyun 1940 - Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) anadan olub. Uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şirkətinin solisti olub.
   25 iyun 2002 - "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.
   
   26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Generallar Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, Süleyman Sulkeviç Baş Qərargah rəisi təyin edildilər. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilib.
   
   26 iyun 1915 - Rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 - 14.3.1974) anadan olub. Uzun müddət Akademik Milli Dram Teatrında çalışıb.
   26 iyun 1929 - Həkim-yazıçı Nurəddin Məmmədbağır oğlu Rzayev Gədəbəy rayonunda doğulub.
   26 iyun 1949 - Rejissor, Xalq artisti Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda doğulub. Leninqrad (Sankt-Peterburq) Dövlət Teatr, Musiqi, Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra 1975-1977-ci illərdə Qroznı şəhərində (Çeçenistan) M.Lermontov adına Dövlət Rus Dram Teatrında çalışıb. 1977-1981-ci illərdə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru olub. 1981-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
   
   27 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.
   27 iyun 1924 - Xalq artisti, məşhur aktyor Məlik Yusif oğlu Dadaşov (1924 - 3.12.1996) anadan olub. 1950-ci ildən Akademik Milli Dram Teatrında işləyib. Teatr səhnəsində (“Otello”da Yaqo, “Maqbet”də Maqbet, “Ölülər”də Şeyx Nəsrulla və s.), televiziya tamaşalarında (İ.Əfəndiyevin “Atayevlər ailəsi”ndə Atayev) yaddaqalan rollar oynayıb. Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib. Kinoda zəngin obrazlar (“Dəli Kür”də Molla Sadıq, “26 Bakı komissarı”nda Əzizbəyov, “Birisigün gecə yarısı”nda Nəriman Nərimanov, “Axırıncı aşırım”da Qəmlo, “Fəryad”da Aram Xaçaturyan və s.) qalereyası yaradıb.
   
   28 iyun 1842 - Görkəmli maarifçi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) anadan olub. 1875-ci ildə «Əkinçi» qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycan müəllimlərinin birinci qurultayının sədri (1906) olub.
   28 iyun 1914 - Xalq artisti, teatr və kino aktrisası Barat Şəkinskaya (1914 - 14.1.1999) Şuşada anadan olub. 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrında çalışıb. “Görüş” (Şövkət), “O olmasın, bu olsun” (Sənəm), “Qızmar günəş altında” (Sərdarovun arvadı), “Onun bəlalı sevgisi” (Nənə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   28 iyun 1925 - Xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədov (1925-1994) anadan olub.
   28 iyun 1935 - Xalq artisti, rejissor Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədi rayonunda doğulub. 1956-1963-cü illərdə Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. Sumqayıt Dram Teatrında direktor, Musiqili Komediya Teatrında, Opera və Balet Teatrında, Gənc Tamaşaçılar Teatrında, Milli Dram Teatrında rejissor, quruluşçu rejissor kimi çalışıb. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   
   Dünya
   
   24 iyun 1842 - Amerika yazıçısı Ambroz Birs (Ambrose Gwinnett Bierce; 1842-1914) anadan olub. Qorxulu əsərlərin (“İnsan və ilan”, “Müvafiq şərait”, “Lənətlənmiş heyvan” və s.) müəllifi kimi tanınıb. “Şeytan lüğəti” adlı acı aforizmlər toplusu tərtib edib.
   24 iyun 1901 - SSRİ-nin Xalq artisti, teatr və kino aktyoru İqor İlyinski (1901-1987) anadan olub. “Volqa-Volqa” (Bıvalov), “Karnaval gecəsi” (Oqursov) və s. filmlərdə komik obrazlar yaradıb.
   24 iyun 1912 - Rusiyanın Xalq artisti, komediya aktyoru Sergey Filippov (1912-1990) anadan olub. Fimləri: “12 stul” (İppolit Vorobyaninov), “İvan Vasilyeviç peşəsini dəyişir” (İsveç səfiri) və s.
   24 iyun 1930 - Fransız rejissoru Klod Şabrol (Claude Chabrol; 1930-2010) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın tanınmış nümayəndələrindən biridir, “Yaraşıqlı Serj”, “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.
   
   25 iyun 1709 - İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.
   25 iyun 1903 - Məşhur ingilis yazıçısı Corc Oruell (George Orwell - Eric Arthur Blair, 1903-1950) anadan olub. Rusiyadakı 1917-ci il inqilabına alleqoriya olan “Heyvanıstan” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.
   25 iyun 1963 - Yunan əsilli məşhur ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael, əsl adı Georgios Kyriakos Panayiotou) anadan olub.
   25 iyun 2009 - Dünya şöhrətli müğənni, pop musiqisinin ulduzu Maykl Cekson (Michael Jackson; 29.8.1958 - 2009) vəfat edib.
   
   26 iyun 1763 - İngilis rəssamı Corc Morland (George Morland; 1763-1804) anadan olub.
   26 iyun 1892 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1938) laureatı Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.
   26 iyun 1927 - Tanınmış kinorejissor, Rusiyanın Xalq artisti Vladimir Motıl (1927-2010) anadan olub. “Səhranın bəyaz günəşi”, “Sayrışan xoşbəxtlik ulduzu” və s. filmləri çəkib.
   26 iyun 1950 - Eston müğənnisi, ötən əsrin 70-80-ci illərində sovet estradasının ulduzlarından olmuş Yaak Yoala anadan olub.
   
   27 iyun 1940 - Məşhur aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelnitski (1940-2008) anadan olub. “Robin Qudun oxları” (Robin Qud), “Qırmızı çadır”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.
   27 iyun 1941 - Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.
   27 iyun 1955 - Fransız aktrisası İzabel Adjani (Isabelle Yasmine Adjani) anadan olub. Filmləri: “Adeliya Hüqonun əhvalatı”, “Bronte bacıları”, “Kraliça Marqo” və s.
   27 iyun 1983 - Rusiyanın populyar estrada müğənnisi Alsu (Alsu Rafilovna Safina) anadan olub.
   
   28 iyun 1577 - Görkəmli Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens, 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.
   28 iyun 1712 - Görkəmli fransız yazıçı və mütəfəkkiri, musiqişünas, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanlarının, “İctimai müqavilə”, “Düşüncələr” və s. fəlsəfi əsərlərin müəllifidir.
   28 iyun 1867 - İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1934) laureatı Luici Pirandello (Luigi Pirandello, 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” romanları, “Liola” , “Hər kəs özünə görə”, “IV Henrix” və s. pyeslər.
   28 iyun 1871 - Rus filosofu, yazıçı, publisist Sergey Nikolayeviç Bulqakov (16 (28) 1871-1944) anadan olub. “Təsərrüfatın fəlsəfəsi”, “Adın fəlsəfəsi”, “Fəlsəfənin faciəsi” və s. əsərlərin müəllifidir.
   28 iyun 1949 - Tanınmış rus aktyoru və rejissoru Aleksandr Pankratov-Çernı anadan olub. “Biz cazdanıq”, “Qaqrada qış axşamları” və s. filmlərdə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan